Əmir Teymurla Sultan Bəyazidin məktublaşması - Acı tarix

6-09-2016, 09:42           
Əmir Teymurla Sultan Bəyazidin məktublaşması - Acı tarix
Tarixdə şahların, xanların və sultanların sülh məktubları ilə yanaşı, xeyli sayda hədə dolu yazışmaları da var. Hədə dolu belə məktublar Əmir Teymurla Sultan Bəyazid arasında da olub. Teymur ondan qaçıb Osmanlıya sığınan Qara Yusiflə Sultan Əhmədi geri vermək üçün Bəyazidə dörd məktub yazır. Osmanlı Sultanı ona sığınanları təhvil verməkdən imtina edərək, Teymura təhqiramiz bir cavab yazır.

Admiral.az həmin məktubların birincisini təqdim edir:

Teymur xanın Yıldırım Bəyazidə I məktubu

“Əzəmət və səltənətin nurları hər yana yayılan, öz nuru ilə kainatın hər yanını nura qərq edən Allahu Təalaya şükürlər olsun! Ən şərəfli dinlə göndərilən, yüksək fəzilət və ən mükəmməl əxlaq sahibi olan Peyğəmbərinə səlat və salam olsun!

Yüksək alinə, səhabələrinə və qiyamətə qədər onlara tabe olanlara dualar olsun.

Əmiri Əzəm Teymur Gürgandan ərəb olmayan əmirlərin ən adili, Allahın düşmən üzərinə çəkilmiş qılıncı və ədaləti, sevdiyi qulları üçün göndərilən, düşməni və münkirləri ortadan qaldıran, qazi və mücahidlərin pənahı, müsəlmanların sərhədlərini qoruyan Haqqın, dünyanın və dinin cəlalı Qazi Bəyazid Bahadır xan:

Zati aliniz ilə zahirən nə bir dostluğumuz, nə də heç bir zaman görüşməyimiz müyəssər olmayıb. Bir-birimizə çaparlar vasitəsi ilə məktublar yazaraq dostluq bağlarının qurulmasına yönələn cəhdlərimiz də olmadı. "Ənkəbut" surəsinin 69-cu ayəsində “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir” deyildiyi kimi, biz də Şərqdə kafirlər və şər işlə məşğul olan tayfalara qarşı cihadla məşğuluq.

Dinin əlamətlərini ucaltmaq və Peyğəmbərlərin əfəndisinin dinini uzaq və ən ucqar yerlərə yaymaq üçün cəhd edirik. Siz də Qərbdə yolunu azmış təriqətlərə, dinə müxalif olanlara və haq dinini inkar edənlərə qarşı mübarizə aparırsınız. Siz - Saf surəsinin 4-cü ayəsində - “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” - yazıldığı kimi gözəl işlər və böyük fədakarlıqlar göstərirsiniz. Bütün gücünüzü Allahın dininin qayda və əsaslarını yayaraq İslamı qüvvətləndirməyə sərf etmisiniz. Buna görə də bütün möminlər təhlükəsiz və huzur içində istədikləri şəkildə rahat yaşayırlar.

Bu gözəl xəbərləri eşidərək gündən-günə istəklərinizə kömək edənlər artaraq çoxalmaqdadır, rahatlıq və təhlükəsizlik şəraitində yaşama imkanları axtarmaqdadır.

Şübhəsiz ki, Zumər surəsinin 22-ci ayəsində “Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?!” bildirildiyi kimi zinətlə bəzədilən Məhəmməd Əsleyhissəlamın dininin mərtəbələrini və İslamın əsaslarını Qərbdə cihad edib ucaldaraq “İslamdan başqa din axtaranın dini qəbul olunmaz” (Ali İmran surəsi 85-ci ayə. ) ayəsinin mənasını qəlbində tutan hər dövlət sahibi Haq Təaladan səadət, kömək və kəramətlər görsün, hər gün o xanədan daha parlaq olsun, iqbal ulduzu daha yüksək olsun. Necə ki, Cənabı Haq Hadid surəsinin 29-cu ayəsində buyurub: “Şübhəsiz ki, lütf Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir”.

O məmləkətləri əlində tutaraq ən gözəl duaların xoş ətirlərini, gözəl mədhlərin təmiz rayihələrini bildirən bu müqəddimələr məhəbbət və şəfqətin çoxluğundan xəbər verən bir hədiyyədir. Daima zəfər baxçasının parlaqlığı səbəbi ilə və “Salehlərin duaları qəbul olunur” duaları dilimizdədir. Qəbul və inayət Allahu Təalanındır.

Mükəmməl bir müsəlmançılığın sadiq və sədaqətinin gərəyi olaraq bildirilən müvafiq ifadələrə, uyğun şərtlərə riayət edərək “sadiqlərlə bir yerdə olun” əmrinə tabe olub, dostluq yolları ilə gedərək məhəbbət zəncirini hərəkətə keçirmək hər iki tərəfin də faydasınadır. “Doğru söz söyləyin ki, Allah sizə işlərinizi düzəldib müvəffəqiyyət versin” mənasına gələn Ahzab surəsinin 70-71-ci ayələrinə və “Hür olmaq üçün təşəbbüs et” misrasına tabe olaraq aramızın yaxşı olmasına çalışmalıyıq.

