Yəhudilərin xilaskarı olan iranlı Şindler kim idi - Azərbaycanlı Sərdari Qacar tarixdə öz layiqli qiymətini alacaqmı?

24-02-2020, 02:54           
Yəhudilərin xilaskarı olan iranlı Şindler kim idi -
Teref.az:Əbdülhüseyn xan Sərdarinin nəsil-nəcabəti haqqında qısa məlumat verək. O, Qacar elinin Qovanlı oymağının Musaxanlı tayfasındandır. Musaxanlı tayfasının bir qolu Qəzvin şəhərində butalanmışdı. Bu qola tarixi ədəbiyyatda Qəzvin qacarları deyilir.
Qəzvin qacarlarından Əmir Məhəmməd xan Ağaməhəmməd şah Qacara dəstək verdiyindən irəli çəkilmiş, yüksək vəzifələr tutmuşdu. Əmir Kəbir-böyük əmir ləqəbi daşıyırdı.

Əmir Məhəmməd xan bir nеçə arvadla ailə qurmuşdu. Hüsеynqulu xan, Həsənqulu xan, Sülеyman xan adlı оğulları, Asiya xanım və Mürəssə xanım adlı qızları vardı.
Böyük oğlu Hüseynqulu xan Qovanlı-Qacar 1800-1802-ci illərdə Qəzvinin, 1802-1807-ci illərdə Xоrasanın, 1807-1827-ci illərdə İrəvanın valisi оlmuşdu.
İkinci oğlu Həsənqulu xan Qovanlı-Qacar tarixi ədəbiyyatda "Sarı Aslan" ləqəbi ilə tanınır. 1827-ci ilədək İrəvan xanlığının baş sərkərdəsi olmuşdu.
1828-ci ildə Fətəli şah Qacar Sərdar Həsən xanı Xorasanda baş vermiş ixtişaşları yatırmaq üçün göndərdi. Əyalətdə ciddi nizam - intizam yaradan Sərdar Həsən xan 1830-cu ilədək orada hökuməti idarə etdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırdı. Yolda Həsən xan müqəddəs yerlər olan Ətbata (İraq) getdi. Bir müddət sonra o, Tehrana gəldi. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və Bəlucistanda hakim olur.
Rusların qənimi, məşhur Azərbaycan sərkərdəsi Həsən xan Qacar 1855-ci ildə Kirmanda ürək xəstəliyindən vəfat edib. Müqəddəs Nəcəf şəhərində dəfn olunub.
Həsən xan Mahrüxsar xanımla ailə qurmuşdu. Əbdülhüseyn xan, Əbülfət xan adlı оğlanları, bir neçə qızı vardı.

Əbdülhüseyn xan Həsən xan oğlu Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsili almışdı. Nasirüssəltənə, Fəxrülmülk ləqəblərini daşıyırdı. Məhəmməd şah və Nasirəddin şaha xidmət etmişdi. O. 1882-ci ilin əvvəlində Fəxrülmülk ləqəbinə layiq görülür, amma Nasirəddin şah 1889-cu ildə ondan bu ləqəbi alaraq, 200 əşrəfi peşkəş əvəzinə həmin ləqəbi Əbülhəsən xana verir. Bunun səbəbi o olur ki, Əbdülhüseyn xan şahın Avropa səfərini bir qədər uzatmışdı, bu da şahı qəzəbləndirmişdi. Şah onun ləqəbini, tiyul torpağını da əlindən alınması barədə göstəriş vermişdi. Məlum olur ki, Əbdülhüseyn xan Avropada olarkən Mirzə Mülküm xanla birlikdə Qacarlar dövləti əleyhinə məqalələr yazaraq qəzetlərdə dərc etdirmişdi. Buna baxmayaraq Əbdülhüseyn xan 1891-ci ildə Avropadan İrana qayıdır və şah tərəfindən bağışlanır. Onun Şirazda olan tiyul torpaqları da, Nasirüssəltənə ləqəbi də özünə qaytarılır.Bu vaxtdan etibarən Əbdülhüseyn xan Küfri kimi məşhur olur. (Bamdad, II, s.244)

Əbdülhüseyn xanın Yusif xan, Süleyman xan adlı oğlanları vardı.
Əbdülhüseyn xanın ikinci oğlu Süleyman xan 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı, Ədibüssəltənə ləqəbini daşıyırdı.

Mirzə Süleyman xan Mirzə Yəhya xan Müşirəddövlənin qızı Əfsərüssəltənə xanımla ailə qurmuşdu. Əbdülhüseyn xan adlı oğlu, Banu xanım adlı qızı vardı.

