Babəki, Çingiz xanı və Şah İsmayılı birləşdirən müəmma

3-06-2023, 00:09           
Babəki, Çingiz xanı və Şah İsmayılı birləşdirən müəmma
İran tarixçisi Səid Nəfisi (1895–1966) özünün “Azərbaycan qəhrəmanı Babək Xürrəmdin” adlı əsərində Əbul Fərəc Muhəmməd ibn Nədimin (?–990) “Kitab əl-fihrist” adlı əsərinə istinadla belə bir məlumat vermişdir:
“Rəvayət edirlər ki, bir gün Babəkin (798–838) anası kənddən çıxıb oğlunun dalınca getdi. Babək o zaman camaatın mal-qarasını otarırdı. Anası onu bir ağacın altında, çılpaq halda yatmış gördü. Onun sinəsindən və başındakı tüklərin dibindən qan axırdı. Babək yuxudan ayılıb ayağa qalxdıqda qandan heç bir əsər-əlamət qalmadı. Qadın başa düşdü ki, oğlu bu yaxınlarda böyüyüb yüksələcəkdir”.
Müəllifi bəlli olmayan, XIII əsrdə yazıldığı ehtimal edilən “Monqolların gizli tarixi” (Monqğolun niğuca tobciyan və ya Yuan çao bi-şi) adlı əsərdən: “Çingiz xanın (1155–1227) müdrik anası Oelun söylədi: Əbəs yerə deyil ki, Çingiz xan qəzəblə, ovcunda bir parça laxtalanmış qanı sıxmış vəziyyətdə doğuldu”.
Hindistanın şiə məzhəbli Əhmədnaqar dövlətinin sultanı Burhan Nizamşahın (?–1553) elçisi, 19 il Səfəvi sarayında yaşamış Hürşah ibn Qubad (?–1565) özünün “Tarxe elçiye Nizamşah” adlı əsərində yazırdı: “Şah İsmayıl (1487–1524) doğulanda Şeyx Heydərə (1459–1488) dedilər ki, körpənin sıxılmış ovcu qan içindədir. Bu, onun cəsarət və qətiyyətindən xəbər verir. O, elə vahiməli olacaq ki, (Firdovsinin “Şahnamə” əsərinin) qəhrəmanı Bəhram (Şah İsmayılı görsəydi) qorxudan Nahidin çadırında gizlənərdi”.
İlk baxışdan elə görünə bilər ki, bu üç tarixi şəxsiyyət arasında elə bir ciddi bağlılıq yoxdur.
1. Çingiz xan Babəkdən 317 il sonra, Şah İsmayıl isə Çingiz xandan 260 il sonra dünyaya gəlmişdir.
2. Babək Qaradağın və ya Ərdəbilin Bilalabad kəndində, Çingiz xan indiki Monqolustanda, Şah İsmayıl isə Ərdəbil vilayətinin Meşkin şəhərində anadan olmuşdur.
3. Babək İslam dininin keysaniyyə məzhəbinə, Çingiz xan tanrıçılığa, Şah İsmayıl isə İslam dininin On İki İmam məzhəbinə etiqad etmişdir.
4. Babək yalnız Cənubi Azərbaycanın indiki Qaradağ və Ərdəbil mahallarında, eləcə də Muğan düzü və qismən Qarabağda, Çingiz xan Avrasiyanın böyük bir hissəsində, Şah İsmayıl isə bütün Azərbaycan, Qafqaz, Şərqi Anadolu, İran, İraq və Əfqanıstanda hökmranlıq etmişdir.
5. Onların hər üçü hökmdar olsa da, sonda Babək məğlub olmuş və edam edilmiş, Çingiz xanla Şah İsmayıl isə qalib gəlmişdilər.
6. Babək 40 yaşında, Çingiz xan 63 yaşında, Şah İsmayıl 37 yaşında bu dünyadan köçmüşdür.
7. Babəkin qurduğu dövlət 20 il, Çingiz xanın qurduğu dövlət 580 il, Şah İsmayılın qurduğu dövlət isə 236 il yaşamışdır.
Sadaladıqlarımız Babəki, Çingiz xanı və Şah İsmayılı bir-birindən fərqləndirən əlamətlərdir. Amma onların arasında real bağlılıq da vardır.
Məsələ ondadır ki, Şah İsmayılın ana nənəsi Teodora xatunun (1438–1478) adı tarixdə qalmamış anası Çingiz xanın böyük oğlu Cuçi xanın (1182–1224) nəslindən olan Qızıl Orda xanı Dövlət Berdi xanın (?–1432) qızı idi.
Haşiyə. O dövrün bəzi Qərb müəllifləri Teodora xatunu həm də Katerina adlandırmışlar. Lakin fransız tarixçisi Charles Diehlin (1859–1944) əsaslandırılmış fərziyyəsinə görə, Teodora xatunun Katerina adı Qızıl Orda (türk-moğol) zadəgan xanımlarının “xatun” titulunun təhrifi nəticəsində ortaya çıxmışdır.
Beləliklə, həm Çingiz xanın, həm də Şah İsmayılın qana batmış yumruqla doğulmalarının səbəbinə qismən də olsa aydınlıq gətirə bildik. Şah İsmayıl ana xəttilə Çingiz xanın da nəslindən sayılır. Hər bir halda Şah İsmayılın XIII əsrin əvvəllərində yaşamış təxminən 256 babasından biri Çingiz xan idi. Deməli, ehtimal edə bilərik ki, Çingiz xan olmasaydı, Şah İsmayıl da olmayacaqdı. Babanın başına gəlmiş hansısa hadisənin onun törəməsinin taleyində təkrarlanması isə təəccüblü görünməməlidir.
Bəs Babəkin bu məsələyə nə dəxli var? Əlbəttə, var! Babək və Şah İsmayılın əsli eyni bölgədən – Azərbaycanın Qaradağ–Ərdəbil zonasından idi.
P.S. Bu üç tarixi şəxsiyyəti bir-birinə daha bir cəhət yaxınlaşdırır. Bəllidir ki, Babək İmam Əli ibn Əbu Talibin oğlu Muhəmməd Hənəfiyyənin məzhəbində olmuş, Şah İsmayıl isə İmam Əli ibn Əbu Talibə böyük məhəbbət bəsləmişdir. Çingiz xana gəlincə, o, öz “Yasa”sında bəyan etmişdir ki, Yeri və Göyü yaratmış Tanrı təkdir, Əli bəy Əbu Talibin övladlarından heç bir vergi və xərac alınmayacaqdır.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.