F-A-R-A-Ğ-A-T!!! Azərbaycanlı Qüruru uğrunda... İRƏLİ!

26-07-2018, 01:42           
F-A-R-A-Ğ-A-T!!! Azərbaycanlı Qüruru uğrunda... İRƏLİ!
Aydın Caniyev

Ağdamı işğaldan azad edəcək qəhrəmanlara ithaf edirəm!
- əziz və dəyərli, Azərbaycan boyda xeyirxah həmkarım İlqar Musayeviçə minnətdarlıqla,
- əsgərlik yaşına çatanda artıq Qarabağ qazisi-əlili olan Rey Kərimoğluna təşəkkürlərlə...

"Qızıl üçlük", "vəhşi beşlik" və yenilməz polk!

Əslində, bunu çoxdan etməliydim.
Əslində, ilk günündən başlayaraq otuz ilə qədər çəkən ayrılıq boyda gecikdim.
Əslində, mən elə bilirdim artıq hamı Fəxridi, hamı Ənvərdi, hamı Fərhaddı, hamı Aydındı! Daha doğrusu, Azərbaycanın hər kəndində bu "qızıl üçlük"dən var, bu "qızıl üçlük" varsa, deməli, "vəhşi beşlik" düzəlib, "vəhşi beşlik" düzəlibsə, yenilməz polk da formalaşıb...
Əslində isə...
Nə isə, keçim mətləbə!
Uşaqlığımdan dinc vücud olmamışam - kitab oxumağıma, "şeirdən-bayema"dan yazmağıma baxmayaraq, həmişə qana yerimişəm - atam deyirdi ki, hamı dünyaya yaşamaq üçün gəlir, sənsə ölmək üçün! Ölümün göyçəyini özüm sonalamışam, murdarından Allah qoruyub! Və bu sözləri ayrı yerdə, ayrı vaxtda, ayrı yazıda yazsaydım, eşidən, oxuyan, bilən ironiya edəcəkdi, amma indi həm fb-də şahidim var, həm də həyatda bunu görən real dostlarım.

Üstümə gələnin boyundan, çəkisindən, gücündən, imkanlarından asılı olmayaraq həmişə geri çəkilirəm, addım-addım, görüm axı bu nə istəyir, ta ki son niyyətini bilənəcən: əgər günahkaramsa, mən qıcıqlandırmışamsa, ürəyinin son arzusunucan yerinə yetirib, qisas haqqını tanıyıram, yox, allah eləməmiş, özü üstümə gəlibsə, qan çıxanacan varam, əlbəttə ki, qalib özüm oluram!
Və... cəmi-cümlətanı 18 yaşımda anladım ki, içimdə bəslədiyim insan sevgisiylə bərabər, özünü büruzə verən "vəhşi" xislətini də yaquar, pələng ruhunda formalaşdırmalıyam, adam cildində olan çaqqalı, tülkünü, porsuğu, ağzıyla yediyini, dalıyla oturduğu yeri mundarlayan qarğakimilər dəstəsindən olanlara da atəş açmalı silahımı hazır saxlamalıyam!

