"Hər bir fahişə qadının belə qəmli bir tarixçəsi olur, olmasa belə uydururlar..."

10-10-2018, 08:02           
"Hər bir fahişə qadının belə qəmli bir tarixçəsi olur, olmasa belə uydururlar..."
“Tarqovu”da, yarımzirzəmidə yerləşmiş bir kafedə oturmuşam. Bitib, tükənirəm. Ağlıma ilk gələn sən oldun.

Hər bir fahişə qadının belə qəmli bir tarixçəsi olur. Olmasa belə uydururlar. Sənə heç nə uydurmadan yazıram.

İçim bomboşdur. İçimdəki boşluqları doldurmaq üçün sözlər axtarıram. Tapa bilmirəm. Buna baxmayaraq, içimdə hirs və hikkə adına heç nə yoxdur.

Yalqızlığım həbsxana hücrəsinə oxşayır və o hücrənin kiçik pəncərəsi hər gün daha çox kiçilir. Və sonda o pəncərənin qapanmağı ilə hər şey bitəcək. Bunun bitməsini istədiyim qədər heç nə istəmədim heç vaxt.

Gövdəsindən qoparılmış çiçək kimiyəm. Nə qədər dibçəkdə saxlanmaq olar? Bir gün, iki gün... Sonrası bəllidir.

Hər bir kəs nə vaxtsa həyatında bir dəfə xoşbəxt olur. Mənim gələcəkdən elə bir gözləntim yox. Hər şey keçmişdə qalıb...

Mən indi anlamışam ki, şairlik təkbaşına vuruşmaq kimi bir şeydir, özünə bənzər bir adam axtarmaqdır. Və sonda da onu tapmamaqdır.

Kim nə bilir ruhundakı
Sevda nədir; Mən danışım.
Burax yeri, burax göyü,
Mən sənə səndən danışım.

I

ÖZÜNÜ AZADLIĞA BURAXMAQ

Sənə can atmıram daha,
Canım yoxdur ki, can deyiləm.
Allah olsan da bil sənə
Mən təslim olan deyiləm.

Heç nəyə can atmıram daha. Özümü azadlığa buraxmaq, rüzgarların alıb götürdüyü uzaqlara, ağlımın anlamadığı, ruhumun duymadığı yerlərə getmək istəyirəm.

Bu istək nəyisə əldə etmək, nəyəsə nail olmaq cəhdi deyil. Bu qısa ömründə əbədi qanunlarla yaşamaq istəməyən bir insanın sonda nəyisə anlamaq cəhdidir. Ürəyin qanunlarından ağılın xəbəri yoxdur ki! Bizim gördüklərimiz görmədiklərimizin kölgəsidir əslində. Və nə qədər yol var, onu gedəcək adamlar da olacaq.

Allahın belə Allah olmaq istəmədiyi bir məmləkətdə insanları fərqli qılan nədir görəsən? Doğulduğu yerimi, sevdiklərimi, ata-analarımı, kimin uşağı olmağımı, sahib olduqları şeylərmi? Yox!

Bu fərq yaşadıqları ömrə münasibət formasıdır əslində. Ancaq adamlar bilmirlər ki, ömür illüziyadan başqa bir şey deyil. İnsan yer üzündə deyil, ancaq sevdiklərinin qəlbində, sevdiyi şeylərin mahiyyətində yaşayır.

Yaşamağın başqa bir anlamı yox və həyat ona bağlanılacaq qədər uzun deyil. İnsan onu xatırlayacaq son adam öləndə ölür!

II

ÇƏTİNDİR GÖYÜ SEVİB QAYIDIB YERİN OLMAQ

Ömrü sovurub-sovub,
Bəxti qapıdan qovub,
Çətindir göyü sevib
Qayıdıb yerin olmaq.

... İlk doğuluşdan insanın göy üzünə sirli-sirli baxmağı, sonradan elə bu sirr içində göy üzündə Allah axtarışı və bir az sonra da sirr içində Allaha əl açıb dua eləməyi də fəlsəfənin ilk predmeti olmalıdır məncə...

Mən fəlsəfəni onun quru mücərrədliklərində və formal tərəflərində deyil, insanın öz ruhu ilə qarşılıqlı münasibətlərinin fonunda aydınlaşdırmağın tərəfindəyəm.

