Dövlət qurmağı bacarmış beş türk tayfasından biri - ƏFŞARLARIN TARİXİ

19-05-2016, 12:19           

Əfşarlar yurdu "Əfşaran" (Abşeron)

Əfşarlar təkcə Azərbaycan tarixində deyil, eyni zamanda türk dünyasının, Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamış etnoslardan biridir. Çox təəssüf ki, indiyə qədər əfşarların ilk yaşadıqları məskənlər, yayılma arealı haqqında yetərincə məlumat yoxdur. Türk xalqlarının etnogenezi ilə bağlı məlumatlara aydınlıq gətirilməyənə qədər belə suallar qalmaqda davam edəcək. Əksər tarixçilər, xüsusilə Avropa mərkəzçiləri əfşarların bir zamanlar Sırdərya çayı ətrafında yaşadıqlarını, eyni zamanda indiki Ön Asiyaya və Azərbaycana səlcuqlarla gəldiyini qeyd edirlər. Lakin arxeoloji materiallar və bir çox yazılı mənbələr bunun əksini sübut edir. Belə ki, ötən əsrin 40-cı illərində indiki Bakı yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Əfşaran kəndinin qalması və həmin ərazidə vaxtilə böyük bir şəhərin olması aydınlaşdı. Bundan sonra Abşeron yarımadasının mənşəyi ilə bağlı sovet tarixşünaslığında mövcud olan fikrə şübhə yarandı. Belə ki, bu hadisəyə qədər Abşeron sözünü “ab” və “şoran”, yəni şor su kimi izah olunurdu. Lakin tarixi mənbələrə görə, rus işğalından sonra vaxtilə Bakı xanları, xüsusilə Hüseynqulu xan tərəfindən çəkilmiş kəhrizlər Bakıda suyunun heç nə şor olmadığını göstərir. Qədim dövr mənbəyi olan Böyük Plininin əsərində, eləcə də Orleanın əsərlərində indiki Anadolu və Azərbaycan sərhədlərində Absaran, Absoran, Afsaran adlı yaşayış məntəqələrinin olduğu qeyd edilir, bu isə əfşar tayfasının çox qədim dövrlərdən Ön Asiyada yaşadığını isbatlayır. Hesab edirik ki, "Abşeron" sözünü daha yaxşı olardı ki, ərazinin təbii fiziki xüsusiyyəti ilə deyil, etnosun adı ilə bağlamaq daha düzgün olar. Özü əfşar nəslindən olan Sara Aşurbəylidə də bu fikir qızıl xətlə keçir ki, Abşeron "Əfşaran", yəni əfşarlar yurdu mənasını verən toponomikadır. Yunan və latın mənbələrindən başqa, ərəb qaynaqlarında da Abşeron adına rast gəlirik. Hələ İslamın ilk yayıldığı dövrlərdə Maqdisi "Əfşaran" adlı yaşayış məntəqəsinə təəssüf ki, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində rast gəlindiyini qeyd edir. Əfşarların yayılma arealı olaraq, indiki İğdır, Qars, Ərdahan, Şörəyel, Ağbaba və Borçalı əraziləri xüsusi qeyd olunur.

"Əfşar" sözünün mənası - "uyğunlaşan", yoxsa, "mahir ovçu"?

Əfşar adının etimologiyasına gəldikdə isə, bununla bağlı çox fərqli fikirlər var. Məsələn, bu ad bəzi mənbələrdə "Əfşaran" və "Əfşaran" formasında işlənir. Bəzi mənbələrdə, xüsusilə Mahmud Kaşğaridə, əfşar dedikdə uyuşan, uyğunlaşan, elmi dildə desək, adaptasiya olunan şəxs nəzərdə tutulur. Başqa mənbələrdə, xüsusilə Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərində əfşar sözü mahir ovçu mənasında işlənir. Mənbədə də qeyd olunur ki, türk xalqları içərisində əfşarlar həqiqətən, ova meylli olmaqları ilə seçiliblər. Onlar ova itlərlə gedirdilər. Rus mənbələri qeyd edirlər ki, rus dilində işlənən “овчарка” sözü əfşarların itləri ilə bağlı yaranıb.

