Əfqanıstanda 100 illərdir “Azərbaycan sərhədini” qoruyan tayfa

25-05-2016, 10:38           

APA TV-nin “Səsli tarix” layihəsi çərçivəsində 24 oğuz boyundan biri olan əfşarların tarixdə yeri və roluna dair mövzunu davam etdiririk. Proqramda sayları 10 milyondan çox olan, İraq və Suriyada türkman, Pakistan və Əfqanıstanda qızılbaş adı ilə tanınan, Anadoluda, İranda, Azərbaycanda toplu şəkildə yaşayan əfşarlarla bağlı yeni maraqlı faktlar yer alıb. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin əfşarlarla bağlı fikirləri ilə tanış olmağa dəvət edirik.


Ərdəbilin işğalı şərəfinə İstanbulda, Bakının işğalı şərəfinə Peterburqda atəşfəşanlıq

Əfşarlar oğuzların 24 boyundan biri, həm də dövlət qurmağa nail olmuş 5 böyük boydan biridir. Onlar təkcə Yaxın və Orta Şərqin güclü dövlətlərindən olan Zəngilər, Qaramanoğulları, Germiyanoğulları dövlətlərinin qurulmasında iştirak etməyib, həm də Azərbaycan türklərinin soy kökünün formalaşmasında önəmli rola sahib olublar. Səfəvilər dövlətinin zəifləməsi dönəmində əfşarlar yenidən tarix səhifəsinə çıxırlar. Bu tayfanın nümayəndəsi olan Nadir xan yenidən Azərbaycanın bütövlüyü qorumaq uğrunda mübarizəyə başlayır. Onun fəaliyyəti elə bir dövrə təsadüf etmişdi ki, Azərbaycan qərbdən Osmanlı, şimaldan Rusiya, şərqdən isə əfqan tayfalarının hücumuna məruz qalmışdı və faktiki olaraq, Azərbaycan türklərinin əlində Ərdəbil və onun ətrafındakı ərazilər qalmışdı. Belə bir zamanda Rusiya bu əraziyə soxulmaq üçün Pyotrun bəyannaməsindən istifadə etmişdi (Rusiya imperatoru I Pyotr 1722-ci ildə Azərbaycan türkcəsində “Bəyannamə” hazırlatmışdı). Hətta 1723-cü ildə imzalanmış Peterburq müqaviləsinə əsasən, Xəzər dənizinin sahil boyu ruslara verilməli di. Eyni zamanda rusların bu bölgədə hərəkətliliyi Qərb tərəfdən Osmanlını da hərəkətə keçirir və işğal başlanır. Hətta rus qoşunları ilə toqquşma ehtimalı da yaranır. 1724-cü ildə Rusiya ilə Osmanlı arasında “İstanbul müqaviləsi” imzalanır. Bu müqaviləyə əsasən, Xəzər dənizinin qərb sahilləri Rusiyanın, qalan ərazilər isə Osmanlının ixtiyarına verildi. Ərdəbil isə neytral şəhər hesab olunurdu və heç bir dövlət tərəfindən işğal olunmamalı idi. Lakin təəssüf ki, Ərdəbil Osmanlı tərəfindən işğal edilir. Bakının tutulması şərəfinə Peterburqda, Ərdəbilin tutulması şərəfinə isə İstanbulda atəşfəşanlıq təşkil olunur. Məhz belə bir zamanda əfşar soyundan olan Nadir xanın siyasi fəaliyyəti başlayır.

Rusları və Osmanlını Azərbaycandan çıxaran, Səfəvilərin tarixi ərazilərini bərpa edən Nadir xan Əfşar

