Şirvan “MERO”-nun ünlü “prava maklerləri” – Adlar və faktlar...

15-11-2018, 15:41           
Şirvan “MERO”-nun ünlü “prava maklerləri” – Adlar və faktlar...
Ölkə boyunca korrupsiya və rüşvətxorluğa qarşı uğurla həyata keçirilən effektiv tədbirlər vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Təyin olunduqları yüksək vəzifələrdən yalnız şəxsi qazanc məqsədilə istifadə etməyə çalışanların bu fürsətçiliyi ilə mübarizə bu baxımdan böyük əhəmiyyət daşıyır. Lakin təəssüf hissiylə qeyd etmək istərdik ki, bütün mübarizəyə, səy və cəhdlərə baxmayaraq rüşvəti hələ də fəaliyyətinin əsas məqsədinə çevirən vəzifəlilər kifayət qədərdir.
Savash.org olaraq bu yazımızda redaksiyamıza daxil olmuş şikayət əsasında diqqəti həmin neqativ halların yaşandığı məkanlardan birinə yönəltmək istəyirik. Söhbət Şirvan şəhərindəki 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan Bölməsində baş verənlərdən gedir. Şikayətçilərin sözlərinə görə burada elə dözülməz vəziyyət yaradıblar ki, artıq narazılıq etməmək sadəcə olaraq mümkünsüzdür:
“Şirvan MERO-da hər şey rüşvətlə həll olunur, istər sürücülük vəsiqələrin alınması olsun, istərsə də idarədə başqa bir problemin həlli – dəxli yoxdur, tələb olunan rüşvət məbləğini ödəmək şərtdir. Burada xüsusi maklerlər fəaliyyət göstərir ki, onların da əsas işi vətəndaşla idarə rəhbərliyi arasında “körpü” rolu oynamaqla rüşvət yığımını asanlaşdırmaqdır”.
Həmin maklerlərdən birinin Salyandakı Avtomobil Məktəbinin rəhbəri Azadın olduğunu iddia edən mənbəmizin sözlərinə görə bu şəxs günün əsas vaxtını rəhbərlik etdiyi məktəbdə yox Şirvan MERO-nun qarşısında keçirir. Niyə sualının cavabı isə özlüyündə aydındır: Azadın burada “çox vacib” işləri var, “prava” sahibi olmaq istəyənləri toruna salmalı, “yuxarının” haqqını verdikdən sonra isə özünə qalan qazancın miqdarını artırır.
Şikayətçilər bildirir ki, Azad dövlət tərəfindən ona xidməti avtomobil kimi təhkim edilmiş 52 AA 100 dövlət nömrə nişanlı avtomobillə hər gün Salyan rayonundan Şrvan MERO-ya məhz bu “ülvi məqsəd”ini reallaşdırmaq üçün gəlir. İndi o başqa məsələ ki, maaşla dolanmalı olan bu şəxs hər gün bu qədər yanacağın pulunu hardan alır, ya da ümmiyətlə xidməti avtomobilin hər gün Şirvan MERO-nun qarşısında nə işi var?
Onun rəhbərlik etdiyi məktəbin isə yalnız adı var. Burada faktiki olaraq heç bir nəzəri və praktik məşğələlər keçirilmir. Hər şeyin sadə qaydası var: Pulunu ver, sənədini al. Sonra “prava” üçün tələb olunan pulu ver, yenə sürücülük vəsiqəni al!
Əldə etdiyimiz məlumatlara görə Şirvan MERO-da “sürücülük vəsiqəsi alveri”nin ünlü isimlərindən biri də Şirvan 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan Bölməsinin Dövlət Avtomobil Müfəttişliyinin (DAM) müdüri Bilal Əliyevdir. Halbuki onun məsul olduğu sahə ilə “prava” verilməsinin hansı əlaqəsinin olduğunu müəyyənləşdirə bilmədik.
Sonda qeyd edək ki, bu və digər məqamlarla bağlı özündə konkret faktları əks etdirən daha geniş araşdırma yazımızı yaxın vaxtlarda oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.