Dövlət qurmağa müvəffəq olmuş 5 türk tayfasından biri - əfşarlar

Tarix səhnəsinə çıxışları xeyli əvvəl olsa da, əfşarların fəaliyyətini Səlcuqlar dövründən etibarən izləmək mümkündür. Burada da qəribə mənzərə ilə qarşılaşırıq. Səlcuqlar Şərqdən Qərbə, yəni indiki Xorasan ərazisindən keçərək Xəzər dənizinin cənubu ilə şimala və qərbə doğru yönəlmişdi. Sədrəddin Əli əl-Hüseyni "Tarixi Səlcuqiyyə" əsərində ("Əxbar əd dövlət əs Səlcuqiyyə") belə bir epizod var. Sultan Toğrulun və Sultan Alparslanın dəstələrinin indiki İraq ərazisində olduğu bir dövrdə orada onlara yerli türk tayfaları bələdçilik ediblər. Mənbədə onların adı əfşar deyə qeyd olunub. Bu isə onu göstərir ki, Səlcuqların gəlişindən xeyli əvvəl əfşarlar burada nəinki məskunlaşmış, eyni zamanda toponomika ilə - keçidlərin, aşırımların, su ehtiyatlarının olduğu yerləri bildiklərinə görə soydaşlarına bələdçilik ediblər.

Mənbələrdə qeyd olunur ki, Böyük Səlcuq İmperatorluğu dövründə indiki İran ərazisinin böyük hissəsi bəylərbəylik formasında əfşar tayfalarının idarəçiliyinə verilmişdi. Məsələn, Xuzistan, Farsistan və Şiraz əfşarların domeni sayılırdı. Əfşarlar Oğuz-Xaqan şəcərəsinin 24 törəməsi arasında dövlət quran 5 türk tayfasından biri sayılır. Eyni zamanda Əfşarın Ulduz xanın oğlu olduğu qeyd olunur.

Xaç yürüşlərinə qarşı çıxan, Türk-islam dünyasının xilaskarı olan əfşarlar

Səlcuqların zəifləməsi dönəmində əfşarlar yenidən toparlanmağa başlanır. Yaxın və Orta Şərq, eləcə də türk dünyası XI yüzillikdə çox ciddi sınaqla üz-üzə qaldı - Şərqə doğru xaç yürüşləri başladı. Papa II Urban çıxışında qeyd etmişdi ki, guya xaç yürüşlərində məqsəd Həzrəti İsanın qəbrini kafirlərdən qurtarmaq idi. Lakin əsas məqsəd zəngin Yaxın və Orta Şərqi talamaq idi. Və xaçlılar bu məqsədlərinə çatmaq üçün Səlcuq İmperatorluğunun zəifləməsini şans bildilər. XI əsrin sonu, XII əsrin əvvəllərinə doğru xaçlılara müqavimət göstərən yeganə qüvvə Anadolu Səlcuq Sultanlığı idi. Lakin uzun müddət müqavimət göstərmək mümkün olmur. Xaçlı yürüşləri nəticəsində tarixdə İslam-türk dünyasının ayrılmaz tərkib hissəsi olan Tiflis Əmirliyi də işğal edilir. Cənuba doğru hərəkət edən xaçlılar Qüdsü ələ keçirib, Qüds Krallığı yaradırlar. Keçmiş Səlcuq İmperatorluğunun ərazisində silsilə şəkildə xaçlı dövlətləri yaranır. Əksər dövlətlər Qüds krallığına tabe olsa da, müsəlman əhali kütləvi qırğınlara məruz qalır və torpaqlarından qovulur. Məhz belə bir vaxtda əfşarlar Türk-islam dünyasının xilaskarına çevrildilər.

