“Koçak Gold” işində sensasion səs yazısı ortaya çıxdı

10-12-2018, 08:32           
“Koçak Gold” işində sensasion səs yazısı ortaya çıxdı
Azərbaycana qaçaq yolla milyonlarla dollarlıq qızıl gətirənlərin işi məhkəmədə; araşdırmalar başladı
Türkiyənin məşhur “Koçak Gold” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı Azərbaycan Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində araşdırmalar başlanılıb. Araşdırma şirkətin qaçaq yollarla Azərbaycana külli miqdarda qızıl-zinət əşyalarının daşınması ilə bağlıdır. Vaxtilə şirkətin nümayəndəsi olmuş Natiq Ələsgərov müxtəlif dövlət orqanlarına bu məsələ ilə bağlı müraciətlər edib.

Eyni zamanda, ona məlum olan faktları, məlumatları, səs yazılarını da müraciətlərinə əlavə edib. N.Ələsgərov deyir ki, Azərbaycan məhkəmələrində də “Koçak Gold” şirkəti ilə bağlı iddialar qaldırıb: “Bu günə qədər ”Koçak Gold"la bağlı zərərçəkənlər mətbuatda çıxışlar ediblər. Onların hər birinin dedikləri doğrudur, əlimizdə elə sübutlar var ki, şirkətin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Vaxtilə MTN-in saxladığı və “Koçak Gold”un müştərisi olmuş Abbas Səfərli ilə telefon danışıqlarım olub. Abbas Səfərli açıq-aşkar deyir ki, “Koçak Gold” qızıl zinəti Azərbaycana qaçaq yolla gətirib. Bu məsələ mütləq şəkildə araşdırılmalıdır".

O, səs yazılarının stenoqramlarını da redaksiyamıza təqdim edib. Səs yazılarında qeyd edilir:

“Natiq, məni borcla bağlı narahat edirsən tez-tez. Məni narahat eləmə. Bu pul, bilirsən ki, tutuldu, malı da aldılar əlimdən. Qaçaq yolla mallar göndərirdilər, onun zibilinə düşmüşəm mən. Onun zibilinə düşə-düşə də bütün yazılan borcu da, qorxudub yazdırdılar mənə ki, borcluyam. Mal tutula-tutula borcu boynuma götürdüyüm. Bütün pulları özləri gəldilər aldılar. Pulu da Tefikə verdim, bank yolu ilə. Mən pulu vermişəm, məndən borcu tələb etməyin. Əl çəkin. Tutan adamlar özləri mənə deyirlər ki, həmin pullara görə kimsə gəlsə, bizə de, biz qaçaqmalçılıqla mal gətirənləri ilişdirmək istəyirik. Borcu istəsəz, mən bu işin üstünü açacağam. O adamlar onsuz da belə bir şey gözləyirlər ki, kimsə gəlsin tutub ilişdirsinlər. Desinlər ki, qaçaqmalçılıqla məşğul olmusuz. Sən də onların advokatı olmusan. Bir şey olsa, səndən başlayacaqlar. Mən o pulu Tefikə ödəmişəm. Deyib mənə heç kim bilməsin, altdan-altdan ödə. Mən də ödədim. Daha məni narahat eləməyin”.

Digər səs yazısında Abbas Səfərli “Koçak Gold”un nümayəndəsinə deyir: “Natiq, onlar o malları qaçaq yolla göndərirdilər. Avtobusla göndərirdilər, mən burada qarşılayırdım, bütün hamının malını mən verirdim. Qaçaqyol onların yolu idi, deyirdilər ki, ora ver, mən də ora verirdim. Yəni bu yolla neçə ilə işləmişik biz. Tutulanda da mən bunların adını vermədim. Bütün yükü üstümə götürdüm ki, mən eləmişəm. Türkiyəyə zəng elədim, dedilər ki, bizim adımızı vermə. Çünki onların adını versəydim, onları çağıracaqdılar bura, qaçaqmalçı kimi hamısını ”oformit" eləyəcəkdilər. Onların böyük şirkətləri batardı. Ona görə də bütün yükü üstümə götürdüm, dedim ki, hər şey mənimdir. Güclə öz canımı qurtardım oradan. Nələrim, pullarım getdi. Bununla belə məni qorxudub üstümə həmin borcu da yazdılar. O borcu belə mən bazarda nə alacaqlarım var, özləri gəldilər, adlarına keçirdim. Nə boyda pul idi, keçirdim adlarına, özləri yığdılar. Maşınıma qədər, nəyim vardı satdım, borca-xərcə girdim, ödəyə bildiyim bütün borcu ödədim. 851 min pullarını da ödəyib qurtardım. Məndən əl çəkin. O vaxtın borclarını ödəyirəm hələ də".

