“Uşağa “qulaqburması” verməklə başına-başına döymək başqa-başqa şeylərdir”

31-01-2016, 00:47           
“Uşağa “qulaqburması” verməklə başına-başına döymək başqa-başqa şeylərdir”
“Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar”. Immanuil Kant

Müəllim-şagird münasibətlərinə dair xüsusilə yaxın son günlər gündəmi zəbt edən olaylarla bağlı öz-özümə lakonik sual verirəm-Nədəndir? İstər-istəməz yadıma bir vaxtlar ANS telekanalının “Qulp” verilişindəki artıq adını xatırlamadığım bir aşığın ozamanlar dillər əzbərinə çevrilmiş yarızarafat, yarıgerçək bir melodiyası düşür- “Nədəndir, nədəndir hər şey zəmanədəndir.” Dilemma qarşısında qalırsan. Bəli zəmanə dəyişib, dəyərlər başqalaşıb, hətta canınla, qanınla inandığın, qəbul etdiyin hansısa ideya-məfkurə heç də birmənalı qarşılanmır.Bu təbiidir. Əski dini mənbəələrin birində deyildiyi kimi həqiqəti anlatmaq mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var, Digər tərəfdən əgər zamanı, məkanı qınayırıqsa zəmanəni yaradanlar da, dəyişənlər də elə insanlardır, bizlərik.

Elə götürək müəllimin uşağı döyməsi faktını.Uşaq hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və bir cox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Müəlimlərin etik davranış qaydaları hazırlanıb, müəllimlərin peşə standartları hazırlanır.Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb. Onu da xatırladım ki, “sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq“ təhsil alanın, yəni şagirdin mövcud Nizamnamə ilə müəyyən edilmiş birbaşa hüququdur. Digər tərəfdən ümumtəhsil məktəbində təhsil prosesi təkcə öyrədici deyil, eyni zamanda tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.

Di gəl, uşaqların döyülməsi, təhqir edilməsi, şəxsiyyətinin aşağılanması kimi digər xoşagəlməz hallara hələ də rast gəlinir və sosial mediada geniş işıqlandırılır. O da maraqlıdır ki, müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.
Kimisi müəllimə bəraət qazandırır, kimisi isə bu halı sərt təpki ilə qarşılayır. O qədər də uzaq olmayan bir vaxtlar “Əxlaq kodeksi”, “Ədəb qaydaları” bütün məktəblərin foye və dəhlizlərinin başlıca atributları idi. Şagirdlərin bilikləri ilə yanaşı onların əxlaq və davranışları da qiymətləndirilirdi. Orta məktəbləri bitirənlərə attestatla yanaşı davranışına dair xarakteristika yəni xasiyyətnamə də verilirdi.
“Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar.”Göründüyü kimi dahi Kant belə müəllimi yüksək varlıq qismində görmək arzusunda idi. Mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuş Əhməd bəy Ağaoğlu isə yazırdı ki, tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa çatmışdır. Tərbiyədən bəhs edərkən bu məfhumu ən geniş mənada anlamaq lazımdır.İnsan ruhunun üzərində təsiri olan bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar-bütün bunların hamısı tərbiyəyə daxildir. Nə isə uzun məsələdir. Keçək indiki vəziyyətlə bağlı mətləbə.

Mənim konkret subyektiv fikirlərimə gəlincə düşünürəm ki, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagir-valideyn münasibətlərinin genişlədirilməsi yollarını axtarmalıyıq.Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərinin yayımlanması yoı verilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox müəllimlərlə də işləməlidir. Bu kimi hallarda təkcə müəllimi prosesin subyekti kimi önə çəkmək hesab edirəm ki,düzgün mövqe deyil. Nəzərə alaq ki, hansısa beş-üç müəllimin qeyr-ixtiyari hərəkəti cəmiyyətdə 150 minlik müəllim ordusunun hərəkəti kimi assosiasiya olunur, onsuz da sarsılmış müəllim nüfuzunu bir az da sarsıdır.Hörmətli professorumuz Şahlar Əsgərovun “qulaqburma”ilə bağlı ibrətamiz fikirləri heç də uşağı fiziki zorakılığa məruz qoymaq kimi başa düşülməməlidir.
Nadir İsrafilov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.