Özbək xanın xanımı ilə Konstantinapola gələn, Orxan Qazi ilə görüşən dünya səyyahı İbn Bəttuta

17-03-2020, 14:48           
Özbək xanın xanımı ilə Konstantinapola gələn, Orxan Qazi ilə görüşən dünya səyyahı İbn Bəttuta
İbn Bəttuta 66 illik ömründə üç qitədə varlığı bilinən o dövrün ən mühüm mədəniyyət mərkəzlərinə səyahət etmişdir. “Səyahətnamə” (Rihlə) olaraq bilinən məşhur əsərinin tam adı belədir: “Tuhfətun Nuzzar fi Garaibil-Əmsar və Əcaibil-Əsfar”. İbn Bəttuta sanki bu əsərində bizim üçün XIV əsr İslam dünyasından video kardlar göndərir, hər tərəfli bir şəkildə gəzdiyi, getdiyi yerləri bizə tanıdır. İbn Bəttutanın həyatı və şəxsiyyəti haqqındakı bilgilərin əsas qaynağı da məhz onun bu əsəridir.
Yeniavaz.com xəbər verir ki, səyahətləri boyunca İbn Bəttutanı təəccübləndirən məqamlardan biri Türk ellərində qadınların cəmiyyət içərisindəki üstün sosial mövqeyə sahib olmaları idi. İbn Bəttuta Anadoluda qadınların bir süvari tək at çapdığını, bazarda ön sıralarda alış-veriş etdiklərini qeyd etmişdir. Həmçinin İbn Bəttutanın müşahidələrinə görə Özbək xanın ölkəsində əsilzadə qadınlar sosial fəaliyyətlərdə ərlərindən elə də geri qalmırdılar.
İbn Bəttutanın “Səyahətnamə” əsəri sosial və mədəni tarix baxımından geniş və dəyərli bilgilər verir, oxucunun önünə sanki geniş və çox rəngli bir dünya tablosu təqdim edir. İbn Bəttutanın xüsusilə Anadolu, Türküstan və Misir bölgəsindəki ölkələr haqqında verdiyi bilgilər digər qaynaqlarla təsdiq edilmişdir. “Səyahətnamə”də İbn Bəttutanın gəzib gördüyü cəmiyyətlərin sosial həyatı, adətləri, inanc və mərasimləri, yeməkləri, dini öndərləri, bayram və matəm günləri, geyimləri və s. o dövrün insanlarına aid hər mövzuda bilgi verilmişdir.

Səyahət kitabları ümumi olaraq həyəcan vericidir. Bu cür əsərlərdə müəllif dünyanı, fərqli mədəniyyətləri öz baxış bucağından insanlara təqdim edir. “Səyahətnamə” tipli əsərləri oxuyanda insan dünyaya o dövrün ruhuyla baxmağa başlayır. Əslində belə əsərlər tarix kitablarından oxuya bilməyəcəyimiz bilgilər və baxış bucağı qazandırır. Səyahətnamələr sanki tarixə toxunur, oxucunu o dövrlə birbaşa təmasa keçirir.
İbn Bəttutanın İstanbulu (Konstantinapol) görməsinə səbəb olan maraqlı bir hadisə yaşanmışdır. İbn Bəttuta səyahətlərinin birində Özbək xanının üçüncü xanımı şahzadə Bəyəlun ilə söhbət etmiş, başından keçənləri, gördüklərini ona danışmışdır. Bəyəlun İbn Bəttutanın evindən, yurdundan çox uzaqlarda yaşadığı bu heyratamiz hadisələrdən çox təsirlənmiş, əlindəki yaylıqla axan göz yaşlarını silmiş, bir müddət şəfqət və acı ilə ağlamışdı. Əslində Özbək xanın xanımı şahzadə Bəyəlun da başqa bir diyarda, məmləkətindən uzaqda olmanın nə demək olduğunu çox yaxşı bilirdi. Çünki o, Bizans İmperatoru III Andronikos Paleologosun qızı idi və buraya gəlin olaraq gəlmişdi. Bu qarışıq duyğuları yaşayarkən eyni zamanda hamilə olan şahzadə Bəyəlun uşağını İstanbulda, atasının sarayında dünyaya gətirmək üçün Özbək xandan icazə istədi. İbn Bəttuda da şahzadəni müşayiət etmək üçün Özbək xandan icazə almağa nail oldu (İbn Bəttuta, Rihlə, I, 379).