... Mən Sovet Ordusuna yeganə telekanalımız olan Az.TV-də Məmməd Arazın və öz şeirimi deyə-deyə, ondakı Lenin adına sarayda AKP MK-nın birinci katibi Kamran Bağırovun hüzurunda talış aksentiylə rusca çıxış edə-edə, "Komsomolskaya pravda"da çıxışım barədə məlumatın dərcini görə-görə getmişdim. Jurnalistika fakültəsindən. Elə onda da ilk dəfə azərbaycanlı hərbçi gördüm: podpolkovnik Həsən Əmirov - Almaniyadakı Sovet Qoşunları Qrupundan gəlmişdi, respublika hərbi komissarlığında məsul vəzifədə idi. Ağdamın Novruzlu kəndindən idi! Və mən Moskvanın ən elit hərbi hissələrindən birinə düşə bilərdim - hamının gözü qarşısında məni gəlib dekanımız Tofiq Rüstəmova Kamran Bağırovun adından tapşıran, "Aydının çıxışı "Komsomolka"da dərc olunub" deyən Tofiq müəllimə "bu talış azərbaycanca bilir ki, rusca da çıxış edir" ironyası yapan Ziynət Əlizadənin cavabını biləndən sonra əsəbləşən, bütün çağırışçılarla mehriban rəftarından ürəklənib elə Biləcəri toplanış məntəqəsində əlimdəki salfet kağızına "Yaddaşlarda qalacaqsan, Bizə örnək olacaqsan, Polkovnik də alacaqsan, ...Podpolkovnik" yazıb ayrılmaq istədiyim Həsən Əmirovun bir daha kiməsə ağız açmağını istəmədim! Əvəzində Gürcüstanın adı gürcüləşdirilmiş azərbaycanlı kəndi Poniçalodakı hərbi-təlim mərkəzinə düşdüm.
Əlavə olaraq bildirim ki:
- mən çox yaxşı uşaqlarla sinif yoldaşı olmuşam;
- mən çox yaxşı insanlarla tələbə yoldaşı olmuşam;
- mən mərd və qəhrəman oğullarla hərbi xidmət keçmişəm və ən başlıcası, mənim gözəl müəllimlərim olub!

Bütün bu incəlikləri ona görə yazıram ki, həm hökümət, həm də valideynlər fərqinə varsınlar: ordu əsgəri olmaq böyük şərəfdi və dövlət vətəndaşlarını, valideynlər övladlarını bu həyata hazırlamalıdı!!!

Polkovnik Həsən Əmirovdan yazmaya da bilərdim, birbaşa mətləbə keçərdim, amma niyə yazdım? Ona görə ki, bu hərbçi soydaşımız Sovet Ordusundakı vəziyyəti - "dedovşina"nı bilirdi, millətlərin bir-birinə aqressiv münasibətini bilirdi, azərbaycanlılara yuxarıdan aşağı baxılmasını bilirdi, millətimizin orduda zəif cəhətlərindən yana axsamağından xəbərdar idi, az qala Biləcəri çağırış məntəqəsini qarış-qarış gəzib hər biriylə söhbət edirdi, orduya hazırlayırdı, onlarda ruh yüksəkliyi yaradırdı, zarafatlaşırdı, misallar gətirirdi və o təmasdan, o etimaddan sonra mümkün deyildi ki, ordunun ən qəhrəman əsgəri olmaq istəməyəsən!
Mənə isə yaxınlaşmağının, dostlaşmağının, evinin əziz qonağı etməyinin səbəbi bilirsiniz nəydi?
Toplanış məntəqəsinin həyətinə düşüb çağırışçılardan soruşurmuş ki, kim rusca çıxış edə bilər, kim dediyini başa düşür, kim sözlərin anlamını bilir və beləliklə, gəzə-gəzə gəlib təsadüfən mənim jurnalistikada oxumağımı bilən çağırışçılardan birinə rast gəlib. İnanın, neçə hektarlıq o məntəqədə məni tapdı, danışdırdı, sorğu-suala çəkdi, az qala məni təzədən jurnalistikaya qəbul edirmiş kimi!
Təsəvvür edin: insanın üzü necə nurlanarmış, gözləri necə sevinərmiş, ürəyi necə atlanarmış görəndə ki, onun ölkəsinin vətəndaşı savadlıdı, dünya, rus ədəbiyyatını bilir, elmin nailiyyətlərindən xəbərdardı, danışığı, davranışı ədəb-ərkan nümunəsidi!

