İranda partlayan zavodla Bakının kustar sexlərinin nə əlaqəsi... - “MİQ”İ DOĞRAYIB İRANLILARA SATAN SÜRÜCÜ VƏ DAHA NƏLƏR

21-01-2019, 19:16           
İranda partlayan zavodla Bakının kustar sexlərinin nə əlaqəsi... - “MİQ”İ DOĞRAYIB İRANLILARA SATAN SÜRÜCÜ VƏ DAHA NƏLƏR
Xəbər verildiyi kimi, “İstehsalat tullantıları haqqında” qanuna ötən il dekabın sonlarında edilmiş əlavələr bir neçə gün əvvəl prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə minib. Prezidentin fərmanına əsasən bu əlavələrin tətbiqinə dair hüquqi normativlər Nazirlər Kabineti tərəfindən üç ay ərzində hazırlanıb təqdim edilməlidir.

Bu mühüm qanunvericilik aktı haqqin.az və virtualaz.org saytlarının qara metal mafiyasının fəaliyyətinə dair neçə vaxtdır apardığı araşdırmalardan sonra qəbul edilib. Və Azərbaycanda qara və əlvan metal tullantılarının yığılması, qəbulu və əridilməsi sahəsində uzun illərdir hökm sürən xaosu nəhayət aradan qaldıra bilər.

Çünki metal tullantılarını kustar sobalarda əridib heç bir texnoloji normalara cavab verməyən inşaat materialları istehsal edən metaləritmə sexləri təkcə ətraf mühitə təhlükəli metal hissəcikləri buraxmır. Eyni zamanda belə sexlərdə işləyənlərin və yaxınlıqda yaşayanların da həyatı təhlükədədir. Çünki sexlərin qəbul etdikləri tullantıların partlayış, radiasiya təhlükəli olduğunu, yaxud zəhərli kimyəvi xassələr daşıdığını heç kim yoxlamır.

Yeni qanunun tələbləri

Nəticədə belə tullantılar kustar sobalarda əridilərkən ətrafa nəinki adi metalın əridilməsi nəticəsində yaranan zəhərli tüstü yayılır, eyni zamanda radiasiya və kimyəvi zəhərlənmə riski də meydana çıxır. Çünki həmin kustar sexlərin heç biri “təhlükə potensiallı obyektlər” olaraq xüsusi dövlət reyestrində qeydiyyatdan keçməyiblər. Yəni metal tullantılarının qəbulu və əridilməsi üçün qanuni səlahiyyətləri yoxdur. Qanuna edilmiş dəyişikliklər belə fəaliyyətə görə həmin sexlərin müxtəlif məbləğlərdə cərimələnməsini nəzərdə tutur və hüquqi məsuliyyət yaradır.

Virtualaz.org saytının reportyor qrupu prezidentin həmin fərmanından sonra metal tullantılarının qəbulu, əridilməsi sahəsində yeni hüquqi situasiyanın yarandığını nəzərə alaraq Bakının çoxsaylı kustar metaləritmə sexlərinin daha bir neçəsinə baş çəkib. Həmin sexlərin sahiblərinin qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra işlərini necə qurmağı planlaşdırdıqlarını öyrənməyə çalışıb.

Keşlədə, Energetiklər küçəsində...

...Belə müəssisələrdən biri Keşlə qəsəbəsində, Energetiklər küçəsi, 3 ünvanında, “Bakı Metropoliteni” ASC-nin Dəmir-Beton Konstruksiyaları zavodunun yaxınlığında yerləşir. Bura paytaxtın baş küçəsindən-Heydər Əliyev prospektindən təxminən 1500 metr aralı olar və SOCAR qülləsi ilə düz üzbəüz istiqamədədir.

Amma digər kustar sexlərdən fərqli olaraq bu müəssisənin ərazisinə yaxın düşmək deyəsən müşkül məsələdir. Sexin ərazisi hündür hasarla əhatələnib, girişdə isə elektrikin köməyi ilə açılıb-bağlanan böyük dəmir darvaza, habelə nəzarət-buraxılış məntəqəsi var. Məntəqəyə daxil olub özümüzü təqdim edirik, mühafizəçilər (digər sexlərdən fərqli olaraq burada bir neçə mühafizəçi giriş-çıxışa nəzarət edir) gəlişimiz barədə “rəhbərliyi məlumatlandırmalı olduqlarını” deyirlər. Və onlardan biri sexə tərəf yollanır.

Çöldə gözləməyə üstünlük veririk, bu vaxt metal tullantıları ilə yükləniş ZİL markalı yük avtomobili sexə yaxınlaşır və dəmir darvaza sürətlə açılır, yük maşını bir saniyə belə ləngimədən içəri daxil olur. (Ötən həftə qüvvəyə minən qanunun tələblərinə əsasən isə bu metal tullantılarını ancaq xüsusi yoxlamadan keçirib qəbul etmək mümkün idi)

Yenə də Zülfüqarlı qardaşları, kustar metallurgiyanın “inhisarçıları”

Deyəsən burada işlər çox sistemli qurulub, hündür hasarın arxasından isə uzaqda üst-üstə qalanmış metal tullantılarını çətinliklə də olsa görmək mümkündür.

Təxminən 10-15 dəqiqə keçir və məlum olur ki, bizim “rəhbərliklə görüşmək” istəyimiz baş tutmayacaq. “Rəhbərlik indi yerində yoxdur, o özü sizinlə əlaqə saxlayacaq, suallarınıza cavab verəcək”-mühafizəçilər belə deyir.