Əfşarların yaxın Şərqdə qurduğu Zəngilər dövləti

Təəssüf ki, tarix kitablarında, dərsliklərdə Zəngilər dövləti haqqında məlumat verilmir. Halbuki, 1127-ci ildən 1222-ci ilə qədər mövcud olan bu dövlət faktiki olaraq, xaçlı yürüşlərinin qarşısının alınmasında mühüm rol oynamışdı. Dövlətin qurucusu Mosul atabəyi İmadəddin Zəngi hesab edilir. Səlcuq İmperatorluğu ərazisində, məsələn, Azərbaycanda Eldənizlər, Yaxın və Orta Şərqdə, indiki Suriya və İraq ərazilərində Zəngilər dövləti yaranmışdı. Zəngilər mənşəcə, əfşar soyundan idilər. Əvvəlcə Zəngi atabəyliyinin mərkəzi Mosul idi. İmadəddin Zəngi öldükdən sonra biri Mosulda, digəri Şam ərazisində oturan iki qardaş - Seyfəddin və Nurəddin Zəngi birləşərək, ard-arda əvvəlcə Antakyada, sonra isə Qüds ərazisində yaradılmış xaçlı dövlətlərini süquta uğratdılar. Bu gün Yaxın və Orta Şərqdə İŞİD-in yaratmaq dövlətin ərazisi ilə vaxtilə Zəngilərin qurduğu ərazilərin sərhədi ilə tam üst-üstə düşür. Amma təəssüf ki, bu gün İŞİD-in o ərazilərdə qırdığı insanlar vaxtilə həmin torpaqları xaçlılardan qorumuş türkmənlərin, əfşarların törəmələridir.

Qüdsü xaçlılardan Səlahəddin Əyyubi deyil, əfşar Nurəddin Zəngi azad edib

Nurəddin Zəngi xaçlıları əzəndən sonra Anadolu Səlcuq Sultanlığı ilə Mosul, Kərkük və Şam Sultanlığı arasında birbaşa sərhəd yaranır. Nurəddin Zəngi Anadolu Səlcuq Sultanı II Ruknəddinin qızı ilə evlənir. Bu isə onun gücünü artırır. Digər tərəfdən zəngilər xaçlılarla əməkdaşlıq edən, Misirdə hökmranlıq edən Fatimilər xilafətini süquta uğradırlar. Çox zaman tarixdə xaç yürüşlərinin qarşısının alınmasında Səlahəddin Əyyubinin rolu haqqında danışılır. Lakin o, faktiki olaraq Nurəddin Zənginin Misirə təyin etdiyi canişin idi. Nədənsə, bizim tarixşünaslığımızda canişinin fəaliyyəti hökmdarın fəaliyyətindən çox şişirdilir. Qüdsü xaçlılardan xilas edən Nurəddin Zəngi idi. O öldükdən sonra bu dövlət get-gedə zəifləməyə başlayır və 1222-ci ildə süqut edir. Nurəddin Zənginin qəbri əgər dağıdılmayıbsa, indi də Şam şəhərindədir. Hələbdə zəngilər tərəfindən inşa olunmuş Əfşariyyə məscidi türk tarixinin ən böyük incəsənət əsərlərindən biri sayılır.

Hülakü xanın sarı xaş yürüşünə qarşı döyüşən cəbhənin liderləri - əfşarlar!

Zəngilər dövlətinin süqutu əfşarların tarixdən silinməsi demək deyildi. Yaxın və Orta Şərq növbəti sınaqla üzləşərkən əfşarlar yenə də İslam-türk dünyasının önündə gedən türk tayfası idi. Söhbət XIII əsrin 20-ci illərindən gedir. Rus tarixçiləri ilə razılaşıram ki, həmin dövrdə monqolların, xüsusilə Hülakü xanın yürüşü sözün əsl mənasında sarı xaç yürüşü idi. Çünki bir-birinin ardınca Qaraqoruma gedən ayrı-ayrı xristian rahiblər, elçilər monqolları Yaxın və Orta Şərqə dəvət edirdilər ki, buradakı müsəlmanların və türklərin ağalığına son qoysunlar. Bu yürüşlər zamanı xüsusilə monqollara qarşı döyüşən cəbhəyə əfşarlar liderlik edirdi. Əfşarlar Xarəzmşah Cəlaləddinin ordusunun tərkibində bir neçə dəfə monqollara qarşı döyüşmüşdülər. Sonradan onların böyük bir qismi Misirə, bir qismi Anadoluya doğru getmişdi. Bir qismi isə Azərbaycanda qalıb monqol işğallarına qarşı mübarizə aparmışdı.