Nadir türk-islam adəti ilə siyirmə qılıncını boynundan asaraq II Təhmasibin qulluğuna gəlir. Bu o demək idi ki, “qarşında boynum ipdən də nazikdir. Ya icazə ver yolunda döyüşüm, ya da bu qılıncla başımı kəs”. Təbii ki, Nadir kimi sərkərdənin onun səfinə keçməsi II Təhmasibi daha da qüvvətləndirir. Nadir qüvvələrinin əksəriyyəti məhz əfşar tayfalarından ibarət idi. Çox qısa zamanda 1725-27-ci illərdə ard-arda əfqanları məğlub edən Nadir onları demək olar ki, Səfəvilərin şərq sərhədlərindən uzaqlaşdıra bilir. Bundan sonra Nadir xan Əfşarın qoşunlarının əsas zərbə qüvvəsi osmanlılara doğru yönəlir. Nadirlə II Təhmasib arasında razılaşma var idi. Onlar hər addımı bir yerdə atmalı idilər. Nadirin şöhrətinin, orduda nüfuzunun artması istər-istəməz II Təhmasibin qısqanclığına səbəb olur. Və Təhmasib Nadirdən xəbərsiz Osmanlı ilə savaşa girərək məğlubiyyətə uğrayır. Bundan sonra imzalanmış müqaviləyə əsasən, vaxtilə Nadir tərəfindən azad edilmiş Araz çayından şimaldakı torpaqlar yenidən Osmanlının əlinə keçir. Bu zaman Nadir Təhmasibi hakimiyyətdən uzaqlaşdırmağa məcbur olur. Onun oğlu III Abbası şah elan edir, özü də onun qəyyumu, yaxud atabəyi kimi çıxış etməyə başlayır. Nadir dövrün ən güclü ordularından olan rus ordusunu 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqaviləsi əsasında bu ərazilərdən çıxarmağı bacarır. Osmanlı ilə yenidən başlanan savaşda onları sarsıdıcı məğlubiyyətə uğradan Nadir Səfəvilərin tarixi ərazilərini bərpa edir.

“Azərbaycanın Napoleonu” Nadir şah

Nadirin gücü nədə idi? İlk növbədə, Azərbaycan türklərinə arxalanmasında. İkincisi, Nadir hərb sənətində yenilik etmişdi. Ayrı-ayrı mənbələrdə onu İran, fars “Napoleonu” adlandırırlar, ancaq italyan dilli ədəbiyyatda, məsələn, Rafael Bledanın əsərində Nadir “Azərbaycan Napoleonu” adlandırılır. Nəyə görə onu belə adlandırırdılar? Əslində, nəzərə alsaq ki, Nadir Napoleondan əvvəl yaşayıb, Napoleona “Fransanın Nadiri” deyilməli idi. Nadir ilk dəfə topçuluq sənətində yenilik etmişdi - topun lüləsinə dərəcə vermişdi. Topun lüləsi nə qədər yuxarı qalxarsa, onun atılma məsafəsi o qədər kiçilir. Nadir bu dəyişikliyi etməklə Osmanlı ordusunu çaşdırmışdı. Hərbi dildə desək, “kimyəvi silah”dan da ilk dəfə Nadir istifadə edib. Düzdür, buna klassik mənada kimyəvi silah demək olmazdı. O, qurğuşun əvəzinə kükürddən istifadə etmiş və itki olmasın deyə bu addımı atmışdı. Kükürd gözü yaşartdığına görə, Nadir toplarının atəşindən sonra Osmanlı ordusu döyüşsüz geri çəkilirdi. Nadir rəqiblərinə qarşı amansız deyildi. O, 1736-cı ildə unudulmuş türk qaydasını, “Gənəş” adlı məclisi bərpa edir. Buna tarixdə “Muğan qurultayı” deyilir. Muğan qurultayında Nadir şah elan olunur.

Hindistan şahına məktub: “Mənimlə ancaq türk dilində danışmalısan”

Nadir haqqında yazan bütün mənbələr onun ancaq türk dilində danışdığını qeyd edirlər. Hətta Hindistana yürüş zamanı onun Məhəmməd şah Moğola məktubu var. Bu məktubda o, türk olduğunu, böyük nəsil və böyük tayfadan olduğunu xüsusi vurğulayır, eyni zamanda onunla türk dilində danışılmasını tələb edirdi. Sərkərdələrindən biri Məhəmməd şah Moğola tövsiyə etmişdi ki, Nadirin xoşuna gəlmək istəyirsə, onunla türk dilində danışsın.

Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri - tarixdə 1925-ci ilə kimi İran adlı dövlət olmayıb

Nadir şahın dövründə Azərbaycan dövləti olduğu kimi qalırdı. Əgər keçmişdə bu dövlətə “Məmləkəti-Məhrusi Səfəvi”, yəni Səfəvilər dövləti deyilirdisə, sonradan Azərbaycan metropoliyası olan dövlət “Məmləkəti-Məhrusi Əfşaran”, yəni Əfşarlar dövləti adlandırılır. Əfşarlar dövlətçilik ənənəsini qacarlara ötürəndə isə dövlətin adı dəyişdirilərək “Məmləkəti-Məhrusi Qacar” olur. Bu ad 1925-ci ildə Qacarlar hakimiyyətdən devrilənə qədər qorunub saxlandı. 1725-ci ildə Rza şah Pəhləvi dövlətin adının İran adlandırılması ilə bağlı dünya ölkələrinə müraciət edir və onun istəyi 10 ildən sonra reallaşır. Çox təəssüf ki, buna qədər coğrafi məna daşıyan ad artıq siyasi mənada işlənməyə başlayır.

Türkiyə tarixşünaslığı: Nadir türk dünyasının sonuncu cahangiri olub

Nadir, haqqında danışdığımız əfşarlar arasında ən böyük simalardan biri idi. Hətta Türkiyə tarixşünaslığında da belə bir etiraf var - “türk dünyasının sonuncu cahangiri Nadir”.
Nadirin vəfatı əfşarların siyasi səhnədən uzaqlaşması demək deyildi. Hakimiyyətə növbəti türk dövlətinin, türk soyunun gəlməsində yenə də əfşarlar mühüm rol oynamışdılar. Nadirin öldürülməsindən sonra bu ərazidə yaranmış dövlətlər, xüsusilə Azərbaycanda 2 böyük xanlığın - Qarabağ və Urmiya xanlığının başçıları əfşar soyundan idi. Qarabağda hakimiyyətə gələn Pənahəli xan əfşarların Cavanşir soyundan idi, Urmiyada hakimiyyətə gələn Fətəli xan Əfşar isə Nadirin doğma əmisi oğlu idi. Məhz bu xanlıqlar Azərbaycanın birləşdirilməsi uğrunda sonadək mübarizə aparan xanlıqlardır. Tarixin bundan sonrakı mərhələsini təhlil edərkən təssüf ki, qacarları əfşarlara qarşı qoymağa çalışırlar. Bu, kökündən yanlış iddiadır. Bu coğrafiyada hakimiyyəti ələ almağa çalışan zəndləri geri oturdan məhz qacarlarla əfşarların birliyi oldu.

Nadir şahın indiki Hindistan, Pakistan və Əfqanıstanda varisləri

Əfşarların yayılma arealı təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmır. Bunu istər toponomika, istərsə də əfşarların müasir durumu ilə izah etmək mümkündür. Əfşarların yayılma arealının ən şərq nöqtəsi indiki Hindistan sərhədləridir. Bugünkü əfşarların yaşadığı ərazilərin tarixi coğrafiyası demək olar ki, 90% Nadir şah imperatorluğunun sərhədləri ilə üst-üstə düşür. İndiki Pakistanın Lahor şəhərində əfşarlar Qızılbaşiyan adı ilə tanınır.

Əfqanıstan əfşarları: “Burada Əzərbəycan sərhədlərini qoruyuruq”

İndiki Əfqanıstanın Qəndəhar və Kabil şəhərlərində yaşayan əfşarlar çox zaman özlərinə qızılbaş deyirlər, amma son zamanlar etnonim kimi əfşar sözündən istifadə etməyə üstünlük veriblər. Hətta indiki Əfqanıstan ərazisində Qarabağ adında bir neçə yaşayış məskəni var. Onların danışdığı dili ilə, bizim dil arasında heç bir fərq yoxdur. O cümlədən davranışlarımız və dünyagörüşümüz arasında da. Əfqanıstan hərbi xidmət keçən zaman burada yaşayan əfşar ağsaqqalları ilə söhbətləşmək fürsətim olub. Əfşar ağsaqqallarına “niyə burada məskunlaşmısınız” sualı verəndə, cavab verirlər ki, “biz Əzərbaycan sınırını qoruyuruq”. Mən orta məktəb səviyyəsi olmayan əfşarı elmi dərəcəsi olan alimdən üstün tuturam.