Beləliklə İbn Bəttuta şahzadə Bəyəlunu müşayiət etmək məqsədilə İstanbula (Konstantinapola) göndərilir. Qeyd edək ki, məşhur səyyah İbn Bəttutanın İstanbul səyahəti bu tarixi şəhərin hələ Osmanlıların fəthindən əvvəl, Bizans torpağı ikən baş tutmuşdur. O bu şəhərdə olanda Bizans imperatoru (Bəyəlunun atası) III Andronikos Paleologos ilə də görüşmüş, ancaq sonraları adını unutduğu üçün ondan “Təkfur ibn Circis” olaraq bəhs etmişdir. İbn Bəttuta bu şəhər haqqındakı xatirələrində burada həddindən çox kilsə gördüyünü qeyd edir. İstanbul (Konstantinapol) məşhur səyyah İbn Bəttutanın ziyarət etdiyi az sayda müsəlman olmayan şəhərlərdən biridir.
Bir müsəlman səyyah üçün XIV əsrdə İstanbulu ziyarət etmək ələ keçməz bir fürsət idi. Çünki müsəlmanların xristianların torpaqlarına sadəcə səyahət etmək məqsədilə getmələri əsla məsləhət görülməzdi. Belə səyahətlər ancaq dövlətlərin təyin etdiyi səfirlərin rəhbərliyi altında mümkün idi. İbn Bəttuta və şahzadə Bəyəlunla birgə gələn türk komandir və süvarilər birliyi səyahətin 52-ci günündə Bizans sərhədlərinə gəlib çatanda yola davam etməyərək geri döndülər.
Şahzadə ilə birlikdə İstanbula doğru hərəkət edən İbn Bəttuta Bizans torpaqlarına girdikdən sonra artıq başqa bir dünyanın içinə daxil olduğunun fərqinə varmışdı. İbn Bəttuta müşahidələrini belə nəql edir: “Şahzadənin gizlənən duyğuları qeyri-müsəlman torpaqlara girdikdən sonra birdən-birə ortaya çıxmışdı. Şahzadə xanım namazları tərk etmiş, ona təqdim edilən şərabı içmiş, hətta donuz əti belə yemişdi” (İbn Bəttuta, Rihlə, I, 382).
İbn Bəttuta İstanbulda bir aydan çox müddət qalmışdı. Bizansın paytaxtında imperatorun hüzuruna qəbul edilmiş, suriyalı bir yahudinin tərcüməçiliyi ilə imperatorla söhbət eləmişdi. İmperator şəhəri gəzib tanıması üçün İbn Bəttutaya kraliyət atı və rəhbər ayırmışdı. Artıq burada təhlükəsiz bir şəkildə gəzə bilərdi. İbn Bəttuta mümkün qədər İstanbulun hər yerini görməyə çalışırdı. Əvvəla hökmdar və dövlət adamlarının da yaşadığı əsl İstanbul hesab edilən Boğazın sol sahilindəki tarixi yarımadanı gəzdi. Şəhər əhalisinin böyük hissəsi də burada yaşayırdı. Bazarları daşla döşənmiş, küçələri də geniş idi. Müxtəlif sahələrə aid sənətkarlar bazarın ayrı-ayrı yerlərində işləyir, bir-birinə qarışmırdı. İbn Bəttutanın diqqətini çəkən başqa bir məqam isə bazar tacirlərinin əksəriyyətinin qadın olması idi. Şəhərin qala divarları şəhərin salındığı bütün təpəni əhatə etdiyi üçün dənizdən gələcək olan ehtimal təhlükəni də əngəlləyirdi. İbn Bəttuta şəhərdəki monastır və kilsələri ziyarət eləmiş, içinə daxil olmasa da o gün Bizans kilsəsi olan "Aya Sofya"nı çöldən seyr etmişdir. Eyni zamanda bir İslam alimi olan İbn Bəttutanın "Aya Sofya"nın içinə daxil olduğu təqdirdə oradakı xaçın önündə əyilməsi gərəkdiyi üçün bundan qaçındığı irəli sürülmüşdür.
İbn Bəttutanın “Səyahətnamə” əsərində yer alan bina və tikililərin bəziləri varlığını günümüzə qədər qoruyaraq davam etdirmiş, bəziləri köklü bir dəyişim və təmirdən keçərək sanki yenidən həyata qaytarılmış, bəzi tikililərin günümüzə kimi sadəcə qalıntıları qalmış, “İskəndəriyyə mayakı” misalında olduğu kimi bəziləri də tamamilə yox olmuş, günümüzə gəlib çatmamışdır.