Qaramanoğulları əfşar dövlətinin yaranması

Belə bir dövrdə Anadoluda əfşarlar tərəfindən qurulan yeni bir dövlət meydana çıxır. Bu dövlət Qaramanoğulları dövləti idi. Anadolunun tarixi coğrafiyasına fikir versək, bu dövlət həm ərazi baxımından çox böyük idi, həm də dövlətin ərazisində 2 milyon insan yaşayırdı. Orta əsrlər dövründə bu qədər əhali heç də kiçik rəqəm deyildi. Bu dövlətin başında əfşar soyundan olan hökmdarlar dayanırdı. Onların sırasında xüsusilə Məhəmməd bəyi qeyd etmək lazımdır. Qəribə olsa da, Qaramanoğullarının gerbləri və bayraqlarında türk xalqlarının “Musanın möhürü” adlandırdıqları 6 guşəli ulduz əks olunub. Mənbələrin məlumatına görə, Qaramanoğlu olan əfşarlar indiki Xəzər dənizinin şimalından gəlmiş əfşarlardan idi. Bu da onu göstərir ki, Xəzər Xaqanlığındakı musəvilik dövründə (musəviliklə yəhudiliyi qarışdırmaq lazım deyil) musəvilər özləri ilə Davidin 6 guşəli möhürünü də gətirmişdilər.

Türk dilinə dövlət dili statusu verən Məhəmməd bəy Qaraman

Qaramanoğlu dövlətinin türk tarixində önəmi nədən ibarətdir? Bu dövlət ilk növbədə, monqolların Anadolunun içərilərinə doğru irəliləməsinin qarşısını aldılar. Bundan əlavə, Qaramanoğlu yeganə türk dövləti idi ki, 13 may 1277-ci ildə Məhəmməd bəy xüsusi fərman verdirmişdi: “Bundan sonra dərgahda, barigahda, bazarlarda, hətta evlərdə danışılacaq tək dil türk dili olmalıdır”. Buna görə də bu gün Qaraman ərazisində 13 may türk dili günü kimi qeyd olunur. Qaramanoğulları təkcə, öz ərazilərində deyil, eyni zamanda qonşu bölgələrdə əfşarlarla eyni soydan olan Zürqədəroğulları dövlətinin yaranmasına yaxından kömək etdilər və Gərmiyanoğlu bəyliyinin yaranmasında xüsusi fəaliyyət göstərdilər. Osmanlı dövləti meydana çıxandan sonra burada dinə üstünlük verilirdisə, Qaramanoğluda türklüyə önəm verilirdi. Qaramanoğlu bəyliyi Əmir Teymurun yürüşləri zamanı Teymurla, Qaraqoyunlularla müttəfiq olmuşdu, Ağqoyunlu dövləti ilə möhkəm dostluq əlaqələri qurmuşdu. Hətta bəzi türk tarixçiləri Ağqoyunluları da əfşar hesab edirlər. Hərçənd, mənbələrdə onların bayandurlar olduğu qeyd olunur. Eyni zamanda Səfəvilər dövründə Qaramandan getmiş bir qisim insan yetərincə sarayda yüksək vəzifələr tutmuşlar.

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin qurulmasında əfşarların öncül rolu

Bu dövlət 1487-ci ildə osmanlılar tərəfindən işğal edildi, ərazisi Osmanlı torpaqlarına birləşdirildi. Hətta o dövrün mənbələrində yazılıb ki, osmanlılar Balkan yarımadasında xristian xalqlarına qarşı etmədiklərini zülmü Qaramanoğlularına qarşı etdilər. Yəni, sözün əsl mənasında onlara divan tutuldu.
Qaraqoyunlularla, Ağqoyunlularla Qaramanoğulların, ümumiyyətlə, əfşarların yaxın əlaqələri vardı. Bir çox vilayətlər məhz əfşar bəyləri tərəfindən idarə edilirdi. Ağqoyunlu dövrünün görkəmli sərkərdələri sırasında əfşar Mənsur bəyi xüsusi qeyd etmək lazımdı. O, öncə Ağqoyunluların ordusunda döyüşürdüsə, sonradan Səfəvi dövləti qurularkən qızılbaşlığı qəbul edir və Səfəvilərin ən böyük sərkərdələrindən biri olur.