Mənim atam, doğmalarım, yaxınlarım belə, belə sevinməmişdi mənə görə!
Onu da vurğulayım ki, o ərəfələrdə, yəni iyun ayının əvvəllərində orduya ali məktəblərin tələbələri çağırılırdı, Həsən müəllim beynəlmiləlçilik kompozisiyasında rus Oleq Moçalini həmən tapmışdı, erməni ...yantsı həmən tapmışdı, amma "Mamed"i ölkə rəhbərliyi qarşısında, televiziya ekranında çıxış etmək üçün tapmağa görə düşmüşdü məntəqənin canına.
Günlərlə bir yerdə olduq. Günlərlə hərbi həyatından danışdı. Dəfələrlə evinə qonaq apardı!
İndi deməyə ehtiyac var mən Ağdamı və Azərbaycan hərbçisini niyə çox istəyirəm? - əlbəttə ki, ləyaqətli hərbçisini! Üstəlik də mənim tələbə yoldaşlarım arasında əvvəlindən, daha doğrusu, hamıdan əvvəl yaxşı olduğunu bildiyim Vahid Qazıyev var idisə! Rəsmyyəni, İsməti, Hikməti görmüşdümsə.. Üstəlik də birinci kursda "xarici ölkələr jurnalistikası"ndan dərs deyən ağdamlı Akif Rüstəmovun "Aydın, mızıldama, malalama, adam düşməni ya əməlli söyər, ya da susar" iradı olmuşdusa! Hələ Famil Mehdi, hələ Cahangir Məmmədli, müharibə veteranı, partkom Seyfulla müəllim - mənim ilk universitet müəllimlərim!
Bəli, əzizlərim, vətəni, soydaşları hər birinə sevdirmək üçün yorulmadan, özünə əzab bilmədən gecə-gündüz çalışmaq lazımdı! Əmin olmaq lazımdı ki, bu vətəni bu vətəndaş sevir!

Bəli, mənim əzizlərim, hər bir vətəndaşa onun qəhrəman və mərd olduğunu anlatmaq üçün də bu çabaları yapmaq lazımdı! Hər bir vətəndaşda - boyundan, çəkisindən, irqindən, silkindən - sosial mənsubiyyətindən, hətta sağlamlığından və təhsilindən asılı olmayaraq, özgüvən yaratmaq lazımdı!
Bəli, mənim əzizlərim, irəli gedib deyim ki, Qarabağ müharibəsi də bir daha sübut etdi ki, döyüşdə qəhrəmancasına həlak olanlar elə dərsdə iki alan uşaqlar oldu, beş alan uşaqları, şeir yazan, kitab oxuyan, ağıllı ağıllı nitq irad edənləri görmədik - sadaladığım çatışmazlıqlar ucbatından...
Bəli, mənim üçün, dəcəl, nadinc, şətəl, avantürist kənd uşağı üçün, Bakıya gələnəcən Azərbaycanın heç harasını görməyən, ancaq coğrafiyadan beş alan bir yeniyetmə üçün Ağdam vardı artıq, Az.TV vardı, AKP MK-nın birinci katibi vardı, tələbəsi ilə danışanda abrından bığ yeri tərləyən qubalı Tofiq Rüstəmov vardı, burdakı rusun, erməninin "Azərbaycanın adını uca tutacağam" deməyi vardı mən əsgər gedən gün!
Təsəvvür edirsiniz yeniyetmə bir gəncin qaldırıldığı zirvəni, boynuna yüklənən məsuliyyəti?
Fərqindəsinizmi "vətəni sən qoruyursan" etimadını?
Bilirsinizmi necə gözəl hissdi "qəhrəmanlıq, mərdlik, kişilik" zirvəsində özünü görmək?
Bax, bu əhval-ruhiyyədə uşağı, vətəndaşı əsgərliyə göndərmək lazımdı!
Bax, buna görə yalançı pafos yox, həqiqi ruh olmalıdı!
Dədəmin məsləhətinə qalsaydı, mən gərək anamı söyəni də boş verəydim, döşəmə də yuyaydım, nə bilim, kartof da soyaydım, axırı ki... birtəhər-bircür evə salamat qayıdaydım, bir maşının pulunu verib məni qəbul elətdirdiyi jurnalistikanı bitirəydim!
Anlayırsınızmı nə demək istəyirəm?
Həə, əzizlərim, indi hazırsınızmı bizimlə Yerevanın 16 kilometrliyində yerləşən Sovetaşen kəndində erməni-gürcü ittifaqının azərbaycanlıları çığnadığı hərbi hissədə əsgəri xidmətə başlamağa (gecikən və sonradan qoşulmaq istəyən olsa, Yerevandan 16 saylı "LAZ" avtobusuna minib Eçmiədzindən - Üç Müəzzindən keçməklə gələ bilər)?
... Zaman 1986-cı ildi. Oktyabr ayı və hərbi təlim mərkəzindən ixtisaslı "BMP" mexanik-sürücüsü kimi hərbi xidmətə davam edirəm Sovet Ordusunun 49843 saylı hərbi hissəsində.

