Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir

18-12-2017, 02:00           
Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir
Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir


Həyatda sabahından kim sığortalanıb? Hansı birimiz dünənimizdən, bu gündən və sabahımızdan sığortalanmışıq? İnsanın başına beş dəqiqə sonra nə gələcəyini Allahdan başqa kim bilər? Heç kim...

Bəs bu millətin beynindəki düşüncə niyə belə qısıtdır? Kişilərimiz niyə bu dərəcədə bəsit düşünürlər, niyə bu qədər acgözdürlər?

Gənc bir qız xoşbəxt olmaq üçün ailə qurur, evlənir və o gündən sonra QADIN olur. Həyatında gözləmədiyi şəkildə, heç vaxt ağlına belə gətirmədiyi hadisələr baş verir, cəmiyyətin qınağını düşünən bu gənc qadın bir müddət daha çətinliklər qarşısında güclü dayanır, mübarizə aparır. Amma nə yazıq ki, artıq heç nəyin düşündüyü, arzuladığı kimi olmadığını görür və nigahını sonlandıraraq ailə həyatına yekun vurur. Məhz elə keşməkeşli həyat burdan yeni bir başlanğıcla boy atır.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hal qadın üçün təhlükəli olmağa başlayır. Artıq atılan addımlarda çox diqqətli olmaq gərəkir. Hər bir göstərilən kişi nəvazişi, qayğısı və hətta sevgisi səmimiyyətdən yaranır deyə bir şey yoxdur. Ac bir şəkildə "ovunu" tora salmaq istəyən mənəviyyatsız "kişi" hər an tətikdədir artıq.

Çünki tanıdığı bu xanım bakirə qız deyil, boşanmış qadındır. Bunun üçün "yaşıl işıq" versiyası yaranıb artıq. Bakirə qızdan ala bilməyəcəklərini boşanmış, dul qadından istifadə edərək rahat bir şəkildə mənimsəməyə hazır "ovçu" artıq bütün planlarını beynində qurmuşdur. Bir-iki xoş söz, nəvaziş və qayğıyla yaxınlaşaraq ağacı içindən gəmirən qurd kimi qadını şirin vədlərinə və səmimiyyətinə inandıran acımasız canlı...

Bu fikir və əqidədə olan insanlar bizim cəmiyyətdə niyə bu qədər üstündür? Fahişə gözü ilə baxdığın o boşanmış qadın sabah sənin bacın, qohumun, yaxının və hətta gün gələr qızın ola bilər- deyə heç düşünmürmü bu beyinsiz cahillər? Bir qadının bəxti gətirməyibsə onu cəmiyyətdən təcrid etmək hansı məntiqə sığır? Başqa vaxtı Avropadan danışırıq, bu qədər inkişaf sayəsində bizim hələ də belə düşünən insanlarla bir cəmiyyətdə yaşamağımız uyğunsuzdur.

Bir insani pis əmələ, doğru olmayan yola yönləndirmək hər bir adamın edə biləcəyi işdir. Hamı bir insanın narkotika istifadəçisi olmasına çox rahat şəkildə yardımçı ola bilər. Bəs gəlin görək, hamı o aludəçini bu vərdişindən uzaqlaşdırmağa müvəffəq ola bilərmi? Bir kişinin qadını çirkaba, fahişəliyə sürükləməsi üçün bir gecə kifayətdir. Bəs fahişə olan qadını o yoldan ayırıb, arındırmaq hər kişinin bacaracağı işdirmi?

Yıxılana balta vurmaq asandır, zamanında vurulmuş o yaraya məlhəm çəkmək KİŞİLİKDİR! Məlaikəni fahişəyə yox, fahişəni məlaikəyə çevirən insan ər kişidir. Bir boşanmış qadını, gəlin görək, neçə nəfər kişi həyat yoldaşı, evinin xanımı edər? Azərbaycanda bu çox az faiz təşkil edir. Hətta boşanmış kişi belə bakirə qızla yenidən ailə qurmağa üstünlük verir. Amma təzadlı bir fakt da var ki, boşanmış qadın subay oğlanla ailə həyatı qurarsa sensassiya baş verər. Bu nadir hallarda olan bir nüansdır və əksər hallarda çətinliklə baş tutan izdivac olur.

Bizim "mentalitet" qavramımız var axı... Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, bütün Qafqazın, şərəfi, namusu, qeyrəti qadının, atasının, qardaşının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən, insan ağlına görə yox, bir "pərdə"sinə görə qiymət verən, evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən də elə bunun gözlənilməyi labüddür...

Bir qadın boşana da bilər, ərini hər hansı səbəbdən itirə də bilər, amma insanın qanı təmizdirsə onun qanına zorla o çirkabı yeritmək FAHİŞƏLİKDİR! Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir. Qınamaq isə çox asandır, amma o qınadığımız başımıza gəlməyincə axirətə qovuşmayacağıq.... Əxalaqsızlığa sövq edilən, çevrilən hər bir qadın cəmiyyət üçün bir ananın itirilməsidir!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.