Çingiz Xan – tarixin müəmması…

5-06-2016, 01:18           
Çingiz Xan – tarixin müəmması…
“İgidlərə tale də kömək edir” Pubil Maron Vergili
Bəşəriyyət tarixində Çingiz xan kimi fitri istedada, dərin düşüncə və qabiliyyətə, güclü iradəyə, əhatəli məlumatlılığa malik sərkərdə, bəlkə də, olmayıb. Yeddi yüz il bundan qabaq, demək olar ki, bütün dünyanı fəth edən bu nəhəngi tarixçilər Yuli Sezar, Makedoniyalı İskəndər və Napoleon Bonapartla müqayisə edir və haqlı olaraq da üstünlüyü məhz ona – Çingiz xana verirlər.
Əslində, onu kimləsə müqyisə etmək cəhdi də yersizdir. Çünki onun şəxsiyyəti və fəaliyyətiylə yaxından tanış olduqca, malik olduğu yüksək keyfiyyətlərini adekvat ifadə etmək üçün lakonik elmi məfhumlar, belə demək mümkünsə, acizdir. İndiyə qədər qəbul edilmiş məfhumlarla onu səciyyələndirmək imkansızdır.
Çingiz xana tarixdə müxtəlif adlar verilib – “Allahın qəzəbi”, “Mükəmməl sərkərdə”, “Taxt-tacların sahibi” və i.a. Lakin bu adlar da onun özünəxas xüsusiyyətlərini tam əhatə etmir: o, həm cəsarətli və qəddar bir əsgərdir, həm məğlubedilməz sərkərdə, fateh, hüquqçu; həm qayğıkeş ailə başçısıdır, həm də bütöv xalqı öz doğma ailəsi kimi görən, xalqının ləyaqətini öz ləyaqəti bilən müdrik, ədalətli rəhbər, vətənpərvər dövlət qurucusu… Onun haqqında nə qədər çoxlu tədqiqatlar aparılsa, irihəcmli əsərlər yazılsa da, bu nəhəng şəxsiyyət tarixin sirri olaraq qalacaqdır. Doğrudan da, möcüzədir ki, məhv edilməsi üçün çoxsaylı və güclü düşmənləri tərəfindən təqib olunan 13 yaşlı bir uşaq qeyri-bərabər ölüm-dirim mübarizəsindən qalib çıxsın; köçəri həyat sürən bu balaca çoban və ovçu, biri digərinə qənim kəsilmiş ağıllı və müəmmalı uyğurları, yekəpər karaitiləri, igid yakka – monqolları, sərt tatarları, acıqlı və qaraqabaq merkitləri, qarlı Tundranın azdanışan və dözümlü sakinlərini vahid bir tayfa kimi birləşdirib ona başçılıq etsin və bu insan selini mütəşəkkil bir qüvvəyə – Orduya çevirib, onu müdirik bir sərkərdə kimi idaərə edərək, vahid məqsədə yönəltsin; üç impersyanı fəth etsin, xalqlar üçün qanunlar külliyyatı yaratsın… Bu möcüzə indiyədək açılmamış qalır. Maraqlıdır ki, Çingiz xanın özü uğurlarının səbəbini qanunlarda və onların gözlənməsində görürdü.
“Çingiz xanın Yasası”nda deyilir: “Beş yüz il və min illər keçəcək, Xanlıq səltənətində gələcək nəsillərimiz biri digərini əvəzləyəcək, əgər onlar qanunlarımızı pozmasalar, yerinə yetirsələr, Mavi Səma da ağılla idarə etmək və şad yaşamaq üçün onlara kömək edəcək”.