Bizdə adətən, həmişə fəlsəfənin özü ilə deyil, onun tarixi ilə məşğul olublar. Sonaz qala bir əsrə bərabər bir dövrdə insanın ilk yaranışı, insanın özü və Allah haqqındakı düşüncə və biliyində indiyə qədər formalaşmış ənənədən fərqli bir fikir söyləmək “sovet ideologiyası” tərəfindən qadağan olunmuşdu. Qadağaların hakim olduğu yerdə azad düşüncə, azadlığın hakim olduğu yerdə azadlıq olmur. Ən böyük azadlıq sərbəst düşüncənin azadlığıdır.

Bizim xalqda fəlsəfə ilə bağlı maraqlı bir fikir formalaşıb; Kim ki elmlə məşğul ola bilmir, filosofluq edir. Bu cür düşüncə tərzi bizi heç vaxt fəlsəfənin həqiqi mahiyyətini dərk eləməyə imkan verməyib. Hər hansı bir tədqiqat sahəsi dəqiq formullarla ifadə olunmuş biliyi meydana çıxardıqda bu bilik elm adlanır. Hər bir elm fəlsəfə kimi başlayır, sənət kimi başa çatır.

Fəlsəfə məlum olmayanın və ya qeyri- dəqiq olanın sübutlara əsaslanan şərhidir. Deməli, elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir.

Fəlsəfə sözün əsl mənasında elm kimi bizi zəngin eləyə bilməz, ancaq o, bizim ruhumuzu mütləq azad eləyə bilər.

Məncə, azadlıq, daha doğrusu, düşüncə azadlığı fəlsəfənin ən böyük predmetidir.

Özündə bir çox tədqiqat və mülahizə sahəsini birləşdirən fəlsəfə Allah, ölüm, əbədiyyət, zaman və məkan haqqında düşüncələrlə qorxu içində yaşayan insanı xilas etməyin, yəni insanın özünü xilas etməyinin ən gözəl yoludur.

Ancaq olanların və olacaqların mahiyyətini daşda, ağacda, göy üzündə, ulduzlarda, hətta sonda Allahda axtarmağın tərəfində deyiləm. Çünki onların hamısından daha dəyərli, daha möhtəşəm bir mövzu var - insan ruhu, insan mənəviyyatı və sonda insanın özü. İnsanın özündə baş verənlərin mahiyyətini göy üzündə, ətrafda axtarmağı başa düşülən deyil. Göyü sevib yerin adamı olmaq axmaqlıqdır məncə.

Ömür keçdi gəldi bir dəm,
Haqq yoluna qoydum qədəm.
Ki, özümə varıb gedəm,
Özgə bir yol de varmı heç.

İnsanın öz özündə bir şey olması bizə imkan verir deyək ki, insanda olan nə varsa özünündü və yaxud insan öz mahiyyətidir əslində, böcək kimi, qarışqa kimi, quş kimi, arı kimi, hörümçək kimi. Əziz dost, qarşılıq olaraq deyə bilərsən ki, insan onlardan fərqli olaraq düşünə bilir, kəşf edə bilir, yarada bilir. Tor hörümçəyin, şan arının kəşfidir. Sadəcə olaraq onlar ən böyük kəşflərini insandan fərqli olaraq sonda deyil, başlanğıcda eləyiblər.

Yol gedirəm mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə yoldu əvvəli
Və sonrası içində.

Əvvəl və son yoxdur. Onların əvəzində yol var. Və ən acınacaqlı odur ki, biz yolun kənarındakı çiçəklərə uyub yolun özünü, yəni insanı unutmuşuq.

III

OLMAMAQDI BU OLMAQ

Bu qardaşdı, kədər bacı,
Ağladacaq acı-acı.
Bədən ruhun dar ağacı
Ruh bədənə uyarmı heç?

İnsanın özü ağlamadan başqasını ağlatmaq cəhdi riyakarlıqdır. Horatsi şair olmaq istəyən oxucusuna yazırdı: “Əgər sən mənim ağlamağımı istəyirsənsə, gərək özün də kövrələsən, ağlamsınasan”.

İnsanın özünün bilmədiyi, başqasına bir şeyi anlatmaq istəyi də belə bir şeydir. Və mən bir şeylər bilirəm.

Və onları anlatmaq fikrindəyəm.

Sən - möhtəşəm və cılız, təslim olan və dar ağacına gedən, füsunkar və rəzil, güclü olduğu qədər zəif, namuslu və ləyaqətli olduğu qədər namussuz insan!

Yüz tilsimə baş vurdum,
Qayıdıb səndə durdum.
Bu olumla nə buldum,
Olmamaqdı bu olmaq.

Əgər olmaq elə olmamaqdırsa, bu boyda əzab və iztirablar, cəhdlər və canatmalar nə deməkdir görəsən.

