“Gəldim, gördüm, qələbə çaldım” deyiminin batini mənası

19-06-2015, 10:56           
“Gəldim, gördüm, qələbə çaldım” deyiminin batini mənası
“Gəldim, gördüm, qələbə çaldım” deyiminin batini mənası

Qədim dövrün ən məşhur deyimlərindən biri də Qay Yuliy Sezarın - "Gəldim, gördüm, qələbə çaldım" (Veni Vidi Viçi) deyimidir. Plutarxa görə, Yuliy Sezar, Mitridat oğlu Frank üzərində Romada qələbə qazandığı zaman, dostu Aminsiyə qələbə xəbərini - "Gəldim, gördüm, qələbə çaldım" sözlərilə bildirmişdir. Sezarın dostu Aminsiyə fikrini belə ifadə etməsi təbii ki, rəmzi məna daşımalıdır. Çünki qələbə çalan, gəlib qələbə çalır. Buradakı “görmək” ifadəsi, Sezarın nəyi isə seyr etməsi, anlaması mənasındadır ki, bu da hansısa şəraiti dərk etmək, orada olanları öz gözləri ilə görməsi və şəraitə uyğun tədbir tökməsi mənasındadır. Sezar (Asar/Azər) rəmzi onu göstərir ki, burada söhbət Asar/Osiris Allahından gedir və onun Aminsiyə xəbər göndərməsi də hansısa bir hadisə ilə bağlı rəmzdir.

Sufi batinilərində Sezar rəmzi, “İssi-Ra” mənasında - günəş Allahı “Ra-nın ruhu” deməkdir. Mənbələrdən bilirik ki, Asar adı - şumerlilərin Enmerkar şaha verdikləri ən uca addır. Enmerkar (NM-R-KR) rəmzi batinilikdə Amon-Ra-Qor (MN-R-QR) kimi izah olunur ki, bu da qədim Misirin Qor qızılquşu cildində göydə ölümsüzlük qazanmış Ra-Amon Allahıdır. Deməli, Asar/Sezar - göydə ölümsüzlük qazanmış Ra Allahıdır ki, onu da bildiyimiz kimi firon Amonun ruhu idarə edir. Bu isə o deməkdir ki, Aminsiya rəmzi elə Amon-issi, yəni firon Amonun ruhu deməkdir və Sezarın Aminsiyaya göndərdiyi xəbər də bir rəmzdir.

Sufizmdə Mitridat rəmzi - Mut-Ra-Duat kimi açılır ki, bu da kosmik insan simasında olan Atum/Adəm, Ra günəşi və Duat ölüm şahlığı mənasındadır. Bu üç rəmzin birliyi isə onu göstərir ki, Mitridat rəmzi altında həm Cəbərut aləmi mənasında olan yeraltı mağara, həm də onun göylərində yaradılmış kosmik insan nəzərdə tutulur ki, ümumilikdə bu üçlük tam formalaşmış kosmik varlıq – Allah deməkdir. Mitridatın oğlu Frank (FR-NK) dedikdə isə “efir-anx” (FR-NX) rəmzi başa düşülməlidir ki, bu da göydə, Nuhun gəmisi obrazında ruhlar dünyasının yaradılması fikrini ifadə edir. Sezarın, Mitridat oğlu Frank üzərində qələbəni Romada qazanması isə bu qələbənin İrəm cənnətindən baş verməsi anlamındadır.

Batinilikdə, sufi silsiləsinə qədəm qoymuş türk, silsilənin Bəqa səviyyəsinə çatanda, ruhu İlaha, yəni ilkin materiyaya daxil olur ki, sufizmdə bu hal - İlahla vəhdət, yəni Allah çevrilmə deməkdir. Bu səviyyədə insan ruhu hər şeyi “görməyə” başlayır ki, bu da ilkin materiyanın sirlərini tam bilmək və ondan istifadə edib, istənilən canlı varlıq yaratma qabiliyyətinə sahib olma mənasındadır. Deməli, Sezar “gördüm” (Vidi) dedikdə - ilkin materiyanın sirlərinə bələd olması, “qələbə çaldım” (Viçi) dedikdə isə ilkin materiyaya – İlaha qalib gəlib, ondan bir varlıq yaratması başa düşülməlidir. Mən, “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə yazdım ki, firon Amon öləndən sonra ruhu göyə qalxaraq, Adəmin bədəninə köçür və məhz bundan sonra Allah, Adəmin üzünə həyat nəfəsi üfürüb, onu canlandırır. Deməli, Sezarın ilkin materiya üzərində qələbəsi də, ilkin materiyadan kosmik insan yaradıb, özü də onu idarə edən Allaha çevrilməsi mənasındadır.

Yazdıqlarımızdan belə şıxır ki, Sezar - “Gəldim, Gördüm, Qələbə çaldım” dedikdə, onun ilkin materiyaya daxil olub, onun sirlərini dərk etməsi və ona qalib gəlib, ondan Allah yaradaraq, ölümsüzlük qazanması başa düşülməlidir.