Azərbaycanda əfşar toponimikası - Afşar, Qaramanoğulları, İmir, Qırxlı, Ərəş, Dəllər...

Qərbə doğru getdikcə Məşhəd əfşarların ən çox yaşadığı bölgələrdən biridir. Məşhədin paytaxt olduğu Xorasan əhalisinin xeyli hissəsi əfşarlardır. İndiki İran İslam Respublikasının digər hissələrində də onlar geniş şəkildə yaşayırlar. Əfşarlar Xuzistan, Həmədan, Kirmanda, cənubda olan ərazilərdə məskunlaşıblar. Şimali Azərbaycanda əfşarların yayılma arealını oradakı toponomikası ilə izləmək mümkündür - Azərbaycanda Afşar, Qaramanoğulları, İmir, Qırxlı, Ərəş, Dəllər kimi yer adları adlarını daşıyan bölgələr var, bunlar əfşar tayfalarının adlarıdır.

Dövrümüzün əfşar yurdları - Anadolu, Mosul, Kərkük, Hələb, Şam...

Əfşarların müasir dövrdə yaşadığı digər bölgələr isə Türkiyə Respublikasında Anadolu, oradan cənubda Mosul, Kərkük, eyni zamanda indiki Suriya ərazisində Hələb və Şam hesab olunur. Hətta əfşarların bir qolunun İordaniya və Livan ərazilərində yaşadıqları da məlumdur. Bu ərazilərdə əfşarların yerləşməsi Səlcuqlardan da əvvəlki dövrlə əlaqəlidir. Təəssüf ki, Osmanlı ərazisində yaranan bu dövlətlərdə əfşarlar həddən artıq təqiblərə məruz qalıblar. Nəticədə onların böyük bir qismi ya dağlara çəkilib, ya da osmanlılara qarşı mübarizə aparırdı.

Koroğlu, Dadaloğlu - mənşəcə əfşar olan el qəhrəmanları, el ozanları

Azərbaycan dastanlarının ən böyük qəhrəmanlarından biri Koroğlu mənşəcə əfşar idi. Hətta Türkiyə, Anadolu folklorunda onun adı Dadaloğlu Koroğlu deyə keçir. Dadaloğlu isə nəinki, Kərkük, Bayır-Bucaq, Anadolunun, ümumiyyətlə, türk dünyasının ən böyük ozan şairlərindən biridir. Onun əfşarlarla bağlı məşhur misraları var:

“Aman, yenə köç eylədi əfşar elləri, fərman padişahın, dağlar bizimdir”.

Kərkük, Mosul, Bayır-Bucaqda mücadilə verən soydaşlarımız, qardaşlarımız - əfşarlar

Təəssüf ki, bu gün Türkiyədə əfşarları yanlış olaraq başqa bir etnos hesab edirlər. Kürd olduqları iddia olunan Anadolu əfşarları əslində türkdür. Sadəcə, Osmanlı dəftərdarlarının təzyiqindən yaxa qurtarmaq məqsədilə əfşarların bir qismi özlərini başqa adla tanıtmağa məcbur olmuşdular. Osmanlı dövründə əfşarları daha çox ucqarlara sürgün edərdilər. Bu səbəbdən də əfşarlar indiki Suriyada, Kərkükdə, Mosulda, yəni öz tarixi yurdlarında qala biliblər. Osmanlı bölünəndən sonra onların faciəli günləri başlanır. Əfşar türkmanlarına qarşı 50-ci illərdə İraq soyqırımı törədilib, Suriyada BƏƏS və ondan əvvəlki rejimlər dövründə basqılar olub, əfşar türkmanlarının ana dilində qəzetinin dərc olunmasına qadağa qoyulub, hətta onlara evdə belə türk dilində danışmaq qadağan edilib. Bunlar əfşarların ağır həyat yaşadıqlarını sübut edən faktlardır. Bu gün Azərbaycan türkü unutmamalıdır ki, Kərkük, Mosul, Bayır-Bucaqda yaşayan əfşarlar onlar üçün yad deyil, onlar bizim doğma qardaşlarımızdır. Bu gün onların orada yaşamaq uğrunda apardıqları mübarizə bizim tərəfimizdən də dəstəklənməlidir.

