Tək xilas olmaqdansa əri ilə ölümü seçən qadın - Titanik gəmisində faciələrdən biri- FOTO

14-10-2016, 19:57           
Tək xilas olmaqdansa əri ilə ölümü seçən qadın - Titanik gəmisində faciələrdən biri- FOTO
Britaniyanın “Titanik” adlı transatlantik gəmisi 1912-ci ildə inşa edilib. İstismara veriləndə dünyanın ən böyük gəmisi sayılıb. Amma bu gəminin ilk səyahəti də faciə ilə başa çatıb. Bu barədə kifayət qədər məqalə yazılıb, kitab çap edilib və film də çəkilib.
Bu dəfə batmış Titanik gəmisi ilə bağlı real bir hadisəni oxuculara çatdıracağıq.
Rejissor Ceyms Kemeronun 1997-ci ildə lentə aldığı “Titanik” filmində Ştrauslar ailəsi də canlandırılıb. Aysberqlə toqquşan gəmi batarkən Ştrauslar su dolan kayutada bir-birini qucaqlayıb ölümü gözləyirlər. İsidor İdanı qayığa oturmağa məcbur etdiyi səhnə filmdən çıxarılıb.
15 aprel tarixində qəza zamanı gecə saat 00:30 radələrində “Titanik” gəmisində evakuasiya başlayır. İlk qayıqlar suya salınır. Amma sonradan məlum olur ki, xilas olmaq üçün nəzərdə tutulan qayıqların sayı məhduddur. Bu zaman gəmi heyəti birinci sinif sərnişinlər arasından uşaqları və qadınları qayığa mindirməyə başladılar.
İda Ştraus ərinə qayıqda yer olmadığını anladığı üçün xilas olmaqdan imtina edir. Evakuasiya ilə məşğul olan zabit cütlüyün yaşlı olduğunu nəzərə alaraq İsidora da qayıqda yer təklif edir. Amma 67 yaşlı milyonçu bu təklifi qəbul etməkdən boyun qaçırır.
Saat yarım sonra gəmi yarıya qədər okean sularına qərq olanda, göyərtədə dəhşət və panika hökm sürməyə başladı. İsidor nəhayət ki, İdanı qayıqlardan birinə mindirə bilir. Amma son dəfə ərinin ona əl salladığını görən qadının ürəyi dözmür və qayıqdan enərək İsidorun yanına tələsir.
O, arvadını qayığa mindirmək istəyirdi. Amma İda ərini batan gəmidə tək qoymaq istəmədi və dedi: “Mən ərimi tək buraxan deyiləm. Biz həmişə bir yerdə olmuşuq. Ərim harada, mən də orada olmalıyam”.
İsidor kənara çəkildi. İda bahalı kürkünü soyunaraq cavan qulluqçusunu yanına çağırdı. Qulluqçu hələ evakuasiyaya buraxılmadığı üçün bir kənarda dayanmışdı. Qadın kürkü qulluqçunun çiyninə salıb dedi: “Götür mənim balam, soyuq gecədir”.
Elen öz növbəsində sahibəsindən belə bahalı hədiyyə qəbul edə bilməyəcəyini söyləyib kürkü soyunmaq istədi. İda gülümsəyərək ona dedi: “Mən düşünürəm ki, bundan sonra bu kürk mənə lazım omayacaq”.
Hönkürərək ağlayan Elen diz üstə çökdü. Amma birdən sərtləşən İda onu tələsdirərək qayığa mindirməyə çalışdı.
İda qayıqdakı 8 nömrəli yerini qulluqçusu Elen Berdə verdi. Bu qayığa ancaq birinci sinfə məxsus kübarlar minə bilərdi. Bu isə Elenin şimali Atlantikada sağ qalmasına xidmət etdi.
Şahid ifadələrinə görə, cütlüyü son dəfə batan gəminin şezlonqlarından birində oturan yerdə görüblər. Göyərtədəki kresloda əyləşən İda və İsidor üzüb xilas olan qayıqlara əl yelləyiblər. Deyilənlərə görə, ölümü qarşılamağa hazır olan ər-arvad çox sakit görünürmüş.(Olke.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.