Bildiyimiz kimi Qay Yuliy Sezar qədim Romanın ən ali təbəqəsi olan Patrisiya nəslinin nümayəndəsidir. Patrisiya rəmzi – Ata mənasında olan Pater sözündən yaranmışdır. Pater rəmzi isə Pta-Ra mənasında qədim Misirin Pta, Ra Allahları mənasındadır. Mətnlərə görə üç Allah – Amon, Ra, Pta bütün Allahların mənasıdır. Onun adı Amon, sifəti Ra günəşi, bədəni isə Pta Allahıdır. Bu isə o deməkdir ki, Pater rəmzi – firon Amonun göydə yaratdığı kosmik insan Atum/Adəm və onun yerdəki törəmələrinə aid edilən rəmzdir.

Qədim Misir mənbələrində Ra-Pta rəmzi İri-Patu kimi də yazılır. D. Rolun yazdığına görə, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “iri-pati” [R-PT] adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.388, 389). Bu isə o deməkdir ki, Patrisiya nəsli elə Qor fironlarının nəslidir. Mən, “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə göstərdim ki, İri-pati rəmzi sufizmdə Ər-Yafət mənasını verir və erməni mənbələrində bu rəmz Yafət-Aran kimi qeyd olunaraq, Sisaka/Sisakan nəsli olan Gel elinə (Gelarküni) aid edilir. Deməli, Patrisiya, yəni Yafət-Ərən nəsli bilavasitə Amon Allahının yerdəki törəmələri olan pirlər – fironbəglər nəslidir ki, mənbələrdə onlar Asar/Oziri Allahının, yəni Azərin nəsli sayılırlar.

Qay Yuliy Sezar adındakı Qay rəmzi, Kitabi Dədə Qorqudda, axirətdə İlahi hakimiyyətin qayıdacağı Qayı nəslinin adi kimi keçir. Digər mənbələrdə bu rəmz Key rəmzi kimi İran/Aran şahlarının adlarına əlavə olunur ki, İran şahları da məhz Sisakan nəslidir. Yuliy adı isə Roma qəhrəmanı Askaniyin ikinci adı olan Yula/İl mənasındadır. Yula/İl (L) rəmzi mənbələrdə Alu (L) kimi yazılaraq Albaniyanın digər adı hesab olunur. Tarixçi M. Xorenatsi Alu/Albaniya ölkəsinin - böyük, adlı-sanlı tayfa olan Sisaka/Sisakan, yəni Gelarküni nəslinə vərəsəliklə verilməsini yazır. Əgər Askaniy (SKN) rəmzinin də Sisakan (SSKN) rəmzi ilə eyniliyini nəzərə alsaq razılaşarıq ki, axirətdə İlahi hakimiyyətin qayıdacağı Qayı nəsli elə Asar, Azəri türk bəglərinin Sisakan (Sisaka/sak) nəslidir.

Tarixçi M. Xorenatsi Sisaka/Sisakan nəslini Aran nəsli sayır ki, Q. Qeybullayevə görə Aran - Albaniyanın ikinci adıdır. Lakin M. Xorenatsi Aranı - bədəni göy dünyası olan nəhəng insan kimi təqdim edir ki, bu da Allah mənasındadır (М. Хоренаци, «История Армении», кн. II, гл. 8). Qədim Misir mənbələrində Aran [RN] rəmzi - Orion [RN] bürcü kimi göstərilir və burada ulduzlar, kəmərində qılınc, yeriyən nəhəng adam formasını verir. Ən qədim dövrlərdə insanlar bu antropomorf obrazda özlərinin Osiris, yəni Asar Allahını tanıyırdılar. Orion/Osiris ulduzunun şəxsləndirilmiş obrazı isə, Yuxarı Misirin tacında təsvir olunan ulduz şahı Saxudur. Deməli, Aran/Orion rəmzləri Saxu/Sisaka nəsli ilə bağlıdır və onlar da Asar/Osiris Allahının nəslidir.

“Gəldim, gördüm, qələbə çaldım" deyimi - “Veni, Vidi, Viki” kimi yazılır ki, bu rəmzlərin batini mənalarının açımında “Vini” – Venu/Benu mənasında qədim Misirdə Allahın Ba ruhunu, “Vidi” rəmzi – Bodi/Beyt mənasında göydə ilkin materiyadan (İlah) yaradılmış Evi, “Viki” isə Baka/Bəqa mənasında türkün ilkin materiyaya daxil olub, onunla vəhdətə nail olması mənasındadır və s.

Bütün bu yazdıqlarımızdın çıxan nəticə odur ki, Qay Yuliy Sezar - "Gəldim, gördüm, qələbə çaldım" dedikdə, Sezarın ilkin materyanın sirlərini dərk etməsi və ona qalib gələrək, ondan göydə - bütün varlıqları öz bədəni ilə əhatə edən kosmik insan formasında Asar/Azər Allahını yaratması nəzərdə tutulmalıdır. Biz bu Azər Allahını - Ra-Amon, yəni Rəhman Allahı kimi tanıyırıq.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.