“Məni ən yaxın çiyindaşım “satmışdı””-Bir prokurorun xatirələri

26-12-2017, 09:49           
“Məni ən yaxın çiyindaşım “satmışdı””-Bir prokurorun xatirələri
Elə bir yalan yoxdur ki, insan ömründən uzun olsun

Ələmdar Məmmədov

Keçmiş prokuror

1985-ci ildə Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Lənkəran-Bakı istiqamətində hərəkət edən Vaz-2106 markalı maşının sürücüsü Cəlilabad şəhərinin 4-yol deyilən ərazisində yol nişanlarına məhəl qoymadan, hərəkətin əks istiqaməti ilə sürətlə maşını idarə edərkən, Novoqolovka- Cəlilabad istiqamətində hərəkətdə olan Vaz-2101 markalı maşınla toqquşmuş, nəticədə Vaz-2101 markalı maşının sürücüsü hadisə yerində ölmüş, maşında olan qardaşı və digər yaxın qohumu ağır xəsarət almışdılar. Hadisə yeri müayinə olunub, CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə başlanılmış cinayət işi üzrə avto-texniki ekspertiza təyin edilmişdi (Yol nəqliyyat hadisələrində ekspertizanın rəyi olmadan qərar qəbul etmək mümkün deyil). Qəza törətmiş sürücünün yol hərəkət qaydalarını aşkar, kobud şəkildə pozması, məni bir məsələ ətrafında düşünməyə vadar edirdi.

1970-ci illərində sovet cinayət qanunvericiliyini silkələyən bir hadisə baş vermişdi; yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə maşını idarə edərkən, milis işçiləri onu saxlamaq istəyirlər. Sürücü, milis işçilərinin qanuni tələbinə məhəl qoymadan, təqibdən qurtarmaq üçün sürəti daha da artırıb məktəb zonasına daxil olur və maşını saxlaya bilmədiyindən ərtafda oynayan bir dəstə uşağa çarpılır. Uşaqlardan 3-ü ölür, bir neçəsi xəsarət alır. Həmin şəxsin əməlini istintaq orqanı RSFSR CM-nin 15,102-ci maddəsinə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui- qəsd) tövsif etmişdi. Bu məsələ hüquq aləmində çoxlu mübahisələrə səbəb olmuş, iş SSRİ Ali Məhkəməsinin plenumuna qədər gedib çıxmışdı. Mən də Lənkəranlı sürücünün əməlini CM-nin 15,94-cü maddəsinə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui -qəsd) tövsif etmək fikrinə düşmüşdüm.

Respublika prokuroru İlyas İsmayılov məni yanına dəvət etmişdi. Bir qədər söhbət etdikdən sonra:- Sizdə bir yol nəqliyyat hadisəsi olub, iş hansı mərhələdədir?- deyə, soruşdu. Mən yuxarıdakı fikirlərimi İlyas müəllimlə bölüşdükdən sonra ekspertizanın rəyi alınan kimi sürücünün barəsində həbs qəti- imkan tədbiri secəcəyimi və əməlini CM-nin 15,94-cü maddəsinə tövsif edəcəyimi bildirdim. İlyas müəllim hadisənin CM-nin 208-ci maddəsinin 2-ci hissəsinə tövsif edilməli olduğunu bildirib, hökumət telefonunun dəstəyini qaldırıb zəng etdi. Salamlaşdıqdan sonra “Sizin dediyiniz məsələ ilə əlaqədar araşdırma apardım. Prokurorun mövqeyini düzgün hesab edirəm”,-dedi. Danışdığı adam nə dedisə, İlyas müəllim hər yazılana inanmaq olmaz, prokurorla söhbət etmişəm, hətta o, cavanlığına salıb, sürücünün əməlini qəsdən adam öldürməyə sui- qəsd kimi qiymətləndirmək istəyirdi. Həmin şəxs yenə nə dedisə, İlyas müəllim cavab verdi:

-Ziya Mamedoviç ( DTK-nın sədri) mən də, işçilərim də şikayətlərə həssas yanaşırıq. Ərizə provokasiya xarakterlidir. Göndərin, özümüz araşdırarıq.

