Günümüz güzəranımız....

5-07-2018, 11:08           

Yay mövsümü maraqsız, yeknəsəq və darıxdırıcı keçirdi. Bir tərəfdən də istilər (deyilənə görə, son 120 ilin ən dəhşətli) nəfəsimizi tamam kəsmişdi. Əldən, dildən düşmüşdük.
İşığın olmaması, hər tərəfin qaranlığa, zülmətə baş vurması bir sıra pozitiv məsələləri, faydalı məqamları üzə çıxardı və mən də bunları sizinlə bölüşmək qənaətinə gəldim.
Məsələn, işıqlar sönəndə kitab oxumaq istəyirdim. Fikirləşdim, elə yaxşı ki, alınmadı, onsuz da kitab filan oxumuruq.
Əvvəla, yazıçıların, əsər, proza, roman müəlliflərinin bir-birindən qəliz adlarını yadda saxlamaq qeyri-mümkündür.
Mütaliə həm də çox ziyanlı vərdişdir, gözə zərərdir. Kitab həvəskarları adətən pis görürlər, eynək taxırlar.
Bundan başqa, şkaflara düzülmüş cild-cild kitablar otaqda əlavə yer tutur, çirk mənbəyidir. Kitabı ki, tərpətdin toz-tozanaq evi bürüyür. Elə bir öskürmə-asqırma prosesi start götürür, gəl görəsən.
Kitablar, vərəqlər həm də ağacdan hazırlanır, biz isə meşələrin qırılmasına, təbiətin məhv olmasına qətiyyən razı ola bilmərik.
Qaranlıqda mütaliə işini buraxıb yan otağa keçdim. Qəflətən dizim kreslonun tutacağına dəydi, büdrəyib stulların üstünə yıxıldım.
Birdən kəskin susuzluq hiss edib, ağrıdan ufulduya-ufulduya soyuducuya yaxınlaşdım. İşləmir. Eh, lap yaxşı. Lazım deyil. Soyuq mayelər, qidalar boğaza və mədəyə pis təsir edir.
Otaqda hava dayanıb. Tərli bədənimə yapışmış köynəyim dərimin bir hissəsinə çevirilməkdədir. Alnımdakı damlalar puçurlanıb, sanki yarışa giriblərmiş kimi sürətlə yanaqaşağı yuvarlanırlar. Əlim qeyri-ixtiyari pulta tərəf gedir. Fəqət kondisioner də işləmir. Cəhənnəmə işləsin. Bu cihazdan istifadə bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb olur.
Yuyunmaq üçün krantı açdım. Su borusundan çıxan uğultu və fısıltı səsi otağı başına götürdü. Elə H2O olmasa yaxşıdı. Cod, müxtəlif bakteriyalarla zəngin, bulanıq su müxtəlif xəstəliklər mənbəyi, sağlamlığımız üçün təhlükədir.
Bir də ki, ümumiyyətlə pozitiv olmaq lazımdır.
İşıqlar olmayanda daha erkən yatır və sübhdən oyanma imkanı əldə edirik.
İşığın olmaması, həm də televiziya və internetin də olmaması deməkdir. Yəni insanlar daha çox ünsiyyət qurur, söhbətləşir, mehriban olurlar. Onsuz da, televiziyada fərli-başlı verilişlər olmur, saytlar da ancaq pis xəbərlər verirlər.
Elektrikin kəsilməsi bizi ictimai nəqliyyatdan da mümkün qədər az istifadə etməyə vadar edir. Demək, daha çox açıq havada gəzir, yeriyir, sağlam qalırıq.
İşıqlar sönəndə göy, səma, asiman da daha aydın görünür, sanki yaxına gəlib adamlarla söhbət etmək istəyir.
Nəhayət ən əsası: işiğın olmaması, həm də qənaətdir.
Vüsal Bağırlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.