Qaçqın evini, şəhid liseyini satan, rusca “çırtlayan” məmurun tender gizlinləri -Tərtər/Video

17-12-2018, 08:12           
Qaçqın evini, şəhid liseyini satan, rusca “çırtlayan” məmurun tender gizlinləri -Tərtər/Video
Müstəqim Məmmədov Elmar Vəliyev korpusunun sonuncu legionlarından biridir. Onun karyera yüksəlişi birbaşa E.Vəliyevin sayəsində mümkün olub.
Reportyor.info xəbər verir ki, M.Məmmədovun Tərtərin icra başçısı getməsində E.Vəliyevə borcu olsa da, postunda qalıb-qalmayacağı tükdən asılı məsələdir.
2006-2014-cü illərdəYevlaxın icra başçısının müavini işləmiş M.Məmmədovun Tərtərə icra başçısı təyinatı E.Vəliyevin gur-gur guruldayan vaxtlarına təsadüf edib.
Bərdə, Tərtər, Yevlax və Gəncəni tam nəzarətinə almış E.Vəliyevin güllələnməsi ilə bu zona tamamilə onun əlindən çıxdı. Ancaq hər üç bölgədə adamlarına toxunmadılar.

Müstəqim Məmmədovun məxfi tender şirkəti…

Elmar Vəliyevin Müstəqim Məmmədovun arxasından əlini çəkməyə məcbur olması, Tərtər RİH başçısının fəaliyyətinə həssas şəkildə nəzarəti gücləndirib.
İndi Tərtərin başçısı elə işləməlidir ki, prezident onun fəaliyyətindən narazı qalmasın, vəzifədən azad olunmasın. Çünki ardıcıl olaraq Binəqədi, Xətai, Yasamal, Səbail, Tovuz, Gəncə, Gədəbəy, Şamaxı və bir sıra bölgələrdə icra başçıları dəyişdirilib.
Bu proses gələn ilin əvvəli də davam edəcək. Odur ki, Müstəqim Məmmədovun gördüyü işlərin dosyesi dövlət başçısına məruzə olunur.
Bəs onun rəhbərliyi dövründə Tərtərdə hansı işlər həyata keçirilib? Qısa olaraq ondan başlayaq ki, Tərtər Rayon İcra Hakimiyyəti tenderdə qalib olmuş “İnpeks.N” MMC-yəabadlıq işləri üçün 557983.50 manat ayırıb.
RİH tərəfindən həmin şirkətə çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işləri üçün də əlavə olaraq 127264.42 manat köçürülüb.
“İnpeks.N” MMC şirkətinin adı bir sıra tenderlərdə keçir. Maraqlıdır ki, bu firma daha çox İcra Hakimiyyətlərinin göz bəbəyidir.
“İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1601862631). Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib.
Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur.
nə “İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat yoxdur. Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir.
Yəni mənzil sahibi müvafiq rabitə qovşağına ərizə verərək nömrəsinin yaşadığı ünvanda olan telefon nömrəsini məxfi etdirib.
Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı isə açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.

“Mənə şəhid nağılı danışma, arxamda Elmar Vəliyev kimi dağ var”

Müstəqim Məmmədovun məxfi və müəmmalı tender şirkəti ilə olan maliyyə əməliyyatı bununla yekunlaşmır. Bizim tenderlərlə bağlı araşdırmalarımız davam edir və sizə yeni faktlar təqdim edəcəyik.
İndisə sizə kimdən deyək, kimdən danışaq, Müstəqim Məmmədovun şəhid adına liseyi satışa çıxarmasından…
Tərtərin Qaradağlı kənd sakini İbrahimova Zinyət Yusif qızı bildirirdi ki, onun şəhid qardaşı İbrahimov Qaraş Yusif oğlunun adıTərtər Peşə Liseyindən müəmmalı şəkildə götürülüb.
İcra başçısı xalqın övladlarına peşə öyrədən liseyi bağladıb, binasını satışa çıxarıb. Şəhidin bacısının dediyinə görə, binaya əməlli-başlı qiymət qoyulub. Şəhid bacısı dəfələrlə başçı Müstəqim Məmmədovun qəbulunda da olub.
Başçı isə hər dəfə, “get hara istəyirsən şikayət et, rayonun yiyəsi mənəm, prezident bu rayonu mənə etibar edib, məndə nə istəsəm edərəm.
Mənə şəhid nağılı danışma, liseyin adında Tərtər sözü varsa, deməli tabeliyimdədir, istəsəm saxlayar, istəsəm bağladaram. Unutma, arxamda Elmar Vəliyev kimi dağ var” kimi xoşagəlməzifadələr işlədib.

Yevlaxda Tərtərədək tamet biznesi

Ancaq liseyin binasını sataraq pul qazanan icra başçısı Tərtərdə abadlıq işlərindən də mənfəət əldə edə bilir. Mediada yayılan iddialara görə, rayonda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir.
Eyni materialları Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Sadəcə, Müstəqim Məmmədovun Yevlaxda inşaat materialları satış mərkəzləri fəaliyyət göstərir. İH başçısı da daşa-divara hörülən büdcə pullarını öz sexlərinə, mağazalarına yönəldir.
Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir. Həmin sex isə Müstəqim Məmmədova məxsusdur və onu hələ Yevlaxda icra başçısının aqrar məsələlər üzrə müavini işləyən zaman açıbmış.
Amma Müstəqim Məmmədovun gözü nə lisey binasını satmaqdan, nə tikinti materiallarını öz dükanlarından aldırması ilə doyub.

Köçkünlərin evlərini satır, rusca “çırtdıyır”…

Bu ilin avqustunda Tərtərdə yaşayan kəlbəcərli köçkün onlar üçün tikilən evlərin icra başçısı Müstəqim Məmmədov tərəfindən pulla satıldığını bildirmişdi. Onların isə imkanı olmadığından yataqxananın uçuq otağında qaldıqlarını açıqlamışdı.
Ev almaq üçün sonuncu müraciəti zamanı icra başçısının onu ağır şəkildə təhqir etdiyini deyən məcburi köçkün əlacı kəsilərək prezidentdən imdad diləmişdi. Həmin videonu mətnin sonunda izləyə bilərsiniz.
Ən nəhayət, M.Məmmədov fəaliyyətinə Rusiya mediasına verdiyi bir müsahibə ilə “damğa” vurub. Həmin kadrlara baxanda icra başçısının rusca danışarkən çox əziyyət çəkdiyi hiss olunur.
Rus dilində “çırtlayan” M.Məmmədova biri izah etməyib ki, bu qədər “gücənməyə” ehtiyac yox idi. Birincisi, sərbəst danışmaq və fikri ifadə etmək üçün tərcüməçi ayıra bilərdi.
İkincisi, düşmənlə sərhəd zonada yerləşən və xeyli sayda şəhid vermiş Tərtərin icra başçısı yaxşı olardı ki, ana dilində danışsın. Amma özünə zülm verən M.Məmmədov rusca elə danışıb ki, “bişmiş toyuğun gülməyi gəlir”. Sizi həmin kadrlara baxmağa dəvət edirik, Tərtər RİH-nin isə münasibətini dərc etməyə hazır olduğumuzu bildiririk.
Gülay
REPORTYOR.info













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.