Növbəti səs yazısı da ölkəyə qaçaq yolla qızıl zinət əşyalarının gətirildiyini təsdiqləyir:

“Natiq, məni sıxan sənsən. Hamı bilir, o mallar qaçaq yolla gəlirdi. Qaçaqmalçılıq yolu ilə də mən onlara ödəniş edirdim. Amma yük tək mənim boynumda qaldı. Orada döyülən, söyülən mən oldum. Hər şeyi, yükü götürən mən oldum. Onların nə vecinə, oturublar orada. Bütün yükü çəkən mən oldum”.

N.Ələsgərovun sözlərinə görə, “Koçak Gold” dünyaca məşhur şirkətdir, amma öhdəliklərini yerinə yetirmir: “2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ”Koçak Gold"un Azərbaycandakı nümayəndələrindən biri olmuş Hamit Pehlevanı həbs edib. Ona qaçaqmalçılıq ittihamı verilib. Bundan sonra şirkətin Azərbaycanda problemləri yaranıb. 2012-ci ildə şirkətin sahiblərindən olan Cavit Koçak Bakıya gəlib “Bakı Hüquq Şirkəti” ilə xidmət müqaviləsi bağladı.

Cavit Koçak

Bu müqaviləyə görə direktoru olduğum şirkət Azərbaycanda “Koçak Gold”a borcu olan şəxslərdən pulu yığıb onlara təhvil verməli idi. İşə başladıq. Cavit Koçak borcluların siyahısını verdi, məni onlardan biri olan Abbas Səfərli ilə tanış etdi. Dedi ki, Abbas Səfərlinin şirkətə borcu var, borcu rəsmiləşdirmək lazımdır. Belə də etdik. Abbas Səfərli borcun etirafı haqda müqaviləyə imza atdı. 2012-ci ilin 6 sentyabrında bağlanan müqaviləyə görə, Abbas Səfərlinin “Koçak Gold”a 851 dollar borcu vardı. Həmin məbləği də hissə-hissə ödətdirmişdik. Amma “Koçak Gold” bizim xidmət haqqımızı ödəmədi".

Natiq Ələsgərov deyir ki, Abbas İsmayıl oğlu Səfərlinin “Koçak Gold”a 851 min ABŞ dolları borcunu təsdiq edən hər hansı bir rəsmi faktura və ya Türk Cümhuriyyətinin vergi orqanı tərəfindən təsdiq edilən rəsmi sənəd yoxdur".

Bu qalmaqallı qaçaqmalçılıq işi ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində hakim Cahangir Yusifovun icraatında iş var.

Həmin iş N.Ələsgərovun “Koçak Gold”a qarşı iddiası ilə bağlıdır. N.Ələsgərov deyir ki, 2 saylı İnzibati İqtisad Məhkəməsində “Koçak Gold”a qarşı iddia qaldırıb. İşə hakim Etibar Mustafayev baxıb. “Koçak Gold”dan ona ə ödənilməli olan xidmət haqqını tələb edib: “Hakim Etibar Mustafayevə də qaçaqmalçılıq haqda sübutlar təqdim etdim. Amma qiymət vermədi, sübutlarla bağlı xüsusi qərardad çıxarıb istintaq orqanına yollamadı. Hakim qaçaqmalçılıq cinayətinin araşdırılmasını yubatdı. Sanki hakim dövlətin mənafeyini deyil, ”Kaçak Gold"un maraqlarına uyğun davrandı. Bu günə qədər də həmin cinayətlərin üstü açılmamış qalıb. Baş verənlərlə bağlı Azərbaycanın Baş Prokurorluğuna, Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyə Prokurorluğuna da müvafiq müraciətlər hazırlamışam".

Türkiyənin məşhur “Koçak Gold” şirkətinə qarşı 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri əməliyyat keçirib. Şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, “20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında itib.

Bu cinayət işi üzrə zərərçəkənlərin sayı 20-yə qədərdir. Maraqlıdır ki, 2015-ci ildə MTN-dəki “təmizləmə” əməliyyatından sonra da bu cinayət araşdırılmamış qalıb.

İş üzrə 2 zərərçəkən Siyavuş Fehruz oğlu və Fizuli Bəxtiyar oğlu Məhərrəmov “Yeni Müsavat”a danışıblar. Onlar “Koçak Gold”un Azərbaycandakı nümayəndəsi Hamit Pehlevanın həbsindən sonra baş verənləri anladıblar. Deyiblər ki, “Koçak Gold” onlara çatmalı olan, lakin çatmayan qızılların pullarını almaqla müflis duruma düşmələrinə səbəb olub. Hamit Pehlivanın həbsindən sonra “Koçak Gold”la işləyən kiçik sahibkarlar müflis olub, şirkət isə Azərbaycanda işini davam etdirib və bu gün də davam etdirməkdədir.

Qeyd: Redaksiya yazıda adları keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.