Qeyd etmək lazımdır ki, “Çingiz xanın Yasası” üç məqsədə xidmət edir: –
hamını Çingiz xana tabe etməyə: –
köçəri qəbilələri birləşdirməyə; –
əmələ görə cəzanın labüdlüyünə, yəni ədalət prinsipinin təmin olunmasına. Maraqlıdır ki, bu qanun, Roma hüququndan fərqli olaraq, mülkiyyətə deyil, insana yönəlmişdi. Yeri gəlmişkən, bu qanuna görə hər hansı insan öz təqsirini etiraf etməsəydi və yaxud da cinayət yerində yaxalanmasaydı, təqsirli sayılmazdı. O da çox təqdirəlayiqdir ki, savadsız monqollar arasında deyilən sözə böyük əhəmiyyət verilirdi; yalana, riyakarlığa dözümsüzlük var idi; sədaqət hər şeydən yüksək qiymətləndirilir, xəynət bağışlanılmaz qəbahət sayılırdı; tayfanın Xana sadiqliyi ən yüksək tələb idi; bir-birlərinə kömək göstərmək, başqalarını isə məhv etmək onların həyat prinspi idi və bu da “Yasa” dan irəli gəlirdi.
Türk tayfasından olan Çingiz xanın fəaliyyətini araşdıranda, məlum olur ki, tarixdən bizə təqdim edilən“monqol” adı bioloji varlıq kimi qətiyyən hər hansı konkret xalqı əks etdirmir. Bu fikri Çingiz xanın sözləri də təsdiqləyir.
O, dönə-dönə qeyd edirdi: “İstəyirəm ki, gələcəkdə uğurlarımı və itkilərimi mənimlə bölüşdürən bütün insanları, – hansıların ki, sədaqəti dağ bülluruna bənzəyir, – monqol adlandırım. İstəyirəm ki, onlar bütün nəfəs alanların üzərində hakim olsunlar.”
Tarixə “Çingiz xanın Yasası” kimi daxil olan bu qanunlar külluyatının tam mətnini əldə etmək, çox təəssüf ki, mümkün olmadı. Biz yalnız onun indiyədək ayrı-ayrı tədqiqat əsərlərində, kitablarda çap olunmuş hissələrini bir yerə toplaya bilmişik.
Oxucularda Çingiz xan şəxsiyyəti haqqında real təsəvvür yarada bilsin deyə, həmin hissələri təqdim etmək qərarına gəldik:
“ Ancaq Yeri və Göyü yaradan yeganə Tanrı var.
Təkcə O, insana həyat verir və onu ölümə məhkum edir, istədiyi kimi onu varlı və ya kasıb edir. Onun hər şey üzərində mütləq hakimiyyəti var; – Dini rəhbərlər, özlərini Allaha itaətə həsr edən moizəçilər, rahiblər, məscidlərin azançıları, həkimlər, ölüyuyanlar vergilərdən azaddırlar;
– Şahzadələrin, xanların, qoşun başçılarının və digər əyanların Ümumi Toplantısında seçilməmiş şəxsin əvvəlcədən, kim olmasından asılı olmayaraq, özünü imperator elan etməsi qadağandır;
– Monqollara tabe olan qəbilə və xalqların başçılarının yüksək titullar daşıması qadağandır;
– Tabe olmayan monarx, şahzadə, yaxud xalqla hər hansı sülh qadağandır;
– Ordunun onluğa, yüzlüyə, minliyə və on minliyə bölünməsi prinsipi saxlansın. Bu qayda qısa müddətdə Ordunu toplamağa, başda komandirləri olmaqla, hərbi hissələri təşkil etməyə imkan yaradır;
– Öz evində, ailəsində və torpağında qayda yaradan hər kəs böyük bir ölkəyə rəhbərlik etməyə layiqdir. Öz ətrafına on nəfəri toplayıb, onları yaxşı əsgər edən və döyüşdə onlara başçılıq etməyə bacaran hər kəs on minə də rəhbərlik etməyə layiqdir;