Buraya qədər yazdıqlarım bir-birimizə dostluq və sevgimizdən qaynaqlanır. Durumu siz də öyrənmisiniz, bu səbəbdən də xoş niyyətimizə yardımçı olun. Sizə qarşı xoş münasibət və rızama diqqət edin, unutmayın. İstəyirəm ki, hər zaman münasibətimiz o qədər xoş olsun ki, bizə elçilər və məktublar göndərəsiniz. Hansı şəkildə olursa olsun, elçi və qasid göndərib zati-şəriflərinizin sağlam xəbərlərinizi və dövlət işlərinizin intizamı haqqında bizləri sevindirin ki, dostluğumuzu gücləndirsin.

Biləsən ki, biz qüvvətli qalib və müzəffər olan yeni bir sultanıq. Bir çox insan bizə quldu.

Ağlını başına toplayaraq bil ki, Qara Yusif və Sultan Əhməd bizim qılınclarımızın gücündən və əsgərlərimizin heybətindən qaçdılar. Sənə də məlumdur ki, bu adamlar fəsad törədərək şəhərləri dağıdıb haqqa tapınanları məhv edirlər. Bunlar Firon kimi əzəmətli və təkəbbürlü kafirlərdir. Əgər öz fəlakətini istəmirsənsə onları qəbul etmə. Bunlar sizin diyarınızda himayə görürlər. Onlar getdikləri yerə uğrusuzluq və təhlükə aparırlar. Bu kimi insanlar Osmanlı dövlətinin qanadları altında himayə görməməlidirlər.

Onları himayə etməyin və yanınızdan qovun. Harda gördünüzsə yaxalayıb oradaca da qətl edin. Nəbadə bu əmrimə qarşı gələsən. Yoxsa o halda qəzəbimi üzərinizdə hiss edərsiniz. Bizə qarşı gələnlərin və onlara uyanların hallarından mütləq xəbəriniz olub. Xülasə, aramızda söz-söhbət yaranmasın. Hələ mənə qarşı gəlib müharibə etməyi heç düşünməyin. Bax, sizə dəlilləri sayıb, misallar da çəkdik. Və bilin ki, bunun altında hər cür təhdid də var.

Allahın doğru yolunda olana, əmri və izni ilə hərəkət edənlərə salam olsun.

Məktubu alan İldırım Bəyazid o qədər əsəbiləşir ki, hətta məktubu gətirən elçiyə qarşı sərt və soyuq davranır. Teymurun istədiklərinin qəbul edilməsinin Osmanlı səltənətinin şəninə zidd olacağını, Osmanlı Sultanı olaraq bu addımın ona yaraşmayacağını düşünərək təhdid və təhqiramiz məktub yazaraq Teymura göndərir.

İldırım Bəyazidin Teymura cavab məktubu

“Həmd Allaha məxsusudur, O, bizi İslam ilə şərəfləndirərək ərəb və əcəm sultanlarının üzərinə sərdar təyin etmişdir. Salavat Allahın lütfü və ehsanlarının ən xeyirlisi olan Məhəmmədə və ali izamı və Əshabi Kiramı üzərinə olsun.

Teymur adı ilə anılan ey quduz köpək. Ey təkfur məlikindən də kafir olan Teymur! Məlumun olsun ki, məktubu oxudum. Ey uğursuz, məni belə boş sözlərləmi qorxudacaqsan? Məni cəfəng sözlərinləmi aldadacaqsan? Məni əcəm hökmdarı, yaxud tatarıstanlımı sanırsan? Yoxsa əsgərlərimi hind əsgərli ilə müqayisə edirsən? Olmaya topladığım əsgərləri İraq və Herat əsgəri sanırsan? Bəlkə yanımda olan İslam qazilərini Hələb və Şam əsgərləri hesab edirsən?.. Sənin işin əhdindən dönmək, qan tökmək və ev yıxmaqdan ibarətdir.

Biz isə Şərqdəki və Qərbdəki sultanların ən fəzilətlisi, uzaqda və yaxındakı xaqanların ən şərəflisiyik. Bizim ordularımızın və əsgərlərimizin nizamını sən bilirsən, daima qalib və müzəffər olduğumuz haqqında məlumatın var. Soyğunçu və quldurların əmrinə tabe olanlarla adil qazilərin əmrinə uyanlar arasında nə qədər fərq var. Hərb və döyüş bizim düşüncəmiz, savaş sənətimizdir, Allah yolunda qəza edənlərin adəti adətimizdir. Əgər sən dünya hirsi ilə köpəklər kimi döyüşməyə cəhd edərsənsə, biz də döyüşərik. Bu zaman Allahın dediyi olur, o da ən yüksək əmrdir. Bizim döyüşçülərimiz canlarını və mallarını bol-bol verdikləri üçün o biri dünyada da onlara cənnət qismət olacaq. Sözün qısası, bizim bütün işimiz-gücümüz inad edənlər və din düşməni olanlarla döyüşməkdən ibarətdir. Məlumun olsun ki, əgər biz gəldiyimizdə döyüş meydanına gəlməsən qadınların üç dəfə boş olsunlar (İslam qanunlarına görə, kişi xanımına üç dəfə “boşadım” deyirsə, həmin cütlüyün nikahı qüvvədən düşmüş sayılır). Yox, əgər sən bizə hücum etdiyin zaman mən səninlə döyüşməkdən imtina edib qaçaramsa, o zaman mənim qadınlarım üç dəfə boş olsunlar.

Salam müsəlmanların üzərinə olsun və Allahın lənəti də qiyamətə qədər sənin və sənə uyanların hamısının üzərinə olsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.