1334-cü ildə Dəlhiyə gələn İbn Bəttuta burada iqtidarda olmuş türk xanədanı Muhamməd İbn Tuğluqun sarayına qəbul edilmişdir. İbn Bəttuta burada sultana 7 il xidmət etmişdir. Bu müddət ərzində evlənmiş və uşaqları olmuşdur. Dəlhidəki ilk illərdə ətraf mühitdən razı qalsa da, verdiyi sərt cəzalara görə sultanın yanından ayrılmağa qərar vermişdir. Misal üçün, sultan tez-tez düşmənlərini hər yanında kəsici bıçaqlar olan hücum fillərinin önünə atırdı.
Şərqə doğru yoluna davam etmək üçün Dəlhidən ayrılmaq istəyən İbn Bəttutaya əngəl ola bilməyən hökmdar Tuğluq, “Getməkdə qərarlısansa, o zaman Çinə mənim elçim olaraq get” şəklində bir təklif vermişdir. Beləliklə İbn Bəttuta elçi olaraq Çinə doğru səyahət etmişdir. Ancaq yol üstündə savaşlardan, fırtınalardan yaxa qurtara bilməmişdir. Daha sonra Maldiv adalarına getmiş, burada da bir ildən çox qalaraq müftilik etmişdir. Buradan Seylona (Şri Lanka), Banqladeş sahillərinə, Yava adasına, Sumatraya və Kəlkətə limanına (Kolkata-Hindistanda böyük şəhər) getmişdir.
İbn Bəttuta Seylon adasındakı Sərəndib dağına çıxaraq buradakı Həzrəti Adəmə aid olduğu söylənən ayaq izini görmüşdür. Əsərində həm hind dinlərinə, həm də səmavi dinlərə mənsub insanların müqəddəs hesab etdiyi yerlər haqqında dinlər tarixi baxımından maraqlı açıqlamalar vermişdir.
İbn Bəttuta “Səyahətnamə” əsərində Çində hakimiyyətə gələn Monqol xanədanının müsəlman tacirlərə yaxşı rəftar etdiyi qeyd edir, kağız pul və Çin bürokratiyasından, həmçinin çinlilərin rəsm və keramika sahəsindəki ustalıqları ilə ipək ticarətindən bəhs edir.
Avropa xaric hardasa qədim dünyanın hər yanını gəzən İbn Bəttutanın dövrü və gəzdiyi ölkələrin əksəriyyətində türklərin və moğolların hakim mövqedə olmasına görə bu dövrü Türk-Moğol əsri hesab etmək olar. Dünyanın yeddi böyük hökmdarı içərisində ilk sıraya qoyduğu Mərini hökmdarı Əbu İnan əl-Mərini xaric digərləri türk və ya moğol mənşəlidir. Bu baxımdan İbn Bəttutanın verdiyi bilgilər bu millətlərin tarixi baxımından da çox əhəmiyyətlidir. Qeyd edək ki, “Səyahətnamə” əsərində keçən türkçə kəlimələr haqqında hələ hər hansı elmi tədqiqat işi aparılmayıb. Belçikalı tarixçi George Sartonun (1884–1956) qeyd etdiyi üzrə İbn Bəttutanın “Səyahətnamə” əsərində türk dilinin tarixi inkişafına işıq tutacaq bir xeyli kəlimə var (Introduction, III/2, s. 1614).
“Səyahətnamə” əsərində maraqlı bilgilərdən biri də səyyahın gəzdiyi ölkələrdəki dinar və dirhəmləri Məğrib ölkələri və Misirin dinar və dirhəmləri ilə müqayisə etməsidir. Beləcə o müxtəlif ölkələrin pul vahidlərinin alım gücünü müqayisəli şəkildə oxucuya təqdim etmişdir.

İbn Bəttuta “Səyahətnamə” əsərini qələmə alarkən daha əvvəlki səyyahların kitablarından istifadə etdiyini vurğulayır. Əslində İbn Bəttutanın özündən əvvəlki səyahətnamə tərzi kitablardan istifadə etməsi həmin yerlərə getmədiyi, həmin yerləri gəzmədiyi mənasına gəlmir. Əksinə təqdim etdiyi bilgiləri daha yığcam və sistemli hala gətirməyə çalışdığına görədir.