– Hərbi yürüş vaxtı gələndə hər bir döyüşçü bu iş üçün təyin edilmiş komandirdən silah götürür. Döyüşçü silahı hazır saxlamalı, döyüşdən qabaq yoxlamaq üçün komandirinə verməlidir;
– Ali Komandanlıqdan icazə almadan düşmən düşərgəsində soyğunçuluq etmək qadağandır və ölümlə cəzalandırılır. Yalnız Ali Komandalığın icazəsindən sonra sıravi döyüşçü komandirilə bərabər hüquqa malikdir. Ona İmperator üçün bac yığana öz payını verməklə, əldə etdiyi hər şeyi götürməyə icazə verilir;
– Ordunun döyüş hazırlığını saxlamaq üçün hər qış böyük ov təşkil edilməlidir. Bu səbəbdən, kim olur-olsun, martdan oktyabra qədər maralları, keçiləri, cüyürləri, dovşanları, vəhşi uzunqulaqları və bəzi quş növlərini ovlamaq qadağandır;

– Əti yeyilən heyvanların boğazını kəsmək qadağandır. Ovçu heyvanın ayaqlarını bağlamaılı, döşünü kəsib əli ilə ürəyini çıxarmalıdır;
– Əvəllər qadağan olunsa da, heyvanların qanını içməyə və içalatını yeməyə icazə verilir;
– Kim müharibəyə getmirsə, müəyyən vaxt ərzində imperiya üçün pulsuz işləməlidir;
– At, yüyən və yaxud da bu dəyərdə hər hansı bir əşya oğurluğunda ifşa olunan edam edilir, onun cəsədi iki hissəyə bölünür. Xırda oğurluğa görə cəza, oğurlanan əşyanın qiymətinə görə çıxarılır
– yeddi, on yeddi… ta ki, yeddi yüzə qədər çubuq zərbəsi təyin edilir. Oğurlanmış əşyaların dəyərini doqquz qat (“doqquz” qədim türklərin müqəddəs sayıdır. Çingiz xanın qəbiləsinin bayrağı da Tibet öküzünün doqquz quyruğundan ibarət idi. Ona görə, bu qəbiləyə yakka- monqol deyirdilər – İ.İ.) ödənilməsi şərtilə bədən cəzasından xilas olmaq mümkündür;
– İmperiyanın heç bir rəiyyəti monqolu qulluqçu və yaxud da qul kimi saxlaya bilməz. Hər bir monqol, bəzi istisnalarla, Orduda qulluq etməlidir; – Yadelli qulların qaçmalarına yol verməmək üçün onları gizlədənlər, onlara yemək və paltar verənlər ölümlə cəzalandırılır;
– Kişinin ən birinci təyinatı – düşmənini məhv etmək, onun hər şeyinə sahib olmaqdır;
– Kişi üçün ən böyük həzz – düşmənlərinin bəslədikləri atlara minmək, onların arvadlarını acı- acı ağlatmaq, ağlayan arvadlarını sevindirmək, onların sinəsini özünə yastıq etmək, yanaqlarına toxunmaq və yaqut ağızlarından ləzzət almaqdır;
– Hər kəs arvad ala bilər. Lakin birinci və ikinci qohumluq dərəcəsində olanlar arasında nigah qadağan edilir. Kişi iki bacı ilə evlənə və bir neçə kəniz saxlaya bilər. Qadınlar əmlakın qayğısına qalmalıdırlar və istədikləri kimi bazarlıq edə bilərlər. Kişilər isə ancaq ov etməli və döyüşməlidirlər. Kənizlərdən olan uşaqlar arvadlardan olan uşaqlarla eyni hüquqludurlar. Birinci kəbindən olan övlad başqa uşaqlardan üstün tutulur və varis sayılır;
– Zinalıq ölümlə cəzalandırılır və bu əməldə ifşa olunanlar yerindəcə öldürülə bilər;
– Arvada görə kişinin keyfiyyəti haqqında fikir yürütmək olar. Əgər arvad axmaqdırsa, özünü pis aparırsa, deməli, o, pis kişinin və yaramaz ərin əlinə düşüb;
