“Mənə macəraçı deyəcəklər, amma...” - Çe Gevaranın vida məktubları

3-10-2018, 08:56           
“Mənə macəraçı deyəcəklər, amma...” - Çe Gevaranın vida məktubları
Üç illik müqavimətdən sonra - 1959-cu il fevralın 7-də Batista rejimi devrildi. Ernesto Çe Gevara Kubanın inqilabi hökuməti tərəfindən “doğuluşdan Kuba vətəndaşı” elan olundu. Lakin 1964-cü ildə hökumətlə - inqilab lideri Fidel Kastro ilə aralarında yaranmış narazılığa görə Kubanı tərk etdi. O, inqilabı Latın Amerikasının digər ölkələrində davam etdirməyi qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə hər kəslə vidalaşaraq Boliviyaya gəldi. Çe Gevara gedərkən, hər kəs üçün bir məktub yazmışdı.

Teleqraf.com Ernesto Çe Gevaranın Kubanı tərk edərkən yaxınlarına yazdığı məktubları təqdim edir.

Çenin uşaqlarına vida məktubu:

“Sevgili Hilda, Aleida, Kelia və Ernesto!

Əgər bu məktubu oxuyusunuzsa, bu o deməkdir ki, mən sizin aranızda yoxam, daha doğrusu, yanınızda ola bilmirəm. Yəqin ki, gələcəkdə məni çətinliklə xatırlayacaqsınız, ən kiçiyiniz isə məni heç vaxt xatırlaya bilməyəcək. Amma bilin ki, atanız öz düşüncəsi ilə hərəkət edən adam idi və qəti şəkildə inanclarına bağlıydı.

Yaxşı bir inqilabçı kimi yetişdim. Təbiət qarşısında hegemon olmaq üçün çox çalışın. İnqilabın əhəmiyyətli olduğunu və bizim təkbaşına heç bir dəyərimizin olmadığını bilin. Hər şeydən əvvəl də dünyanın hansı yerində olursa-olsun, bir nəfərə qarşı olan haqsızlığı həmişə ürəyinizin ən dərin yerində hiss edin. Bu, inqilabçının ən yaxşı xüsusiyyətidir. Balacalar, sizi görəcəyimə ümid edirəm və qucaqlayıram”.

Atanız

Çenin inqilab lideri Fidel Kastroya məktubu:

“Fidel!



Dünyanın başqa ölkələri mənim təvazökar səylərimin yardımını istəyirlər. Mən sənin Kuba qarşısında məsuliyyətinin sənə imkan vermədiyi şeyləri həyata keçirə bilərəm. Ayrılıq vaxtı gəldi.

Bunu kədər və sevinclə etdiyimi bil. Burada mənim qurucu ümidlərimin ən safını və sevdiklərim arasında ən ən sevimli olanını qoyub gedirəm - məni öz övladı kimi qəbul edən bir xalqı qoyub gedirəm.

Bu, mənim ruhumdan bir parça qoparmaqdır. Yeni döyüş meydanlarında mənə verdiyin inancı - xalqımın inqilabçı ruhunu, vəzifələrin ən müqəddəsi olanını, harada olursa-olsun, imperializmə qarşı mübarizə aparmaq vəzifəsini yerinə yetirmək duyğusunu özümlə aparıram.

Başqa səmalar altında son saatım gələndə son düşündüyüm bu xalq və xüsusilə də sən olacaqsan. Öyrətdiklərin üçün və mübarizəmin ən son nəticələrinədək sədaqətli qalmaq üçün verdiyin çabalara görə sənə təşəkkür edirəm. İnqilabımızın xarici siyasətini həmişə qəbul etdiyimi və buna davam edəcəyimi, sonumun çatdığı hansısa bir yerdə kubalı inqilabçı olduğumun məsuliyyətini hiss edəcəyimi və belə hərəkət edəcəyimi, uşaqlarıma və həyat yoldaşıma miras qoymadığımı və buna görə kədərlənmədiyimi, əksinə sevindiyimi, onlar üçün heç nə istəmədiyimi, çünki dövlətin onlara yaşamaq və təhsil almaq üçün lazım olan hər şeyi verəcəyini bilirəm.

Həmişə zəfərə qədər!”

Ernesto

Çenin ailəsinə məktubu:

“Sevgili canlar!



Bir daha ayaqlarımda Roşinantenin sümükləri çıxmış ombalarını hiss etməyə başladım. Yenə də yollardayam. Təxminən on il əvvəl də sizə belə bir vida məktubu yazmışdım. Həmin məktubda yaxşı bir əsgər, yaxşı bir həkim ola bilmədiyimdən şikayət etmişdim. Artıq həkimliklə maraqlanmıram, amma artıq elə də pis əsgər deyiləm. Daha çox şüurlu olmaq xaricində heç bir dəyişiklik yoxdur. Marksizm anlayışım dərinləşdi və dəqiqləşdi. Azadlıq uğrunda döyüşənlər üçün xilas yolunun silahlı mübarizə olduğuna inanıram və bu inanca uyğun olaraq hərəkət edirəm.

Əksəriyyət mənə macəraçı deyəcək, bəli eləyəm, amma fərqli bir növdən – inanclarını sübut etmək üçün postunu təhlükə qarşısında qoyan növdən...

Bəlkə də bu, mənim sonuncu məktubum olacaq. Ölmək niyyətim yoxdur. Amma məntiqli ehtimallar arasında bu da var. Belə olacaqsa, sizi sonuncu dəfə qucaqlayıram.

Sizi çox sevdim, bu sevgini necə ifadə edəcəyimi bilmədim. Radikal formada öz qaydalarıma bağlandım və bir çox hallarda məni başa düşmədiyinizi düşünürdüm. Məni başa düşmək asan deyil, amma bu gün də olsa, mənə inanın.

Bir sənətçinin əksiklərini tamamlayan iradəm daşIyacaq artıq taqətdən düşən ayaqlarımı və tükənən ciyərlərimi... Bunu edəcəyəm. Arada XX əsrin bu fədaisini xatırlayın. Kelianı, Robertonu, Xuan Martini, Pototini, Beatrisi – hər kəsi öpürəm.

Üsyankar, başıboş oğlunuz sizi qucaqlayır”

Ernesto












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.