"Çılğın kişi, əsrarəngiz qadının yoxluğuna sadəcə 3 gün dözdü." -Hüqonun bir ömür çəkən məhəbbəti

22-04-2017, 13:13           

Hər kişi üçün yaratmağa sövq edən, təqdir edildiyinə əmin olduğu, tribunasında dayanıb alqışlarını gözlədiyi bir qadını olur. Sevgi periodlarına dözən, bağışlayan, sevən qadını…
Eşq periodu təxmini bu cür davam edir-sevmək, dözmək, bağışlamaq. Aşiq olursan, öyrəşirsən, bağlanırsan, baş verənlərə dözürsən, sonra bağışlayırsan.
Yaşadığın şəhərə yenidən aşiq olursan, hər yerdə izi var deyə. Ən gözəl musiqiləri dinləyirsən, onu hiss edəsən deyə. Ən mənalı şeirləri yazırsan, onu tərənnüm edəsən deyə. İnsanları hər zamankından daha çox sevirsən, içərisindən ən gözəlini seçmisən deyə. Hətta yer kürəsini belə sevirsən, onunla eyni planeti paylaşırsan deyə. Vaxt qartal qanadına bağlanmış kimi şığıyıb gedir.
Elə aşiq olursan ki, yeri cəhənnəm olsa belə, bütün günahları işləyib yanına vasil olmağı belə arzulayırsan.
Haldan hala düşürsən. Bir gündə dörd mövsüm yaşayırsan. Əsəbiləşib fırtına qoparır, ağlayıb yağış yağdırır, küsüb buza dönür, ayrılığa qərar verib yarpaq tökürsən.
Ən dözülməz insanı belə, sevgi dəyişir. Ömürboyu bir əlamətdar günü belə xatırlamayan insan, hər gün yanından keçdiyi, bir hissəsi qurumuş, digər hissəsində yenicə iki çiçək açan yöndəmsiz ağacı belə görəcək qədər diqqətli olur. Nəinki görmək, həmin iki çiçəyə hekayə yazacaq qədər ürəyi aşıb-daşır.
Sevgi gözəlləşdirir. Gözlərin parıldayır. Ruhun canlanır. Şuxluğun artır. Görünməz bir gücə sahib olursan. Hər kəsin marağında olan gündəm, sənin üçün adiləşir. Sənə elə gəlir ki, dünyanın ən ciddi işi ilə məşğulsan.
Jülyetta Drue Viktor Hüqonu elə bu cür sevirdi. Özü də, 50 il. Düz 50 illik sevgi. Onların əlli il sürən sevgisi hər cür sınaqdan keçmişdi-həyəcan, iztirab, xəyanət, ayrılıq… Amma sevgi bütün bunlardan daha güclü olmuşdu. Jülyetta Viktora əsl məhəbbət və dəlicəsinə sevgi dərsi keçmişdi. Aktrisa şairin qəlbinə elə hakim olmuşdu ki, o, özünə iki dəfə ad günü qeyd edirdi: 26 fevral 1802-ci il – dünyaya gəldiyi gün və 16 fevral 1833-cü il – sevgilisi ilə ilk keçirdiyi gecə.
Həqiqətən də, insan iki dəfə doğulur. Birinci dəfə anadan, ikinci dəfə sevgidən. Birincidə dünyaya, ikincidə yaşamağa atılırsan.
İlk gündən etibarən, 50 il ərzində, Hüqo Jülyetta ilə sevişdiyi günləri gündəliyinə tək-tək qeyd edirdi. Ehtiraslı etiraflar idi, o qeydlər.
Onlar tanış olanda Hüqo 31, Julyetta 26 yaşında idi. İlk dəfə bir-birilərini Paris teatrlarından birində, dramaturqun “Lukretsiya Borcia” pyesinin məşqlərində görüblər. Jülyetta bu pyesdə kiçik, ancaq çox parlaq bir rolu ifa edirdi. Oyunu izləyən Viktor, Juliettanın mükəmməl bədəninə, parlaq qara saçlarına, cəzbedici gülüşünə və eşqdə özü qədər peşəkar olmasına heyran olmuşdu. Hə, məhz peşəkar. Çünki sevgi sənətdir. Bu sənəti bilmək üçün istedadlı olmaq şərtdir. Əks təqdirdə istedadsız, qeyri-peşəkar bir iş ortaya çıxır.

