NƏRİMAN QASIMOĞLU RUH VƏ CANDAN YAZIR:“İnsanın yaradılış prosesi yer üzündə baş verməyib”

9-10-2018, 08:06           
NƏRİMAN QASIMOĞLU RUH VƏ CANDAN YAZIR:“İnsanın yaradılış prosesi yer üzündə baş verməyib”
Türkcəmizdə vətəndaşlıq haqqı qazanmış “ruh” sözcüyünün Müqəddəs Oxuda fərqli mənası var.

İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur – “ruh”. Məsələn, rus dilində “dux”, “duşa” sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz isən bunları birləşdirib ümumilikdə hər ikisinə “ruh” deyirik.

Ayələrin birində belə bir ifadə keçir: “Və səndən Ruh barədə soruşarlar. De “Ruh Rəbbimin əmrindən, işindən… Sadəcə az verilmiş sizə elmdən” (“əl-İsra” – Gecə yolçuluğu, 85).
Ayədə ifadə olunan hikmətdən ilk qavrayışda bunu tutmaq olur ki, insan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində İlahini dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar – təfəkkürə sığmaz anlayışlardan ibarətdir ki, bunlardan biri də ruhdur. Və ruh Rəbbimizin işindən olduğuna görə bu barədə düşünməyə də bilərik.

Bu ayədən çıxış edən ilahiyyatçıların böyük əksəriyyətinin dediyinə görə, ruh barədə müəyyən qənaətlər əldə etməkdən ötrü düşünməyə belə dəyməz. Məncə, həmin ayə başqa cür düşünmək üçün də müəyyən impuls verir. Çünki ayədə deyilir ki, “sadəcə az verilmiş sizə elmdən”. Belə çıxır, elmdən çox verilsəydi, deməli, bu barədə hansısa axtarışlar aparmaq mümkün olardı. Və bunu duymamaq çətin deyil ki, ayədə eyni zamanda ruhun nə olduğunu anlatmaqdan ötrü insanın dünyagörüşü və dünyaduyumunu artırmaq istiqamətində bir təşviq də var.
Elə bilirəm insanın yaradılışı haqqında Quran ayələrinə müraciət etsək müəyyən qənaətlərə gəlmək üçün imkan qazanmış olarıq.
Ayələrdə insanın yaranması prosesinin ən müxtəlif mərhələlərinə dair məlumatlar var. Amma bu da Quran məlumatıdır ki, insanın yaradılışında işlənən materiallar içində yer materialları (torpaq, su, nütfə və s.) olmuşsa da yaradılışa başlanması prosesi yer üzündə baş verməmişdir. Harada, niyə, necə suallarına cavab uzun bir söhbətin və təxminlərin mövzusudur. Mətləbdən yayınmadan bildirək ki, onun yaradılışında istifadə olunan ilkin material ərəbcəsi “nəfs” olan, bizim “can” deyə tərcümə etdiyimiz materialdır. Ilk insan cütü indi bilinən insan qiyafəsinə düşməzdən öncə can cütlüyünü təmsil edib: “Ey insanlar, çəkinin Rəbbinizdən, O varlıqdan ki, sizi tək bir candan yaratmış. Bundan onun tayını yaratmış da hər ikisindən çoxlu sayda kişilərlə qadınları hasilə gətirmiş O…” (Nisə – Qadınlar, 1). Ayədə çoxlu sayda kişilər və qadınların bu can cütlüyündən törəmə olaraq yaranmasına diqqət çəkilir. Və yaradılış prosesindən məlumdur ki, həmin o “çoxlu sayda kişilər və qadınlar”ın da yaranmasında ilkin olaraq o can materialı iştirak edib.
İnsanın yaradılış prosesində Rəbbimizin ona görkəm verdiyi, Öz ruhundan ona üfürdüyü də yer alır (Səcdə, 9). İnsanın fiziki hərəkəti və ağlının işə salınması faktiki olaraq bu ruhla yüklənmədən sonra başlayır.
Ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizika elmi də hələlik dəqiq qənaətlərə gələ bilmir. İmanımız bizə bunu deyir ki, enerjinin ilkin mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın Özüdür. Əslində Onun dərkinə müqəddəs Kitabımızda xeyli təşviqlər olduğuna görə, biz ruh deyilən nəsnənin də dərkinə hər zaman bu kontekstdə çalışmalıyıq. Ancaq bütövlükdə Tanrını dərk məsələsində olduğu kimi, ruhun da tam anlamda dərki müşküldür, insan təfəkkürünə sığmazdır. Və ruhun mahiyyəti barədə insan təfəkkürünün acizliyi də, elə bilirəm, bundan doğur.