Erməni-gürcülərdən iki dəfə çox olmasına baxmayaraq, azərbaycanlıların vəziyyətinin izahını bığlı, bakendardlı, "qarmoşka" çəkməli "starik"lərin, "ded"lərin diliylə çatdırıram: "hərə öz başını saxlasın. Bura ermənilərlə gürcülərin əlindədi!"
Bunun isə nə demək olduğunu səbrlə çatdırmağı özümə borc bilirəm: ilk növbədə o deməkdi ki, azərbaycanlılar arasında birlik yoxdur! Erməni-gürcü ittifaqının səni görən istənilən təmsilçisi sənə iş buyura, əmr, göstəriş verə bilər. Etiraz etsən, dəstəylə səni çırparlar! Çırparlar və o boyda azərbaycanlı bığlı, bakenbardlı, "qarmoşka" çəkməli "starik"lər, "ded"lər "nədənsə" hadisə yerində olmaz, "xəbərsiz" olarlar. Əgər döyülüb, şil-küt olub, qol-qabırğan sınıb, qürurun sınmayıbsansa, hə, onda salamını alarlar "başlarını saxlayan" yerlilərin, yoxsa ki, erməniyə, gürcüyə qoşulub səni "çmo" ("çelovek moralno obosrannıy" - mənən sındırılmış adam) sayacaqlar.

İlk gəldiyim gün... yeməkxanada dalaşası oldum:bir xeyli şillə-təpiyə dirəniş və günün günortaçağı olmağı, üstəlik də qazanları, qab-qaşığı tolazlamağım sındırlmağımı axşama və yaxud da bir az sonraya saxladı!
Hələ ki "hərə başını saxlasın" deyənlərdən yaxın düşəni yoxdu: bilirlər ki, erməni-gürcü bir dəfə öyməklə əl çəkən deyil, ardını gözləyirlər.
Səhərisi Elçin Allahverdiyev gəlir. Siyəzənli. Boks üzrə çempionatların favoriti və təkcə finallarda gəncəli Azər Məmmədova uduzan həmyerlimiz - Azər Məmmədovla Qardabanidəki hərbi təlim mərkəzindən tanış idim. Gələn kimi onu da muştuluqlayıblar: "hərə öz başını sxlasın". Fərqinə da varmayıblar ki, onların başını da bir azdan Elçin saxlayacaq. Çatdığıyla hərbi hissə komandiri polkovnik Yakovlevin (sonralar - istefada olduğu 90-cı illərdə ATİ-də hərbi kafedrada müəllim işləyəndə rastlaşdım onunla) gürcü sürücüsü ilişmişdi ona. Axşama "strelka" təyin olunmuşdu. Dalaşdığımı bildiyindən yaxınlaşıb soruşdu: "Axşam dalaşasıyam, yanımda olarsanmı arxadan məni vura bilməsinlər, üzbəüz gələnləri özüm sındıraram". Təbii ki, "əlbəttə" dedim.
Və axşam... 400 nəfərlik yeməkxananın içində əvvəlcə üç-beş nəfərlə üstümüzə gələn "axber-qatso"ların getdikcə artan sayını itirsək də, yeməkxananın eninə-uzununa valaylanan stul-stolları, rəqs edən qab-qaşıqları, qazanları, çəngəl-bıçaqları bəs etməyəndə, lay-lay pəncərələri qırıb üstlərinə şüşə parçaları ilə doğramağa cumanda... döyüş bitdi: Elçinin boksçu, mənim solaxay yumruqlarım həmin günü qürurumuzun qələbəsini təmin etdi! Sadəcə o döyüşdən lay pəncərənin kəsdiyi çapıq qaldı sol əlimin folklorda "gül turacı" deyilən adsız barmağında.
Növbəti gün daha biri gəldi: Ağdamın Quzanlı kəndindən olan Ənvər Apariya oğlu Əmrahov. "Jiquli" motorunu ikiəlli yerindən qaldıran oğlan. Elə hərəkətsiz maşın yox idi ki, mühərrikini işə sala bilməsin, elə hissə yox idi ki təmir edə bilməsin. Bunu sonralar biləcəkdik. Amma indi o da "muştuluqlanmışdı". Və gürcü starşinayla təkbətək çıxası olmuşdu. Özü də hərbi hissənin həyətindən kənarda. Eləcə boyu adamın zəhrini yaran bu yekəpərlə üz-üzə gəlmək belə məsləhət deyildi, amma Ənvər iki qatlayıb dəmirləmi, armaturlamı nə təhər qırmışdısa, özünə bəraət üçün "eto bılo neçestno" (düzgün olmadı) deyib durmuşdu və növbəti dava qaçılmaz idi!
Demək artıq idi ki, təzə gələn üçümüz də bir yerdə idik və məsləhətləşmələr... Fərhad Musayevin "koptyorka"sında - azərbaycanlıların mənzil-qərargahında davam edirdi.