Atatürk əfşarlara necə sahib çıxıb?

1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Mustafa Kamal Atatürk əfşarlara xüsusi önəm verirdi. Bu məqsədlə hətta köy institutları yaradılmışdı. Əfşarlara torpaq paylandı, milli kimlikləri bərpa edildi, onların türk şüuru ilə fəxr etmələri üçün geniş şərait yaradıldı. Sanki Mustafa Kamal vaxtilə Nadirin atdığı addımı təkrar edirdi. Muğan qurultayında Nadirin qəbul etdiyi ən mühüm qərarlardan biri sünni-şiə xilafətini aradan qaldırmaq olmuşdu. O zaman sünni-şiə xilafətini aradan qaldırmaq üçün cəfəriliyə keçmə təklifi ruhanilər tərəfindən yaxşı qarşılanmamışdı.

Əfşarların sayı nə qədərdir - 10 milyon, yoxsa daha çox?

Hazırda əfşarların sayına gəldikdə isə, bunu dəqiq müəyyən etmək mümkün deyil. Çox zaman əfşarların sayı məsələsi gündəmə gələndə 1967-ci il siyahıya alınmasının nəticələri əsas götürülür. O siyahıya əsasən, İran ərazisində 350 min, Əfqanıstan ərazisində 30 minə yaxın əfşarın yaşadığı göstərilir. Türkiyə ərazisində əfşarlar ayrıca etnos kimi götürülmür. Bu da onların sayını müəyyən etməyə imkan vermir. Sadəcə olaraq, tarixi-coğrafi areallara baxsaq, yaşayış məntəqələrinin sayı ilə hesablasaq, Türkiyədə əfşarların sayı bəlkə də 2 milyona yaxındır. Əgər 1967-ci ildə Əfqanıstan ərazisində 30 min əfşar yaşayıbsa, o dövrdən artıq 56 ilə yaxın zaman keçib. Ən kiçik əfşar ailəsində 8-11 uşaq olur. Bu isə onu deməyə əsas verir ki, Əfqanıstanda əfşarların sayı bəlkə də 100 minləri keçib. Eyni sözü Hindistan haqqında da demək olar. Bu ölkədə Heydər Qızılbaş adlı əfşar balası Hindistanın boks üzrə çempionu olmuşdu. Hindistan və Pakistan arasında mübahisə predmeti olan Kəşmirdə, Pakistanın Lahor bölgəsində yaşayan əfşarları da hesablasaq, o zaman ümumilikdə, əfşarların sayı 5-6 milyona çatmış olur. Nəzərə almaq lazımdır ki, çox zaman ayrı etnos kimi təqdim olunan bıçaqçı, teymuri tayfaları da əfşarlardan ayrılıb. 90-cı illərin sonuna yaxın Suriyada 3 milyon, Kərkükdə isə 1-1,5 milyon əfşar yaşadığı göstərilirdi. Bütün bu rəqəmləri toplasaq, əfşarların sayının 10 milyona yaxın olduğunu demək olar.

Zərbi-məsəl: “Niyə qaçırsan, ardınca əfşar atlısı düşüb?”

Əfşar adı təkcə, zərb-məsəllərdə deyil, təbii ki, həyat tərzində də öz əksini tapıb. Bugünkü Kayseri, Konyada belə bir deyim var: “Niyə bərk qaçırsan? Ardınca əfşar atlısı düşüb?” Əfşarların mübarizəsi Türkiyə əfşarlarının zərb-məsəllərində, deyimlərində, mahnılarında indi də qalıb. Qeyd etdiyimiz kimi, əfşarların ən böyük şairlərdən biri Dadaloğlu idi. Bugünkü Rumelindən Hindistanın şimalına uzanan böyük ərazidə yaşayan əfşarların birliyinin təmin edilməsi təkcə, Azərbaycanın deyil, eyni zamanda Azərbaycanla qardaş olan, bir millət, iki dövlət olan Türkiyənin də vəzifə borcudur. Bu iki dövlətin əsas etnik ünsürlərindən olan əfşarların maddi və mənəvi mədəniyyətinin, folklorunun və digər sahələrin araşdırılması ilə ciddi şəkildə məşğul olunmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.