Bəs insan dünyasını dəyişəndən sonra canın və ruhun aqibəti necə olacaq?

Ruh birbaşa Tanrının özünə qayıdır, hər can isə ona qayıda bilməz. “Can” sözü Müqəddəs Oxu orijinalında “nəfs” sözü ilə ifadə olunur. Bu, bizim çox zaman mənfi mənada anladığımız kimi “nəfs”, “tamah” mənasını vermir. Tanrı lütfünün mütləq mənada hakim kəsildiyi bir fəza sistemi var ki, adına “cənnət” deyilir. Yalnız paklanmış, arınmış canların həmin məkana daxil olma məsələsi var. Fəqət Tanrının insanı yaratdığı zaman canına üfürdüyü o ruh isə birbaşa Tanrının özünə qayıdır. O çirkab götürmür, ilahi materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən, bizi hərəkətə gətirən bu daimi enerjinin insandakı müvəqqəti fəaliyyət yeri cismani varlığımızdadır. İnsan dünyasını dəyişən zaman həmin o enerjinin bir hissəsi birbaşa Allaha qayıdır, digər hissəsi isə canı hərəkətdə saxlamaqla fəaliyyətini sürdürür. Yalnız paklanmış canlar birbaşa cənnətə gedir, təmizlənməmiş canların isə din anlamında aqibəti cəhənnəmlikdir.
Elmi ədəbiyyatda belə bir termin var – reinkarnasiya (ruhun təkrar qayıdışı və bədənlənməsi). Ənənəvi İslam bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məşhər günü təssəvvürlərinə zidd məzmundadır. Bu təsəvvürlərdə yer alan başlıca məqam ondan ibarətdir ki, bütün insanlar həmin gün dirçəlib və bir yerə toplaşıb məhz bir dəfə yaşadıqları dünyadakı əməllərinə görə Tanrı qarşısında hesabat verməlidirlər. Hind düşüncəsində isə belədir ki, hər bir insan paklanmaya qədər bizim ruh dediyimiz canı təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Və bu düşüncə yiyələrinin əqidəsincə, cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Ki, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir və s.

Təbii ki, Quran məntiqi baxımından dünya həyatının bu cür qavranılması yanlışdır. Yoxsa ki, Rəbbimiz istəkli bəndələri olan inananlara müqəddəs Kitabımızda belə bir dua reseptini rəva görməzdi ki, onlar “Rəbbimiz! Bizə dünyada da gözəllik ver, axirətdə də…” (“əl-Bəqərə” – İnək, 201) deyələr.
Ancaq elə ayələr də var ki, bunlardan reinkarnasiyanın məşhər inanışına zidd olmadığı fikrinə də dəstək almaq mümkündür. Məsələn, Rəbbimizin belə bir buyruğuna qulaq kəsilək: “Bir təqdirə bağladıq aranızda ölümü. Qabaqlanan da deyilik o şeydə ki, yerinizə sizin kimi başqa kimsələr gətirək, sizi bir də yaradıb yetişdirək siz bilməyən nəsnədə” (“əl-Vaqia” – Olacaq, 60-61). “Sizi bir də yaradıb yetişdirək siz bilməyən nəsnədə” ifadəsi belə bir fikrə işıq tuta bilər ki, bu, elə həmin reankarnasiyadır. Yəni insanın canı indiki həyatında dərk etmədiyi bir şəkildə kiminsə bədənində olacaq. Və yəni təkrar-təkrar həyata qayıdacaq. Yaxud da: “Necə dana bilərsiniz Tanrını, ölülərdiniz, sizə həyat verdi O, yenə ölüldər də yenə dirildər, yenə də siz Ona qaytarılarsız” (“əl-Bəqərə” – İnək, 28). Bu ayədə də dünyaya təkrar gediş-gəlişlərə işarə kimi səslənən hikməti duymamaq mümkün deyil. Canın təkrar qayıdışına dair anlaya bildiyimiz digər ayələrə də baxaq: “Dedilər: “Rəbbimiz! Sən bizi iki dəfə ölültdün, iki dəfə diriltdin. Etiraf eylədik suçlarımızı. Varmı bir çıxış yolu?” (“əl-Mumin” – İnanan, 11). Bu ayədən belə çıxır ki, ola bilsin can dünyaya təkrar qayıdışlarında heç təkamül prosesi keçməsin. Elə böyük günah işlətsin ki, təkrar bədənlənməsində çox aşağı mərtəbəyə enmiş olsun.
Məsələnin bu cür dərki təbii ki, hind düşüncəsindən fərqli bir baxışa, daha geniş və mükəmməl bir dəyərlər sisteminə əsaslanır. Müqəddəs Oxuda cəhənnəmin təsviri verilən çoxsaylı ayələrdə suç yiyələri belə bir yalvarışda bulunurlar ki, Tanrı onları bir daha dünya həyatına qaytarsın. Və hər belə yalvarışa Tanrıdan rədd cavabı gəlir.