Səfəvilər dövlətini qurmuş 12 tayfadan üçü əfşar boyundan olub

Faktiki olaraq, Səfəvilər dövlətini quran tayfalar içərisində önəmli rola sahib olanlardan biri əfşarlar olub. Biz bunu mənbələrə istinadən deyirik, o dövrə aid mənbələrdən İsgəndər bəy Münşi Türkman "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsəri, Həsən bəy Rumlunun əsərləri, Don Xuan adı ilə İspaniyada yaşamış Oruc bəy Bayatın əsərini misal çəkmək olar. Oruc Bayatın əsərində əfşarlar Səfəvi dövlətinin qurulmasında iştirak etmiş qraf soyundan olan tayfa hesab edilir. O dövrdə əfşarlardan qismən ayrılmış zülqədər və ustaclı tayfaları da faktiki olaraq, əfşar soyundan gələn tayfalar idi. Səfəvi dövlətini qurmuş tayfalar içərisində zülqədər və ustaclı, inallı və əfşarlar var idi. Yəni, o 12 tayfadan üçü əfşar soyundan gəlmə idi. Sonrakı Səfəvi hökmdarlarının, məsələn, I Təhmasibin dövründə Sevindik bəy Əfşar sarayın ən mühüm adamlarından biri idi. Səfəvi sarayında qorçubaşı vəzifəsi ancaq əfşarlara verilirdi. Sevindik bəy Əfşar da qorçubaşı vəzifəsində idi. O, 90 yaşında vəfat etmişdi.

Şah Abbası taxta çıxaran türk boyu

Səfəvilər dövründə daxili çəkişmələr meydana gələndə əfşarlar hər zaman dövlətin qorunmasına çalışırdılar. Məsələn, Məhəmməd Xudabəndənin dövründə proses hətta ikihakimiyyətlilik səviyyəsinə qədər getmişdi. Belə bir dövrdə Alplı əfşar boyundan olan bir əfşarın sayəsində Səfəvi tarixinin günəşi sayıla biləcək Abbas taxta çıxarılır. Taxta çıxdıqdan sonra bir çox tayfaları sıxışdırmasına baxmayaraq, Şah Abbasın hakimiyyətə gəlməsində əfşarların böyük rolu olub. Səfəvi dövründə əfşarlar saray elitasının mühüm bir hissəsini təşkil edirdi.

Əfşarların dəyişməz hədəfi - Azərbaycanın bütövlüyü

Əfşarlar Səfəvi dövlətinin süqutu dövründə yenidən Azərbaycanın bütövlüyü, dövlətçiliyin saxlanması uğrunda mübarizədə iştirak edib. XVII əsrin sonunda hakimiyyətə gəlmiş Şah Sultan Hüseynin dövründə Səfəvi dövləti zəifləməyə başlayır. Çünki bu dövrdə Şah Sultan Hüseyn faktiki olaraq, qeyri-türklər tərəfindən əhatə olunmuşdu. Onun vəzirlərinin əksəriyyəti türk kökənli deyildilər. Bu dövrdə əfşarlar Xorasan, Xuzistan istiqamətində, Azərbaycanda, xüsusilə, Qarabağda məskunlaşmışdılar. Belə bir vaxtda Vaqiyəti-Mirveys deyilən hadisə baş verir, yəni Əfqanıstanda gilzay tayfaları ayağa qalxırlar. Müşkür və Tabasaranda Qazıqumuxlu Surxay xanla Hacı Davudun üsyanları baş verir. Şah Sultan Hüseynin isə sanki bu üsyanlardan xəbəri yox idi. Çünki vəzirlər onu qapalı vəziyyətdə saxlayıblar. Şah Sultan Hüseyn baş verənlərdən yalnız əfqan qoşunları İsfahanın qapıları önünə çatdıqdan sonra xəbər tutur. İsfahan şəhəri gilzay əfqanlarının əlinə keçəndən sonra Mirmahmud xan görünməmiş vəhşilik edir –Şah Sultan Hüseynin gözü önündə onun Təhmasibdən başqa bütün övladlarını qətlə yetirir. Əfşarlar Təhmasibi İsfahandan çıxarıb Azərbaycan ərazisinə gətirirlər və onu Ərdəbildə şah elan etməyə nail olurlar. Bu isə əfşarların dövlətçiliyimiz tarixində mühüm rol oynadığını göstərir. Hətta Səfəvi dövlətində sülalə dəyişikliyi dövründə belə əfşarlar Azərbaycanın bütövlüyünü qorumağa nail olurlar. Məhz onların da dəstəyi sayəsində indiyə qədər mövcud olmuş Azərbaycan dövlətləri içərisində ən geniş əraziyə sahib dövlət qurulur. Dehlidən Qarsa qədər uzanan böyük bir Əfşar İmperatorluğu qurulur və bu imperiyanın qurucusu olan Nadir xan Əfşarın tarixə imza atdığı dövr başlayır. Əfşarların qızıl dövrü!

(ardı var)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.