Sonra İlyas müəllim bildirdi ki, zərərçəkmiş şəxs səndən şikayət edib, ərizəni sənə göndərəcəyəm. Həmin ərizəni cinayət işinə əlavə etmə.

Bir neçə gündən sonra avto-texniki ekspertizanın rəyi alındı. Sürücüyə dərhal CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barəsində həbs qəti-imkan tədbiri seçildi. Məhkəmənin hökmü ilə sürücü 9 il müddətinə azadlıqdan mərhum edildi.

Ərizəni “məxfi qriflə” mənə göndərdilər. Oxuyarkən çox həyəcanlandım. Zərərçəkmiş DTK-nın sədri Z.Yusifzadəyə ünvanladığı ərizədə göstərirdi ki, rayon prokuroru Ə.Məmmədov əvvəllər Lənkəranda işlədiyinə görə sürücünü yaxından tanıyır və onu cinayət məsuliyyətindən qurtarmaq istəyir, prokuror heç kimi saymır, hər yerdə deyir ki, 30 il kolxoz sədri işləmiş atam, MK-nın Birinci katibi Kamran Bağırovla yaxın dostdur. Mən nə istəsəm, onu da edərəm. Heç kim mənə toxuna bilməz.

Bu şikayət məni və atamı çox narahat etdi. Məsələ burasındadır ki, atam artıq əlaqələri olmasa da, K.Bağırovun böyük qardaşı Faiq Bağırzadə ilə 50-ci illərdə dostluq etmişdi. Təbii ki, K.Bağırovu və digər ailə üzvlərini də yaxından tanıyırdı. Narahatlığımızın əsl səbəbi o idi ki, onlar milçəyini qoruyan adam idilər. Bu cəfəngiyyata inanıb, alternativ tədbir görə bilərdilər. Söhbətimizdə iştirak edən yaxın qohumum, uzun illər milis orqanlarında cəsarətli əməliyyatçı kimi tanınmış Əlifağa Mirzəyev dedi ki, Cəlilabadda yaxın dostlarım və əlaqələrim var. İcazə versən, gedib müəyyən şeylər öyrənə bilərəm.

İki həftədən sonra biz görüşəndə Əlifağa bildirdi ki, həmin şikayətin yazılmasının ilhamvericisi və təşkilatçısı sənin yaxın çiyindaşın “S”-dır. Mən dedim ki, “S” hər gün mənim yanımda olur: “Onu mən gələnə qədər rayon rəhbərliyi incidirdi. Bir çox tədbirlərə dəvət də etmirdilər. Mənim ona çox hörmətim keçib, necə deyərlər, adam içərisinə çıxarmışam. O da məni çox istəyir. Hətta yeni doğulmuş körpəsinin adını da mənim adıma uyğunlaşdırıb. Mən buna inana bilmərəm”.

İllər ötdü. 1996-cı ildə “S” xidməti işi ilə əlaqədar qonşu rayona gəlmişdi. Bir axşam onun şərəfinə Zaqatalanın “Naibbulaq” deyilən yerində məclis quruldu. İki rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Rafail Məcidov da məclisdə iştirak edirdilər. Sağlıq demək növbəsi “S”-ya çatanda mənim haqımda xoş sözlər deməklə yanaşı, bildirdi ki, ot kökü üstə bitər: “Ələmdar müəllimin atası müdrik insan olub. O, otuz il kolxoz sədri işləyib və Kamran Bağırovla yaxın dost olub”.

Qohumum Əlifağanın sözü düz çıxdı. Çünki mənim atam cəmisi 7 il kolxoz sədri işləmişdi və Kamran Bağırovla deyil, böyük qardaşı Faiq Bağırzadə ilə dostluq etmişdi. (Məxfi qriflə qöndərilən ərizəni məndən başqa görən olmamışdı.)

Doğrudan da elə bir yalan yoxdur ki, insan ömründən uzun olsun.
ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.