– Əgər oğullar atalarını, kiçik qardaşlar böyük qardaşlarını eşitmirlərsə, ər arvadına etibar etmirsə, arvad da ərinə tabe olmursa, güclü zəifi müdafiə etmirsə, balaca böyüyə inanmırsa, böyük isə kiçiyə hörmət etmirsə, məmurlar ölkənin var-dövlətini mənimsəyib, özləri isə ölkəni varlandırmırsa, o xalq bədbəxtdir. Belə xalqı yalançılar və sələmçilər ələ keçirərlər;
– Tufan vaxtı axar suda çimmək və paltar yumaq qadağandır;
– Casuslar, yalançı şahidlər, çirkli işlərə qol qoyanlar, cadugərlər ölümə məhkumdurlar;
– Öz vəzifələrinin öhdəsindən gələ bilməyən, yaxud Xanın çağrışına cavab verməyən sərkərdə və başçılar, xüsusilə də uzaq bölgələrdən olanlar, edam ediləcəklər. Əgər onların xətaları çox da ciddi deyilsə, onda şəxsən Xanın qarşısında cavab verməlidirlər;
– Əgər insan şüurunu şərabla dumanlandırırsa, o, kar və kor olur. O, nəinki görə, həm də eşidə və cavab verə bilmir. Şərabdan nə var-dövlət, nə ağıl, nə səhhət, nə fədakarlıq, nə də hərbi qənimət artar. Sərxoş halda elə hərəkətlər edilir ki, ona görə də hər bir ayıq kişi xəcalət çəkir. Əsl mərdlik xırda, mənasız dava-dalaşa xərclənir. Sərxoş adam özünü bilik və incəsənətdən məhrum edir. Şərabı sevən hökmdar şöhrətəlayiq heç bir hərəkət edə bilməz. Əgər insan şəraba qalib gələ bilmirsə, onda o, ayda üç dəfə içməlidir. Əgər o, ayda iki dəfə içirsə, ona eşq olsun. Əgər ayda bir dəfə içirsə, ona iki dəfə eşq olsun. Əgər heç içmirsə, o, hörmətə layiqdir. Ancaq göstərin mənə – belə bir adam hardadır? – Öz adamlarımızın içində zorakılıq yasaqdır. Monqollar arasında dava-dalaş, küsülülük qadağandır…” Bu sadalanan qaydalar, tələblər, şübhəsiz, “Çingiz Xanın Yasası”nı tam xarakterizə etmir. Qanunun tam mətnini əldə etmək imkan xaricində olsa da, fikrimizcə, bunlar da Çingiz xanın fəth etdiyi ölkələr kimi, nəhəngliyini təsdiqləyən işartılar, göstəricilərdir. Heç də təsadüfi deyil ki, bir növ, Çingiz xanın vəsiyyəti sayılan “Yasa”nı rəhbər tutan onun oğulları, nəvələri və sonrakı törəmələri əsrlərlə hakimiyyət başında oldular. Sonrakı fatehlər – Teymurləng və onun nəslindən olan, Hindistanı tutaraq Böyük Moğollar səltənətinin əsasını qoyan Zahirəddin Məhəmməd Babur da bu “Yasa”nı rəhbər tutaraq yaşadı və imperiyasını idarə etdi. Babur deyirdi: “Mənim əcdadlarım və ailəm Çingiz xanın qanunlarına həmişə dərin hörmətlə, pərəstişlə yanaşıb. Öz əhatəmizdə, sarayda, bayram şənliklərində, əyləncələrdə yatdığımız və durduğumuz anlarda belə, Çingiz xanın qanunlarının ziddinə davranmamışıq”. Beləliklə, tarix də, gündəlik həyat da sübut edir ki, qanunun aliliyi xalqın formalaşmasının, ayrıseçkiliyə yol verilməməsinin, insanın hüquq və azdlıqlarının qorunması üçün ictimai həyatın əmin-amanlığının və deməli, cəmiyyətin irəliyə doğru inkişafının zəruri şərtlərindəndir. Başqa sözlə, xalq o yerdə güclü olar ki, orada Russo demişkən, “ən birinci qanun – qanuna hörmət qanunu” olsun. Gəlin, bunu unutmayaq, ona daim əməl edək! Strateq.az
İlyas İSMAYILOV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.