İÇİMİZDƏKİ RUSİYA: ondan qurtulmağın yolu varmı?

22-09-2020, 11:14           
İÇİMİZDƏKİ RUSİYA:
Rahid ULUSEL
Azərbaycan Milli Elmlər Akademiyası,

fəlsəfə elmləri doktoru, professor

Vaxtilə içimizdə bir Xilafət vardı. Min il onun tör-töküntüləri ilə yaşadıq. İndi də dibimizə çöküb, qatılığında qalıb… Gözümüzü açmamış, Rusiya içimizə dürtüldü. İki yüz il də ona sümürüldük. Sovet İttifaqının dağılması ilə Rusiya içimizdən bütünlüklə sökülmədi… Rusiya indi artıq bütün gövdəsi ilə bizim içimizdədir. Təkcə rus dili, rus bağçaları, rus məktəbləri ilə yox, həm də küçələrdəki, nəqliyyatdakı, banklardakı, dövlət idarələrindəki, hakimiyyət qafalarındakı getdikcə genələn mühiti ilə, bir tikə çörək dalınca Rusiyaya üz tutan saysız-hesabsız soydaşlarımızın göndərdikləri pulla, soyadlarımızdakı “-ov…”la, televiziya kanalları ilə, açıq və gizli ruspərəst hakim siyasi elita ilə içimizdədir. Rusiyanın hayqırtısı cəbhə bölgələrindəki atəşdən də gəlir, Bakıdakı “Jara”dan da. Rusiyanın Ermənistanda hərbi bazaları var, ancaq Azərbaycandakı “rusbeyin bazalar” oradakı hərbi bazalardan bizim üçün daha təhlükəlidir: çünki torpaqlarımızın bir hissəsinin işğalına yox, milli varlığımızın – müstəqilliyimizin qəsb edilməsinə hədəflənib.

Sovet İttifaqı parçalanandan sonra onun qırıntıları post-sovet məkanında qalmışdı. Rusiya isə Sovet İttifaqının varisi kimi, xüsusilə 2000-ci illərin əvvəllərindən bəri, həmin qırıntıları qəlpələrə çevirməyi bacardı. Qafqazda yalnız Gürcüstan Rusiyanın siyasi-ideoloji caynağından dönməzcəsinə qurtulmağa çalışdı. Abxaziya və Cənubi Osetiyanın Gürcüstan ərazisindən qoparılmasına görə (müqasiyə et: Qarabağla) bu suveren respublika Rusiyanı qətiyyətlə “işğalçı” (“Russia is an Occupier”) adlandırdı və bu siyasəti özünün doktrinasına çevirdi.

Gürcüstan səhv etdimi?! Bizim rusbaşlılar Gürcüstanın böyük tarixi yanlışlığa yol verdiyini güman edir. Qətiyyən yox! Rusiya onun siyasi yedəyindən çıxmağa cəhd göstərən ətrafındakı bütün kövrək dövlətləri cəzalandırır: hətta ərazilərinin bir hissəsini qanunsuz olaraq anneksiya etməklə (Ukraynadan Krım, Donetsk və Luqanskı)! Rusiyanın diktəsi altında yaşamaqsa – real müstəqilliyə vida etmək, yalnız nominal suverenliyə qısılmaq, daim zəif qalmaq, onun dinozavr pəncələri altında əzilmək və nəhayət, haçansa yox olmaq deməkdir.

Deməli, dünyanın inkişaf etmiş demokratik dövlətlərinin dəstəyi və Türkiyə müttəfiqliyi ilə Rusiyanın həm özünə, həm də ətrafına yalnız zərər verən kor siyasətinə qarşı isə dirəniş göstərmək – yeganə çıxış yoludur. Bu qlobal savaşın daha geniş meydanı indi Şərqi Avropa – Ukrayna, Belarus, Moldova və Qafqazdır. Qafqazda Gürcüstan təkdir. “Qafqaz Xaini” Ermənistanın təcridində, müasir siyasi tarix Azərbaycan və Gürcüstanın demokratikləşmə və Rusiyaya qarşı dirəniş göstərmə istiqamətində birgə addımlamasını qaçılmaz edir.

Bütün Qafqaz aydın şəkildə dərk edir ki, son iki yüz ildə bu regiondakı böyük siyasi fəlakətlərin, hərbi toqquşmaların, məkrli deportasiyaların əsas səbəbkarı – Rusiyadır. Rusiyanın Cənubi Qafqazı özündən asılı vəziyyətdə saxlamaq siyasətinə sipər – bölgənin yubanmadan demokratikləşərək qüvvətlənməsi, dövlətin millətdən güc alaraq monolitləşməsi, yəni millətin dövlətləşməsidir. Dövlətləşmiş millətə nəinki rusçuluq siyasətini “dil üzərindən” yeritmək qeyri-mümkündür, o, bütün cinahlarda yabançılaşma təhlükələrinə müqavimət əzmindədir.