İbn Bəttutanın yaşadığı dövr və gəzib gördüyü yerlər İslam tarixinin daha çox Monqol istilasından sonrakı Türk dövrünə rast gəlir. XIV əsdə İslam dünyasının bir çox yerində, xüsusilə Anadolu, Misir, Ərəbistan yarımadası, Türküstan və Hindistan coğrafiyasında idarəçi olaraq türklər hakim mövqedə idi. Bu səbəblə də İbn Bəttutanın “Səyahətnamə”si Türk tarixi baxımından da mühüm əhəmiyyətə sahibdir.
İbn Bəttutanın Anadoluya gəldiyi dövr, Monqol istilaları səbəbilə siyasi və sosial-iqtisadi cəhətdən bu torpaqlarda geriləmə və tənəzzül yaşandığı dövrlər idi. Bir sözlə İbn Bəttutanın Anadoluya gəldiyi dövr hələ Osmanlı dövlətinin qurulmadığı zamanlara rast gəlirdi. İbn Bəttuta Bursa şəhərində Osmanlı bəyi Orxan Qazi ilə tanış olub görüşmüşdür. Orxan Qazi ilə görüşüb danışan, “Səyahətnamə”də canlı şahid olaraq Orxan Qazidən bəhs edərək bizə tanıdan yeganə şəxs məhz İbn Bəttuta olmuşdur.
İbn Bəttuta ilk səyahətlərindən başlayaraq gəzdiyi coğrafiyalardakı müşahidə və təəssüratlarını qeyd etməyə çalışmış, ancaq Hindistanda ikən quldurlar tərəfindən soyulması, başqa bir dəfə də səyahət etdiyi gəmisinin Kəlkətə limanında batması qeydlərinin itməsinə səbəb olmuşdu. Bu səbəblə də o vətəninə qayıtdıqdan sonra bütün müşahidələrini, yaşadıqlarını və təəssüratlarını katib Cuzey ibn əl-Kəlbiyə yazdırmışdır.
İbn Bəttuta Anadolu səfərində olanda Mudurludan Kastamonuya qədər on günlük qarlı və çətin dağlarla əhatələnmiş məsafəni aşması gərəkirdi. Bunun üçün ərəb dilini bilən bir yol rəhbərinə ehtiyac yaranmışdı. Bir miqdar pul və müxtəlif hədiyyələr müqabilində bir ixtiyarla mehmandarlıq etməsi üçün razılaşırlar. Ancaq bu ixtiyar şəxs dindar görünüşlü, yaxşı təhsil almış və savadlı, həmçinin zəngin olmasına baxmayaraq, çox keçmədən acgözlü və tamahkar bir şəxs olduğu ortaya çıxdı. Hətta bu şəxs yolda ölən heyvanın dərisini soyaraq bazarda gətirib satmışdı. Bu on günlük mehmandarlığında alış-veriş işlərinə baxır, ancaq günlük məsrəflər üçün ayrılan dirhəmlərdən fürsət tapan kimi mənimsəyirdi. Hətta İbn Bəttuta məsələnin o qədər fərqinə varmışdı ki, özünü saxlaya bilmədən hər axşam bu ixtiyara, “Ey Hacı! Bugünkü məsrəflərdən neçə dirhəm mənimsəyə bildin?” deyə soruşurdu. İxriyar da “bu qədər” mənimsədim deyərək cavab verəndə karvanda hər kəsin gülüşməsinə səbəb olurdu.

Karvan yol üstündə bu ixtiyarın bacısının evində müsafir olmuşdu. Bu zaman ixtiyar müsafir olduqlarına görə ev sahibinə veriləcək dirhəmlərə belə göz qoymuş, bu səbəblə dirhəmlər ev sahibinə gizlincə verməli olmuşdular. Vəziyyəti görən ixtiyar da, “dirhəmləri ona verməkdənsə mənə verin” deyərək səs-küy qoparmış, nəticədə buradan da pay qoparmağı bacarmışdır. Bu dağlı-dərəli və qarlı yolları tanımadıqları üçün əlacsız qalaraq bu tamahkar ixtiyarı yol rəhbəri olaraq tutmalı olmuşdular (İbn Bəttuta, Rihlə, I, 344).
