Tarixdən gizlənməyə çalışan “inqilab balaları”

5-10-2022, 08:35           
Tarixdən gizlənməyə çalışan “inqilab balaları”
“İslam Respublikası” quranların hamısı terrorçu, başkəsən çıxır

Məşhur bir deyim var: “İnqilab balalarını yeyir”. 1979-cu il inqilabında fəal iştirak edən İran gənclərinin indi 60-dan artıq yaşları var. Bu o deməkdir ki, İranda inqilabçı nəsil artıq yaşlanmağa doğru gedir. Ancaq o illərdə baş verənlərin canlı şahidlərinin bir hissəsi dünyasını dəyişsə də, hələ sağ qalanlar var, onlardan hətta İran hakimiyyətində mühüm vəzifə tutanlar az deyil.

İnqilab illərində baş verənləri kimlərsə unutdurmağa çalışa bilər. Ancaq fakt, yaddaş yerində qalır. O tarixi unutmağa qoymayan fotolar da…

43 il öncə İran əhalisi çox qanlı və faciəli günlər yaşayıb. İndiki və keçmiş dövlət xadimlərinin adları bir cinayət hadisələrində hallanırdı.

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejatın adı ABŞ səfirliyinin əməkdaşlarının girov götürülməsi hadisəsində çəkilir. Dünya mətbuatında yayılan xəbərlərə əsasən, Mahmud Əhmədinejat Prezident seçiləndən sonra girovluqda olanlardan biri fotosunu görən kimi onu tanıdığını bildirmişdi: “Bizi girov götürənlərdən biri odur”.

Düzdür, son aksiyalarda o, etirazçıları dəstəklədiyini bildirsə də inqilabda fəal iştirak edənlərdən olub. Bu baxımdan, barəsində deyilənlərin mümkünlüyü də istisna edilmir.

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də ayətullah Xomeyninin tərəfdarları olan “xətti imam”çı tələbə-gənclər Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla, 99 nəfəri girov götürmüşdülər. Onlar ABŞ-dan İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin ekstradisiyasını tələb edirdilər.

ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter 1980-ci il aprelin 7-də İranla əlaqələri kəsir. 1980-ci il aprelin 25-də girovları xilas etmək üçün İrana helikopter və təyyarə göndərilir. Ancaq onlar qəzaya uğradığı üçün baş əməliyyat baş tutmur və ABŞ-ın səkkiz əsgəri həlak olur. 1981-ci il yanvar 19-da ABŞ və İran arasında girovların azad edilməsi üçün saziş imzalanır. 1981-c il yanvarın 20-də bütün girovların Almaniyaya getməsinə icazə verilir.

Başqa bir hadisə isə İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salami barədədir. İddia olunur ki, bu fotodakı qadını döyə-döyə aparan şəxslərdən biri odur. Xəbərlərə görə, inqilabın ilk illərində şah sarayında qulluqçu işləmiş xanımı inqilabçı gənclər tuturlar. Onu döyərək öldürürlər. Başqa bir fotoda isə fahişəlik edən qadını inqilabçılar diri-diri yandırıblar.

Həmin günlərdə inqilabçılara qoşulan yeniyetmə məktəbdə müəllimə qarşı cinsi zorakılıq edir.

Hüseyn Salami 1961-ci ildə İranın İsfahan əyalətinin Vanşan kəndində anadan olub. 1980-ci ilin noyabrından İnqilab keşikçiləri Qvardiyasında işləyir. İran-İraq müharibəsi illərində 25-ci Kərbəla diviziyasında, 14-cü İmam Hüseyn diviziyasında və hərbi-dənizi donanmasında xidmət edib. 1993-1998-ci illərdə qvardiya komandanlığının və qərargahın başçısı, 1998-2006-cı illərdə Qvardiyanın Birləşmiş Qərargahının rəis müavini, 2008-2018-ci illərdə isə bu hərbi qurumun komandanının müavini olub, hazırda isə onun komandanıdır.

İndi Hüseyn Salaminin başçılıq etdiyi İnqilab Keşikçiləri Qvardiyası və bu hərbi silahlı qüvvənin əsas bazası sayılan bəsicilər İranda keçirilən etiraz aksiyalarını dağıdır, dinc etirazçılara odlu silahdan atəş açır.

Başqa bir məlumata görə, oktyabrın 2-də Tehranın Şərif adına texnologiya Universitetinə hərbi-polis qüvvələri hücum edib. İtkilər barədə hələ məlumat yayılmayıb.

İranda son 22 ildə bir neçə böyük etiraz aksiyası keçirilib. Onların hamısı silah və dəyənək tətbiqi ilə yatırdılıb. Ancaq ölkədə yeni hadisələrin gec-tez cərəyan edəcəyi istisna edilmir. O zaman dinc aksiya iştirakçılarına “inqilabı müdafiə” adı ilə divan tutanların da mühakiməsi başlayar. Belə olsa, 1979-cu ildə baş vermiş inqilabın o vaxt “yeyə bilmədiyi” balaları bu prosesin sonunda qurban gedə bilər.

İranda 43 il əvvəl qanla başlayan hadisələr eyni şəkildə davam edir. İslam Respublikası qanla qurulduğu kimi, qanda da boğula bilər. Hər halda, fotolar çox mətləblərdən xəbər verir. Heç kim tarixdən gizlənə bilmir…

Sədrəddin Soltan
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.