Əbdülhüseyn xan Mirzə Süleyman xan oğlu Sərdari Qacar 1895-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini ev şəraitində almışdı. Sonra mədrəsədə oxumuşdu. Ərəb, fars, ingilis, fransız və rus dillərini bilirdi. Ali təhsilini İsveçrədə, Cenevrə Universitetində almışdı. Xarici İşlər vəzarətində kargüzar kimi fəaliyyətə başlamışdı. 1940-cı ildə Fransada, İranın Parisdəki səfarətində kardar kimi məsul postu tutmuşdu.

Əbdülhüseyn xan Sərdari Qacar ikinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır.

1940-cı ilin sentyabrında Nasist işğalçı qüvvələri Fransanın bütün yəhudilərinə polis qeydiyyatından keçməyi əmr etdi. Əbdülhüseyn xan Sərdari Qacar Vichy hökumətinə məktub göndərərək, o zaman Fransada yaşayan Fars yəhudilərinin əslində mədəniyyətdə və qarışıq nikahlarla farslar tərəfindən yüksək səviyyədə assimilyasiya edildiyini və yəhudi hesab edilməməsi lazım olduğunu ifadə etdi.O, yazırdı: "Araşdırmaya əsasən, yəhudilər yəhudi cəmiyyətinə yalnız yəhudiliğin əsas ayinlərinə riayət etməklə aiddirlər, onların qanı, dili və onların adət-ənənələri sayəsində onlar yerli irqə mənsubdurlar və qonşu, fars və sartlar kimi eyni bioloji tərkibə malikdir (Özbəklər) ".

1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı. İranla müttəfiqlər arasında müqavilə imzalandıqdan sonra Sərdariyə mümkün qədər tez bir zamanda evə dönməyi əmr etdilər. Buna baxmayaraq, o, Parisdə qalmağa qərar verdi və yenə də öz köməyini əsirgəmədi. Sərdarinin nasist ideoloqları ilə yazışmaları var ki, bunlar da F.Muxtarinin "Aslanın kölgəsində" kitabında öz əksini tapmışdır. O, yazır ki, "fars hökmdarı Kir yəhudiləri Babil əsarətindən xilas edərək İrana gətirir. Bu zaman bir çox iranlı Musanın kitabı ilə tanış olur və bu təlimə yiyələnir. Ancaq bunların yəhudilərlə bir bağlılığı yoxdur və xüsusi qrup olaraq "Djuguten" ("Cuhud”) adlanır".

İnadlı yazışmalardan sonra Əbdülhüseyn xan Sərdari Qacar nəhayət planının həyata keçirilməsinə nail oldu. Fransanın bütün yəhudiləri Davudun sarı ulduzunu qollarında gəzdirməyə məcbur ediləndə və 75.000 yəhudi Nasist ölüm düşərgələrinə göndərildikdə, İranlı yəhudilərə bir istisna edildi. Bundan əlavə, Əbdülhüseyn xan Sərdari Qacar hökumətinin razılığı olmadan yəhudilərə yeni İran pasportlarını verməyə başladı, bu da onlara Avropanı tərk etməyə imkan verdi. Bu riskli aksiya sayəsində təxminən 3000 yəhudi həyatını qurtara bildi. İran dövlətinin adından verilən bu pasportlar bütün ailələr və onların dostları üçün verilmişdir.
Əbdülhüseyn xan Sərdari ömrünün sonlarını İngiltərədə, diplomat məvacibindən və İrandakı mülkündən məhrum olunmuş şəkildə yaşadı və 1981-ci ildə Nottingemdə dünyasını dəyişdi.
2004-cü ildə Əbdülhüseyn xan Sərdari Qacarın bu alicənab hərəkəti çox sayda onun xilas etdiyi yəhudinin yaşadığı, Los-Ancelesdəki Simon Wiesenthal Mərkəzi tərəfindən təntənə ilə yad edildi. Bəzi yəhudi təşkilatları da bu cəsarətli azərbaycanlının xatirəsini yad etdilər. "Ümid edirəm ki, Simon Wiesenthal Mərkəzi, ABŞ-ın Holokost Memorial Muzeyi və digər yəhudi təsisatları nəhayət Sardari Qacarın etdiyinin qiymətini verəcək və onun azərbaycanlı köklərini qeydedərək əbədiləşdirəcəklər."
"0 dərəcəli N dairəsi" teleserialı qismən də olsa Əbdülhüseyn xan Sərdarinin fəaliyyətindən bəhs edir.

Ənvər Çingizoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.