Fərhad Musayev avar idi. Zaqatalanın Danaçı kəndindən. Baxmayaraq ki, avar idi, azərbaycanlı adına döyülməkdən imtina etməmişdi! "Avaram" deyib azərbaycanlı adına sındırılanların siyahısını çoxaltmaq istəməmişdi. Sınmayan azərbaycanlının sayını daha bir əsgər artırmışdı.
"Qızıl üçlük" təbii ki, tam və qəti qələbə üçün yetərli deyildi!
Şəmkirli Fəxri Budaqovun sıramızda olması qələbəyə ruhlandıran əsas amil idi! Bizdən iki çağırış böyük olan Fəxridən nəinki erməni-gürcü ittifaqı, hərbi hissə rəhbərliyi belə bezar idi - tez-tez hərbi hissədən müxtəlif adlar altında uzaqlaşdırırdılar. Üstəlik də Fərhadla Fəxri hamını yaxşı tanıyırdı, erməni-gürcü çetesi düşmən də olsalar, igid olanı vardı. Tanımaq lazımdı idi ilk andanca kimləri zərərsizləşdirməyi.
Döyüşə çağırmasalar belə, döyüşə təhrik etmək qərarı qəti idi: biz hələ ilyarım əsgərlik etməliydik!
Növbəti döyüş kazarmada gecəyarısı oldu!
Ənvərlə üz-üzə gələn meyit olurdu!
Elçinin zərbələrinə tuş gələn qalxmırdı.
Fəxri hamıdan hündür, yekəpər gürcünü çarpayının başındakı dəmirlə yerə sərməklə araya qan saldı!
Fərhadın başıdəmirli kəmərlə qisas aldığını görmək bir insanın təkbaşına beş-altısını qabağına qatmağın mümknlüyünün ən bariz nümunəsiydi və gözlərindəki fərəh ən azından düşməni düşməncəsinə məhv etməyə ruhlandırırdı.

