Gerçəkliyi dərk etmək üçün doğrudanmı sizin də doğma yurd-yuvanız işğal olunmalıdır?

27-08-2018, 09:23           
Gerçəkliyi dərk etmək üçün doğrudanmı sizin də doğma yurd-yuvanız işğal olunmalıdır?
Sözüm anlamazlaradır!
Torpaqlarımızın 20 faizini işğal edən Ermənistana və onun himayədarlarına atılmalı olan daşlar, çox təəssüf ki, bəziləri tərəfindən məcburi köçkünlərin olmayan “bostanına” atılır. Daşlama “hərəkatı” Dağlıq Qarabağın ətrafındakı rayonların, konkret desək, Cəbrayıl və Füzulinin işğalının 25 illiyi ilə bağlı bu yaxınlarda keçirilən anım tədbiri ərəfəsində və tədbirdən sonra da davam edir. Belə ki, anımdan sonra bəzilərinin “Cəbrayılı aldınızmı” deyə rişxənd etməsi, sosial şəbəkələrdə “qarabağlılar torpağı erməniyə verib Bakıya qaçdılar” kimi ifadələr işlətməsi təəssüf doğurur.
Əlbəttə, bu və ya digər ifadələrin siyasətlə məşğul olduqlarını deyənlərdən eşidəndə təəccüblənməyə bilmirsən. Sözüm belələrinədir. Yəni problemin hardan və hansı məqsədlə qaynaqlandığını doğrudanmı anlamırsınız? Doğrudanmı anlamırsınız ki, problemi hər cür mənfəətləri üçün qlobal güclər yaradıb? Həqiqətənmi anlamırsınız ki, işğal zonasının, necə deyərlər, topu-topxanası, əlahiddə ordusu olmayan əhalisinin bu azmanlara qarşı çıxması mümkünsüzdür? Yəni qanunsuz silahlı birləşməmi yaratmalıyıq? Əraziləri bölgə əhalisinin deyil, dövlətin qorumalı olduğu gerçəkliyini qavramaq bu qədərmi çətindi?
Doğrudanmı başa düşmürsünüz ki, “torpaqları qoyub qaçmısınız” kimi ifadələr işlətmək minlərlə şəhidin ruhuna hörmətsizlikdir, tərbiyəsizlikdir? Rus ordusunun erməniyə hərbi, ABŞ və digər Qərb dövlətlərinin siyasi, iqtisadi dəstək göstərdiyi qeyri-bərabər döyüşdə ərazini tərk etməyib hədər yerə ölməyin və ya erməniyə girov düşməyin hansısa əhəmiyyəti olduğunu deyə bilərsinizmi? Gerçəkdənmi girov və əsir düşən kişilərin başına (və başqa yerlərinə) hansı oyunların açıldığını, onlarla necə rəftar edildiyini təsəvvür edə bilmirsiniz? Doğrudanmı girovluqda olan qız-gəlinlərin ermənidən doğduqları və doğacaqlarının böyüyüb sizə güllə atacaqlarını anlamaq belə qəlizdir? Xocalı soyqırımı və onun nəticələrini belə tezmi unutdunuz? Şəhər əhalisi vaxtında canını qurtara bilmədi, evakuasiya olunmadı. Nəticəsi də bəlli: adamlar kütləvi şəkildə, vəhşicəsinə qırıldı, qışın dəhşətli şaxtasında işgəncə ilə öldürüldü, girov götürüldü. Yəni sizin təbirinizlə desək, torpağı qoyub qaçmadılar. Amma bunun əhəmiyyəti olmadı, Xocalı geri qayıtmadı. İstədiyiniz sadəcə adamların qırılması, girov götürülməsi idimi? Gerçəkdənmi işğal olunan digər rayonlar üçün də bunu arzulayırdınız? Bunumu istəyirdiniz?
Azmanların qlobal problemə çevirdiyi Qarabağ münaqişəsi ilə bağlı böyük oyunlarının qarşısında məcburi köçkünlərin tab gətirmədiyini onlara irad tutanda özünüz haqda düşündünüzmü? Düşündünüzmü ki, hər şey belə asandırsa, onda nədən məhdud bir dairədən sizə göstərilən təzyiqləri, hüquq pozuntularını dəf edə bilmirsiniz? Nəhayət bütün sadalananları dərk etmək üçün doğrudanmı doğma yurd-yuvanız işğal olunmalıdır? Belədirsə çox təəssüf. Amma bunu heç kəsə arzulamıram, nə qədər anlamaz olsanız da belə.

Nəriman Mahmud
Yazıçı-publisist
moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.