Ömür boş və mənasız bir şeyi dəyərləndirmək cəhdidir insanın. Fələk qarının tərsinə fırlanan çarxının pərlərini insanın boş və mənasız bir şeyi dəyərləndirmək cəhdi döndərir. Göz yaşları, əzab və iztirab, canatmalar bahasına dönən bu çarxı fırlatmağına dəyərmi? Belə bir şeyə hesablanmış insan ömrü boş və mənasız deyilmi? İnsan hara can atır? Ölüməmi? Ölüm haqqında düşüncələr ölümün özündən daha çox əzab gətirir.

Ölüm qorxusu fəlsəfənin başlanğıc, dinin son səbəbidir. Ruhun ölümsüzlüyünə olan inam ölüm qarşısındakı dəhşətli qorxunun bir işarəsi, rəmzi, simvoludur. İsa da, Musa da, Məhəmməd də bunu bilirdi. Ancaq anlatmaq istəmədilər...

İnsan bütün ömrü boyu mövcud olmayanı arzu edir. Olanı mövcud olmayana qurban verir. İnsan həyatının faciəsi belə başlayır.

Ömür qısa olduğundan insan topladığı təcrübədən istifadə eləməyə vaxt tapa bilmir. Nə vaxtsa istifadə olunmayacaq təcrübəni əzablar bahasına toplamağa dəyərmi?

Mən insanı cəmiyyətlə münasibətdə yox, fərd şəklində öyrənməyin doğru olduğunu düşünürəm. Buddistlər deyirlər ki, “Mən bir yanılmadır, fərd sadəcə olaraq fenomendir”.

Biz insanı fərd şəklində öyrənsək görərik ki, onun əzab və sevinci ölümü ilə bitir. Qalan yeganə şey artırdığı nəsildir. Onlar da heyvanların həyata keçirdiyini-nəsl ötürmək kimi bir vəzifəni icra eləməkdən başqa bir şey eləməyiblər.

Bütün yaxşı və pis keyfiyyətlər insanın mahiyyətini ifadə etmir. İnsanın mahiyyəti boş və mənasız bir şeyi - ona verilən ömrü dəyərləndirmək cəhdindən başqa bir şey deyil. Bu belə olmasaydı, tale təkcə mənsub olduqları xalqların ədəbiyyatında deyil, dünya ədəbiyyatının tarixində, söz və nüfuz sahibi olan bir çox qələm əhlini ömrün və insanın nə olduğunu dərk edəndən sonra intihara sürükləməzdi.

Hemenquey, Yukio Mişima, Stefan Sveyq, Nobel mükafatı almış Yosunari Kavabata, “yaşamaq nədən belə iç acısı” deyən ingilis qadın yazarı Virginya Volf, “dişisinə pis davranan tək heyvan insandır” deyən Cek London, “yalnız hüznü vardır qəlbi olanın” deyən 29 yaşlı İlhami Çiçək, ölümündən bir an əvvəl dostuna “ortada yazar olduğumu təsdiq edəcək heç bir şey qalmasın” söyləyən F.Kafka... Bu siyahını nə qədər istəsən uzatmaq olar. Bu adamlar ölümün mahiyyətini dərk etmək üçün intihara cəhd etmədilər. Onlar ömrün boş və mənasız olduğunu dərk etdiklərindən intihar etdilər.

İnsanın qəzəbi gülüşə, atəşi nura və işığa, ehtirası sevgiyə, haqq və ədaləti görüntüyə, riyakarlığı xeyirxahlığa, qorxunu Allaha çevirmək cəhdi insanın zəkasına deyil, ona verilmiş ömrü-qısa zaman ölçüsünü öz həyatı ilə doldurmaq istəyinə hesablanmışdır.

Fransız filosofu Volter deyirdi ki, “İnsan yalnız bütöv ömrünü sərf etməklə həyatını dəyərli edə bilər... Bu, son nəticədə ən böyük həzzə çevrilir”. Bu həzzin özü belə boş və mənasız bir şeyi dəyərləndirmək cəhdidir...

İnsana verilmiş ömür boş və mənasız bir şeyi dəyərləndirmək cəhdindən başqa bir şey deyil.

IV

GÖY ÜZÜ İTMİŞ YER ÜZÜDÜ

Bir dəli var əli daşla,
Gözləri doludur yaşla.
Gəl o dəlini bağışla
Unudub bəndə olduğun.

Biz insanı kənarda-ayda, ulduzda, ağacda, çiçəkdə, böcəkdə, göy üzündə, Allahda axtarmağımızı yanlış olduğunun əzabını çəkməkdəyik.