O ki qaldı mənə... Ənvərin diliylə deyirəm, allah heç kimə solaxay yumruğumu qismət etməsin!
Əlbəyaxa döyüşdən sonrakı qısa fasilədən - mürtədlər özlərinə gəlincə yaranan imkandan səmərəli istifadə etmək lazım idi. Son döyüşə inam, qürur, istək olsa da, sayca qeyri-bərabər döyüşdə uduzmaq olmasa da ölüm hadisəsi labüd idi: ya meyitimiz qalmalıydı, ya mütləq qalib gəlmək lazım idi. Sadəcə dəstək olmalıydı diqqəti yayındırmaq üçün. Və qəddardan da qəddar Ənvərdən də qəddar təklif verdim. Nə qədər ki, uduzmamışıq, döyüşə qatılmayanları özümüz döyüb qorxudub döyüşə cəlb etməliyik!
Hamını - ələ kim keçdisə Fərhadın yanına çağırdıq gecə ikən. Prosesi yazmayacam, amma heç vaxt unutmadığım bir məqamı yazıram: sıra ilə hamıdan soruşulan "niyə döyüşə qatılmırsan, nə vaxt kişi olacaqsan?" sualına biri qayıtdı ki, sabah deyərəm.
Soruşdum ki, niyə sabah?
Cavab möhtəşəm idi:
- Allah evini tiksin, bu döşəmə, qab, paltar yumaq, həyət-baca süpürmək, yorğan yığışdırmaq deyil e, kişilikdi, imkan ver fikirləşim, görüm bacarıram ya yox.
Məhz buna görə deyirəm: dünyada bütün namərdliklər unudulacaq, unudulmasa belə, ömrü az olacaq, amma kişiliyin, mərdliyin qəhrəmanlığın əbədiliyi haqqdır!
Bu sətirləri də mənə yazdıran məhz bu hissdir! Mətləbdən yayınmadan deyim ki, düzdü, heç kmi əskiltməmək şərtiylə, üzdə ermənidən-gürcüdən mundar sifət göstərməklə, təhdid etməklə hamını döyüşə səfərbər edə bildik.
Son döyüş hərbi hissənin stadionunda "qolıy tors" - qurşağacan soyunmuş" vəziyyətdə başladı və Azərbaycanlı Qürurunun Qələbəsi ilə başa çatdı. İlyarım - ta 1988-ci ilin mayınadək hər bir azərbaycanlı rahat həqiqi hərbi xidmətini çəkdi!
Mən son döyüşdən Yardımlıdan olan Faiq Cəfərovu, İsmayıllıdan olan Mirzağa Əzimovu, Gəncədən olan Etibar Həsənovu Azərbaycan adına qazandım!
Bəli, mənim əzizlərim, fərqinə vardınızmı qalib gəlmək üçün heç də çox şey lazım deyil?
Fərqinə vardınızmı Azərbaycan adına Qürur, Azərbaycanlı Qüruru bütün qələbələrin rəhnidi?
Fərqinə vardınızmı bir ömür boyu, bir tarix boyu cəmi bir qalibiyyətli döyüş bəs edir?
Fərqinə vardınızmı özgüvəni olan üç azərbaycanlı bir-birinə çiyin verərsə, bir-birini dəstəkləyərsə, bir-birinin arxasını namərd zərbəsindən qoruyarsa, milyonlarla azərbaycanlı xoşbəxt olar? O "qızıl üçlük" - talışlı, türklü, tatlı azərbaycanlı "vəhşi beşliyə" - avarlı, ləzgili, kürdlü, hətta ruslu "yenilməz polk"a çevrilər?
Və bəlkə də bu yazını indiyə dəfələrlə bitirmək olardı, amma bitirmirəm! Ən azından ona görə ki, mən bir daha nəfəsimi kəsən belə yazını yazmağa girişmərəm!
Ən azından... içimdə otuz il saxladığım Azərbaycanlı Qürurunu bugünkü miskinliklə müqayisə etməmək üçün!
... Mən hərbi xidmətdən sonra gedib Fəxri Budaqovu Şəmkirdə tapmışdım!
Mən Bakıda Faiq Cəfərovla tapışmışdım!
miq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.