Məşhər – insanların bir yerə toplaşıb əməllərinə görə haqq-hesab veriləcəyi gündür. Hesab edirlər ki, əgər məşhər günü varsa və insanlar əməllərinə görə cavab alacaqlarsa, niyə Tanrı onları öldürəndən sonar bir daha dünya həyatına qaytarmalıdır. Elə bilirəm, Tanrı iradəsilə bağlı məsələlər var ki, biz də bu iradənin sərhədsizliyini, heç şübhəsiz, qəbul etməliyik. Çünki bu da müqəddəs Oxu məntiqinin təlqin etdiyi bir inanışdır.
Canların təkrar bədənlənməsi mütləq mənada onların paklanmasını ehtiva etmir. Müqəddəs Oxuda belə bir müddəa yoxdur ki, canlar mütləq və tam mənada təmizlənmə prosesini başa vurmalıdır. Yalnız pak canların cənnətə düşməsindən söhbət gedir. Arınmağa macalı olmayan canların ilkin gedəcəyi yer isə cəhənnəm olaraq vurğulanır.

Qiyamət günü ilə bu dünya arasında “bərzəx” deyilən bir dövr var. Canların təkrar bədənlənməsi məsələsi varsa, bu proses həmin dövrdə – qiyamət gününə qədər olan zamanda baş verəcək. Bu fərziyyənin lehinə olan bir ayədə deyilir: “Başınıza nə müsibət gəlirsə bu sizin öz əlinizin qazandığı üzündən. Və bağışlar bir çoxunu” (Şura, 30). Bəzən düşünməli olursan, əgər başımıza gələnlər yalnız öz əlimizin qazancıdırsa, onda anadan şikəst doğulan körpənin günahı, günahsız bir bəndənin qəfil fəlakətə düçar olma səbəbi nədir? Bu fərziyyəyə əsaslanıb demək olar ki, bizdən ötrü ədalətsiz görünən aqibətlər öncəki bədənlənmə pilləsində insanın törətdiyi hansısa ağır cinayətlərin nəticəsində hasil olur və həmin o ruh dediyimiz can yeni bədənlənmə dövründə cəhənnəm əzabı çəkir.
Bu sətirlərin müəllifinin qənaətincə, ilahi hikmətlər reinkarnasiya məsələsini istisna etmir və bunu eyni zamanda mütləqləşdirmir də. Mütləqləşdirilməyi Quranın universal məntiqinə zidd olardı. Və bu məntiqlə Tanrı seçimincə olan bəzi istisnaları da qəbul etməmək sadəcə mümkün deyil.
Müqəddəs Oxuda insanın heyvana dönməsi, insanlıqdan çıxması məsələsi də var. Bu da yenə onun həyatda işlətdiyi suçların nəticəsi olaraq məhz dünya həyatında verilən bir cəza kimi anlaşılmalıdır. Rəbbimiz buyurur: “…Qovulmuş meymunlar olun” söyləmişdik onlara. Bunu etdik onların çağdaşlarına, xələflərinə bir görk cəzası, çəkinənlərəsə bir öyüd olaraq” (“əl-Bəqərə – İnək, 65-66). Bu da İlahinin Öz iradəsilə kimlərisə heyvana döndərməsinə aid konkret bir Oxu ayəsi.
Nəriman QASIMOĞLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.