Öz milli enerjisini başqa dövlətlər üzərində üstünlüyə – yəni tarixi perspektivi olmayan (məsələn, imperialist Avropa dövlətləri bu uğursuzluğu görərək o siyasətdən çoxdan əl çəkib) hədər çabalara xərcləyən Rusiya artıq dünya demokratiyası ilə vuruşmaq gücündə deyildir. Sovet İttifaqının aqibəti – görkdür. Rusiya ya bu gücün qarşısında diz çökəcək, ya da demokratikləşib gerçəkdən qüdrətli dövlətə çevriləcək. Bax, onda heç kim Rusiyadan qorxub qaçmayacaq, əksinə, beynəlxalq hüququn paritet qanunları əsasında hamı onunla – mütərəqqi Avropa dövlətlərinə münasibətdə olduğu kimi – əməkdaşlığa, müttəfiqliyə can atacaq.

Təəssüf ki, bütün dünyanın simasını dəyişəcək, beynəlxalq siyasətə yeni impulslar verəcək, dövrümüzün görkəmli siyasətçiləri Zbiqnev Bzejinski və Henri Kissincerin strateji proqnozlarında (Z. Brzezinski. Strategic Vision. Basic Books, 2012; H.Kissinger. World Order. Penguin Books Limited, 2014) çağımızın ən pozitiv tendensiyası kimi təxmin etdikləri transformativ situasiya Rusiyada yetişə bilmir. Rusiya onu xilas edəcək övladına – demokratiyaya ağrı çəkir. Ancaq onu doğa bilmir! Hətta hamilə ikən balasını zəhərləyir (Navalnı)!

Qlobal geopolitika baxımından, dünyanın ərazicə ən böyük dövləti olmasına baxmayaraq, Rusiya özündən də qüdrətli qütblər arasındadır: o, Şimali və Şərqi Asiyada Amerika Birləşmiş Ştatları, Yaponiya və Çinin, Şərqi Avropada isə Avropa İttifaqının “məngənəsindədir”. Bu geopolitik çevrədə Rusiyanın sıza bildiyi məkan – Sovet İttifaqından qopmuş, ancaq hələ də avtoritar rejimləri yaşadan respublikalardır. Rusiya onların “böyük himayədarıdır”. Ancaq Rusiyanın bir dövlət olaraq hazırda dünya üçün də, qonşuları üçün də heç bir cazibədarlığı yoxdur. Yalnız həmin avtoritar rejimləri – orta əsr vassallarını “qorumaqdan” savayı.

Vaxtilə Rusiya imperiyası “Avropa jandarmı” kimi hansı “tarixi rolu” oynayırdısa, indi də həmin rolu bütün Avrasiyada, hətta onun hüdudlarından kənarda canfəşanlıqla oynayır. Rusiyanın indiyədək ona heç bir qalıcı dividend qazandırmamış ənənəvi paternalist siyasətini araşdıran analitiklərin fikrincə, bu perspektivsiz geostrategiya – Rusiyanı bütünlüklə müasir dünyanın inkişaf məntiqindən uzaqlaşdırmaqda, onun özünün mövcudluğuna təhlükə yaratmaqdadır. Buna baxmayaraq, Rusiya normal seçkili prezidenti və parlamenti belə olmayan təkhakimiyyətli avtoritar rejimlərin konsolidasiyasını və müttəfiqliyini qurmaq kimi sərsəm bir ideyanın arxasınca hələ də sürünməkdədir.

Zəncirdə hansı həlqə zəifdirsə, Rusiyanın orada təsiri – siyasətdən mədəniyyətədək – daha böyük, diktəsi daha həlledicidir (məsələn, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Rusiya prezidenti Vladimir Putinin hüzurunda bəyan edir: “Rus dili Qırğızıstan Respublikasının rəsmi dili olub, rəsmi dilidir və olacaq.”). Bizdə də ali səviyyədə “hə” deyilməsəydi, rus dili sinirlərimizə bunca yeriyə bilməzdi…

Özündən qüvvətlilər və özündən zəiflər arasında manevr edən Rusiya indi dünya hegemonluğu uğrunda mübarizənin yeganə yolunu – özündən zəiflərin postamenti üzərində “ucalmaqda” görür. Bəşəriyyətin üçüncü minilliyə qədəm qoyduğu tarixi zamanda bu postamentə material olmaq, mahiyyətcə imperializm və müstəmləkəçilik epoxasına qayıtmaq – hər hansı şərəfli millət üçün dözülməzdir! Suverenliyin mədəni-humanitar praktikası bu yedək siyasətini qətiyyətlə inkar edir!

Hə, bunu da unutmayaq: bədbəxt o millətdir ki, ölüləri ilə ərəbcə, diriləri ilə rusca danışır!

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.