O, Parisin ən gözəl və gözoxşayan qadınlarından biri kimi məşhur idi. Julyetta təmtəraqlı həyat tərzi sürür, çoxsaylı sevgililərinin hesabına daş-qaş və qiymətli libaslar alırdı. Ta ki, Hüqo ilə tanış olana qədər.
Viktora dəlicəsinə aşiq olur. On bir illik məhəbbət işlərində o qədər də məharəti olmayan, həyat yoldaşı Adellə yaşayan şair, heç ağlına da gətirə bilməzdi ki, qəlbində Jülyettaya qarşı yaranan qəfil sevgi utancaq və cəsarətsiz gənci əzmli və təkəbbürlü kişiyə çevirərək, onun bütün həyatını dəyişəcək.
Onların çılğın sevgi macərasından bir il sonra, Hüqonun Jülyettaya həsr olunmuş “Klod He” povesti çıxır. Viktor əsərin titul səhifəsində yazmışdı: “Qanadları böyüyən mələyimə”.
Möhtəşəm sevginin təməli bu cür möhkəmlənir. Şübhəsiz ki, Jülyetta varlığının Hüqo yaradıcılığında müstəsna rolu var.
Tarixə iz qoyan bu sevgidə, az və ya çox sevən tərəf yox idi. Qarşılıqlı idi. Elə qarşılıqlı olduğu üçün bu cür odlu-alovlu idi.
Julyettanın həyatı artıq iki yerə bölünmüşdü. Hüqoya qədər və Hüqodan sonra. O Hüqo ilə yenidən doğulmuşdu. Yaşam tərzini, sənətini, evini, ona aşiq olan bütün kişilərin üstündən xətt çəkib, özünü sevdiyi kişiyə həsr etmişdi.
Hüqo şəxsiyyət olsa da, müəyyən müddətdən sonra bu eşqdə üstün tərəf Jülyetta idi. Məsələn: Jülyetta hər şeyini sevgilisinə qurban verib, özünü ona həsr etməsinə rəğmən, Viktor bunu 40 yaşa qədər dəyərləndirdi. Julyetta 40 yaşına çatanda, Viqtor müxtəlif qadınlarla ona xəyanət etməyə başladı. Çoxundan xəbərdar olsa da, sevdiyi üçün dözürdü. Bir müddət sonra məşhur yazar, 22 yaşılı bir qızla eşq macərasına başladı. Julyetta dəli olmaq dərəcəsinə çatdı. Viktoru ilk dəfə tərk etdi. Onu itirdiyini dərk edən Hüqo, “Həyatım və ruhum itdi” dedi və qarış-qarış gəzərək Juliettanı axtardı.
Gedərkən heç bir ünvan belə göstərməmişdi. Çılğın kişi, əsrarəngiz qadının yoxluğuna sadəcə 3 gün dözdü. Üç gün sonra hər yerdə onu axtarıb və nəhayət tapdı. Uzun israrlardan sonra sevgilisini geri qaytara bildi.
Münasibətlərdə sədaqət ən vacib amildir. Sədaqətli qadın bir kişi tərəfindən, sədaqətli kişi çox qadın tərəfindən sevilir. Bir qadını baş tacı edən kişilər, qadınların gözünə daha cazibədar görünür. Amma bu, sevginin dərinliyini anlayan insanlar üçün keçərlidir. Çünki bəsit münasibətlərdə seçimlər çoxluqdan yanadır.
O, əsrarəngiz olmaqla yanaşı, elə o qədər də hikkəli qadın idi. Sevdiyinə sahib çıxan, iliyinə qədər sevməyi bacaran, dərin qadın idi. Jülyetta bir gün Viktoru dostu Fransuanın arvadı Leoniylə münasibəti olduğunu öyrənib, aldadılan ərə xəbər salmışdı. Fransua polislə birlikdə, cütlüyün olduğu yerə basqın etmişdi. Qadın zina etdiyi üçün zindana atıldı. Hüqo isə toxunulmazlıq tələb edərək qurtula bildi.
Daha sonra demokrat Hüqo, rejim tərəfindən istənməyən şəxs elan edildi. Onunla bağlı axtarış başlanıldı. Julyetta Hüqonu bir müddət gizlədi. Sonra onun üçün saxta paport hazırlayıb, Fransadan qaçmasını təşkil etdi. Bu artıq qadın fədakarlığının zirvəsi idi.
Hüqo Julyettanın həyatına daxil olandan, onun addımlarını izlədi. Hara köçsə onun evinin yaxınlığından bir ev tapıb, ora yerləşirdi. Hüqo Hernsi adasına qaçdığı vaxt arvadı da yanında idi, Jülyetta isə yaxınlarda yenə bir ev tutmuş, sevgilisinin yaşadığı məhəlləyə köçmüşdü.
Viktor həyatına daxil olduqdan sonra, Jülyetta bir daha heç bir kişiylə birlikdə olmadı.
Hüqonun isə saysız qadınlarla saysız münasibəti oldu. Amma sadəcə bir qadın onun ağlını başından ala bilirdi. Sadəcə bir qadını itirməkdən qorxurdu. O, Jülyetta idi. Çünki Jülyetta 50 il ərzində onun hər şeyi olmuşdu. Ona eşqi, şəhvəti, sevgini, dostluğu, hər şeyi verən qadın idi.
Jülyetta Hüqonun sevdiklərini də sevirdi- 5 uşağını, həyat yoldaşını, istəklərini , həvəslərini, ötəri hisslərini belə…
Demişdim axı, hər kişi üçün yaratmağa sövq edən, təqdir edildiyinə əmin olduğu, tribunasında dayanıb alqışlarını gözlədiyi bir qadını olur. Hüqonun sonsuz sevgi və ümid bəslədiyi qadını artıq yox idi. Çünki 1883-cü ildə Jülyetta 77 yaşında həyata gözlərini yumdu. Bu dünyanın ən gözəl şeirlərini və romanlarını yazan dahinin, Jülyetta öldükdən sonra əli bir daha qələmə getmədi. Tək bir sətir belə yaza bilmədi. Öncə Jülyetanı, onunla birlikdə ümidini və ilhamını itirdi. İki il sonra da, Hüqo öldü.

Türkan Turan
Gununsesi.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.