Mən həmişə fikirləşmişəm ki, göy üzü nə vaxtsa itmiş yer üzüdür. Və bizim göy üzünün qaranlığında bütün olmuş və olacaqlara, cavabsız suallara cavab axtarmağımızın nə qədər gülməli olduğunu anlamırıq. Biz nə vaxtsa göy üzünü “darmadağın eləsək”, o işıqlanacaq. Və onda biz onun elə nə vaxtsa günaha batmış, itmiş yer üzü olduğunu görəcəyik.

İnsana aid olan bir şeyi insandan kənarda axtarmaq yalnışdır məncə! Çünki:

Yüz dua qıl, əyil anda,
Duyacaqsan lap son anda,
Sən Tanrının dərgahında
Öz içindən gələn səsi.

V

VƏ MƏN HAMIDAN FƏRQLİ OLARAQ...

Çox şeylər bilirəm
bu yer üzündə;
Bilirəm cənnətdə
Buğdanı hansı mələk
Göstərib Həvvaya.
Və hansı mələk
Küləksiz sovurub-sovub;
Bilirəm adəm
Nə cür cənnətdən çıxıb,
Allah İblisi dərgahından
Nə sayaq qovub.
Bilirəm niyə İblisi
öldürməyib,
əfv eləyib Adəmi.
Və bilirəm sonradan
Nəfsinə qul eyləyib adamı.
Çox şeylər bilirəm,
Ancaq sirrini açmadan Allahın
Yaşayıram bildiklərimi
unuda-unuda;
Bilirəm İblisin
Gizlində Allahın
Dostu olduğunu da.

VI

İNSANIN ÖZÜNÜ QORUMAQ CƏHDİ

Bədən cana yükdür-yük,
Yenə də onu sevdik.
Sonsuzluğa gedirik,
Ah qorxusu içində.

İlk başlanğıcda insanın özünü qorumaq cəhdi instinktdir. O zaman vəhşi təbiətlə üzbəüz dayanmış, əliyalın müdafiəsiz və silahsız insan öz müdafiəsini qolunun zoruna hesablamışdır. Və ayaqda ancaq fiziki cəhətdən güclülər qalırdı. Bu Allahın təbiət və insan arasındakı ilahi harmoniyası idi. İnsan ağıllandıqca, təcrübə topladıqca bu harmoniyanı pozdu. Və qəbilədə, tayfada, cəmiyyətdə hakimiyyət, söz sahibi olmaq fiziki cəhətdən güclü olanların əlindən çıxıb, ağıllıların (həm də hiyləgərlərin) əlinə keçdi. Və beləcə ilk başlanğıcdan göy üzü Tanrının, yer üzü iblisin hakimiyyəti altına girdi.

Bax elə o andan da mən həqiqəti nizələrin ucunda, qılıncların tiyəsində, topların ağzında, həbslərdə, sürgünlərdə, bir də “İncili”in və “Quran”ın saralmış vərəqlərində gördüm.

Əgər haqq və həqiqətin heç vaxt hakimiyyətdə olmadığını və ilkin başlanğıcda insanın Habildən deyil, günaha batmış Qabildən törədiyini qəbul etsək, böyük bəşəri dəyərlərin uydurma olduğunu, insanın özünü qorumaq cəhdindən başqa bir şey olmadığını görəcəyik. Və mən belə düşünürəm ki, böyük bəşəri dəyərlər olan haqq - yalanla doğrunun, ədalət - zülm və yazıqlığın, səxavət - xəsisliklə bədxərcliyin, sevgi - şəhvətlə ismətin, qəhrəmanlıq - qorxu və dəliliyin, qanunlar - anarxiya ilə əminamanlığın, adilik - dahilik və dəliliyin ortasında olan və onlardan törəyən dəyərlərdir. Və bu dəyərlərin heç biri “özü özündə bir şey” deyil, törəmə - uydurulmuş dəyərlərdir. Bütün bu böyük dəyərlərə qarşı dayanan şər o dəyərlərdən fərqli olaraq özü özündə bir şeydir və daha doğrusu, özü öz mahiyyətidir.

Məsələn: Sevgi öz özlüyündə heç bir mahiyyət kəsb etməsə də (hətta bioloji cəhətdən), ismət və şəhvət anlayışları arasındakı mahiyyəti, haqq-ədalət zülm və yazıqlığın arasındakı mahiyyəti ifadə edir.

Şər bunlardan fərqli olaraq heç bir ara mahiyyət ifadə etmir və özü öz mahiyyətidir. Şər özü özlüyündə özünü ifadə etmək bacarığına malikdir.