İbn Bəttutanın nəql etdiyi bu qeyri-adi hadisə əslində Anadoluda səyahət edərkən tez-tez ziyarət elədiyi, günlərcə ücrətsiz olaraq qaldığı, həmişə ikram və qonaqpərvərliklə qarşılandığı, hətta yola salınanda hədiyyələr aldığı "Əxilik" təkkəsi və orada əxilik tərbiyəsindən keçmiş insanlarla müqayisədə tamamilə əks bir nümunə təşkil edirdi. Əslində bu mənzərə bizə sahib olduğu dəyərlərdən xəbərsiz, tamahkar, ancaq sözdə dindar bu kimi tiplərdən hər dövr və hər cəmiyyətin xali olmadığını göstərir.
İbn Bəttuta, türklərin heyvanlarını hər hansı gözətçi və çobana ehtiyac duymadan otardıqlarını qeyd edir. Bunun səbəbi isə oğurluğa görə tətbiq edilən cəzanın çox ağır olması idi. (İbn Bəttuta, Rihlə, I, 359)
İbn Bəttutanın Hindistanda qarşılaşdığı bir tacirdən aldığı borcu dörd il sonra Çində ödəməsi diqqətə dəyər bir məqamdır. Bu hadisədə məhz İbn Bəttutanın şəxsində müsəlman tacirlərinin əxlaq kodlarını müşahidə edirik. İbn Bəttuta Çində olduğu zaman doğub böyüdüyü Tanjer şəhərindən olan (Mərakeşdə şəhər) ata və oğulla qarşılaşmış, həmin bu ata və övladını illər sonra bu dəfə məmləkətində, Mərakeşdə görmüşdü. Bu hadisə belə bizə bəzi məqamlardan xəbər verir, bəzi həqiqətləri bizə hayqırır... Sonuncu nümunə bizə dövrün İslam aləmində Mərakeş və Əndəlüs kimi şəhərlərdən ta Çinə qədər gedib çıxan güclü bir ticari və mədəni əlaqələrin mövcud olduğunu bizə göstərir. Əslində məhz bu nümunələr bizə İslam mədəniyyətinin yayıldığı geniş bir coğrafiyadan xəbər verir.
İbn Bəttuta yaşadığı dövrdəki ölkələrin bir-birindən xəbərsiz, əlaqələrin də olduqca zəif olduğu bir zamanda insanları bir-biri ilə tanış eləmiş, dövlətləri və cəmiyyətləri bir-birinə yaxınlaşdırmışdır. Sanki günümüzdəki rabitə və nəqliyyat imkanlarının olmadığı XIV əsrin şəkillərini çəkmişdir.
İbn Bəttutanın dünyada maraqla qarşılanan “Səyahətnamə” əsəri Avropa dillərindən ilk olaraq fransız dilinə, ardından ingilis, alman və potuqal dillərinə tərcümə edilmişdir. Daha sonra da bu məşhur əsər çex, italyan, fars, macar və yapon dillərinə tərcümə edilmişdir.
İbn Bəttutanın həyatını araşdıranlar onun heç vaxt milliyətçilik etmədiyini vurğulayırlar. Mərakeşli bir ərəb olmasına baxmayaraq yeri gələndə mənsub olduğu öz milləti daxil olmaqla tənqidlərini heç kimdən əsrigəməmiş, bu və ya digər səbəbə görə hər hansı milləti tərifləmək və mədh etmək də hər hansı problem görməmişdir. İbn Bəttuta özünü Mərakeş ölkəsinin vətəndaşı olaraq deyil, avropalı bir yazarın ifadəsi ilə: “mənəvi, əxlaqi və sosial dəyərlərinə hər şeydən öndə daha qatı və daha bağlı olduğu “Darul-İslam”ın (İslam ümmətinin) bir mənsubu olaraq görmüşdür. Ümmət şüuru olaraq da izah edilə biləcək bu baxış bucağı onun İslam dünyasında çox sevilib mənimsənməsinə səbəb olmuşdur. Həyatının son ondörd ilində, təxminən 1368-ci ildə dünyasını dəyişənə qədər İbn Battuta Tanjer şəhərində İslam hüququ alimi olaraq olduqca səssiz bir həyat yaşamışdır.
Əvvəlini aşağıdakı linkdən oxuya bilərsiniz https://www.yeniavaz.com/az/news/index/133004/xiv-esrin-en-boyuk-seyyahi-ibn-bettuta

Nazim Mustafayev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.