Əgər bineyi-qədimdən, doğuluşdan min illərdir haqq və ədalət uğrunda mübarizə gedirsə, deməli, o, heç vaxt hakimiyyətdə olmayıb. Mübarizə əldə olunacaq nəticənin ifadəsi olduğundan haqq və həqiqət uğrunda mübarizə sonu olmayan mahiyyət daşıyır. Çünki nə vaxtsa haqq və həqiqət hakimiyyətdə olsaydı, onun uğrunda mübarizə aparmazdılar. İncildə deyilir ki, dünyanı sevgi xilas edəcək. Füsunkar və möhtəşəm səslənir, elə deyilmi? Ancaq hansı sevgi? Bəndələrin Allaha olan sevgisimi? Mən bu sevgini bəndələrin hiyləgərliyə sığınmış riyakarlığı hesab edirəm. Bəndələrin bəndələrə olan sevgisimi? Bu da bir tərəfin qarşı tərəfdən nəyisə əldə etmək naminə aldatmaq cəhdidir.

Genetik cəhətdən bir-birinə bağlı olan adamların (ata-ana, oğul, qız, qardaş, bacı) bir-birinə olan sevgisimi? Bu instinktdir və istənilən növ və cinslər arasında bu mövcuddur. Quşların, böcəklərin, heyvanların bir-biri uğrunda öldüklərini görməmişikmi?

Müxtəlif cinsdən olan (kişi və qadın) adamların sevgisimi? Bax məsələ burada daha çox reallaşır, konkretləşir, tərəflər və məqsəd aydın görsənir. Kimisə ələ keçirmək, kimisə ram etmək, özününküləşdirmək və yaxud əksinə, kiməsə tabe olmaq, kiminsə qarşısında təslim olmaq...

Və son anda yenmək və yaxud əksinə yenilmək. Sevginin şəhvət və həya arasındakı aralıq bir şey olması onlar arasında daimi mübarizənin varlığından xəbər verir. Sənə də bəllidir ki, bu savaşın qalibi həmişə birinci tərəf olur. Sirr ondadır ki, bu savaşda yenilən tərəf məğlubiyyətini qələbə sayır:

Gözümü yoldan yığım,
Dönüm bir sözə sığım.
Ən böyük azadlığım -
Sənin əsirin olmaq.

Bu bir həqiqətdir ki, fiziki cəhətdən kamil, sosial cəhətdən təmin olunmuş, intellekti və ruhu olan hər bir kişi istənilən bir qadın üçün ideal tərəf müqabilidir və həmin kişi istənilən qadını əldə eləyə bilər. Və yaxud əksinə, Allahın verdiyi gözəlliklərə sahib, intellekti, ruhu, dünyabaxışı kamil qadın istənilən bir kişini yoldan çıxarıb ona sahib ola bilər. Bu cür kişi və qadının sevgi adlı bir yalanı uydurmağa ehtiyacları yoxdur.

Sevgini layiq olmadığı bir şeyi ələ keçirmək istəyən, eybəcərlər, yarımçıqlar, qeyri kamil adamlar uydurublar.

Qəhrəmanlıq - qorxu və dəliliyin arasında nədirsə, sevgi də eləcə şəhvət və həyanın arasındakı həmin şeydir.

Mən eyni səviyyədə, eyni vəziyyətdə, eyni fiziki və mənəvi ölçülərə sahib olanların sevgisinə inanıram.

Sevgi ancaq bu anlamda öz əsas mahiyyətini ifadə eləyə, aralıq mahiyyətindən çıxıb öz-özündə bir şey olduğunu anlada bilər.

Sevda sevgi deyil:

Sevda nədir soran adam,
Deyim - Bədən bil, can olur .
Zaman, zəmanə dayanır
Min il dönüb bir an olur.

Ona gedən yolun adı,
Ruhum üstə od qaladı.
Bu nə cür eşq, nə sevdadı,
Dərd qayıdıb dərman olur.

Dərdi dərman olanların sevgisi sevgi deyil, sevdadır əziz dost. Bu sevdanın əsl adı da tənhalıqdır. Sən bunları bilirsən mütləqa!

İçində dinməmiş və dindirilməmiş bir şey var. Onun hüznünü yaşayıram.

P.S. Və bir də onu demək istəyirəm ki, biz haqq və ədalətin heç vaxt mütləq qalib olmayacağını bilə-bilə o savaşın əsgərləri olmağa borcluyuq. Bu da bizim taleyimizdi. (525-ci qəzet)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.