Amma onu dəqiqləşdirə bilirik ki, bu sex də həmin Zülfüqarlı qardaşlarına (onları az qala kustar metallurgiyanın inhisarçıları da saymaq olar, çünki qardaşların sexləri sanki hər yerdədir-Xırdalandan tutmuş Saraya, Binəqədidən tutmuş Keşləyə qədər) məxsusdur. Yaxınlıqda yaşayanlar deyirlər ki, sex neçə ildir işləyir, armatur, katenka istehsal edir. Təmizləyici qurğulardan isə söhbət gedə bilməz, çünki Keşlə sakinləri bu sexdən havaya bülənd olan qara tüstünü tez-tez sinələrinə çəkməli olurlar.

İki gün gözləsək də “rəhbərlikdən” heç kim redaksiyamızla əlaqə saxlamır və nəticədə onlara verəcəyimiz suallar da da cavabsız qalır. Amma məsələ onsuz da aydındır, Zülfüqarlıların digər sexlərində olduğu kimi burada da ekoloji normalardan, texnoloji normalara cavab verən istehsaldan və əmək təhlükəsizliyi normalarından söhbət gedə bilməz. “Xüsusi təhlükəli obyektlər” statusu barədə isə yəqin ki, burada indiyədək eşitməyiblər.

Abışov küçəsində, “Həsənin sexində”

Nərimanov rayonu ərazisində, İ.Abışov küçəsində (Taxıl Kombinatının yaxınlığında) yerləşən kustar metaləritmə sexində isə metal tullantılarının yığılmasını, qəbulunu, əridilməsini nəzərdə tutan yeni qanun, prezidentin fərmanı haqda deyəsən eşidiblər....

Müəssisənin qapısını döyürük, amma mühafizəçi qapının özünü yox, təxminən 15x10 sm ölçüdə kiçik “nəfəsliyi” açır. “Burada nə istehsal edirlər?”-mühafizəçidən soruşuruq. “Metal əridirlər”, 23-24 yaşlı gənc cavab verir və içəri keçmək istəyimizə dərhal “yox” cavabı verir.

“İçəri keçmək olmaz, icazə yoxdur, rəhbərlik bax o tərəfdə, ofisdə oturur. Ora yaxınlaşın” deyir və dərhal “nəfəsliyi” bağlayır.

“Şükür Allaha, bizdə hər şey qanunidir, təmizləyici qurğumuz da var...”

Elə bu vaxt üzərinə “Pro Metal” sözü yazılmış pikap sürətlə sexin yanında dayanır, maşından düşən iki gənc narahat halda əməkdaşlarımıza yaxınlaşır. Nə axtardıqlarını soruşur. Məqsədimizi deyirik, qanuna edilmiş əlavələr və prezidentin son fərmanı haqda onları məlumatlandırırıq.

“Əlbətdə xəbərimiz var, bizdə şükür Allaha, hər şey qanunidir, qaydasındadır”-özünü təqdim etmək istəməsən həmin şəxslərdən biri deyir. Məlum olur ki, sexin sahibi Həsən adlı sahibkardır, amma hazırda başı nəsə qarışıqdır və daha sonra, “imkan tapan kimi” bizim suallarımızı telefonla cavablandıracaq. Amma bu adam müəssisənin adını, hansı MMC-nin “çətiri” altında işlədiyini heç cür demək istəmir.

Gələnlərdən biri sexin çölündə quraşdırılmış dəmir bloku göstərir: “Ekologiyadan gəliblər, tapşırıblar, ona görə təmizləyici filtrlər quraşdırımışıq. Bax o dəmir blokun içərisində yerləşir. Bakıda çox az sex tapa bilərsiniz ki, belə qurğusu var. Qurğu əridilən metalın tüstüsünü çəkir, filtrlərdə təmizləyib sonra havaya buraxır”.

Doğrudan da “Həsənin sexi” son aylarda reportyor qrupumuzun baş çəkdiyi kustar sexlərdə təmizləyici qurğusu olan ilk sexdir. Hərçənd yuxarıda qeyd olunduğu kimi belə sexlər, o cümlədən “Həsənin sexi” artıq metal tullantılarının qəbulu və əridilməsi üçün xüsusi tələblərə də cavab verməlidir. Əks halda təmizləyici qurğu ilə iş bitməyəcək.

“Kasıb malı”, tonu 680 manata

Sexdən ayrılıb üz tuturuq həmin ərazidə armaturların, “katinkaların” topdan, parakəndə satıldığı ticarət möqtələrinə. Nisbətən xırda ticarət nöqtəsində qabağa kustar sexlərdə buraxılan armaturlar qalaqlanıb. Satıcı deyir ki, sex armaturlarını daha tez satıldığı üçün qabağa yığıb. Arxada isə “Baku Steel Company” şirkətinin istehsalı olan bir miqdar armatur var.

“Bu zavod armaturudur, hazırda 1 tonunu 1000 manata satırıq. Əvvəl baha idi, indi ucuzlaşdırıblar. Onlar isə sex malıdır, tonunun qiyməti 650-680 manatdan başlayır. Kasıb malıdır, tez satılır deyə qabağa yığmışıq. Əsasən fərdi ev tikdirənlər alır. Çoxmərtəbəli binalar tikənlər isə bax o tərəfə, topdansatış bazasına gedir”-satıcı əli ilə istiqaməti nişan verir.

Həmin topdansatış bazasında isə geniş ərazidə üst-üstə hər cür metal məmulatları, o cümlədən armaturlar qalaqlanıb. Rusiya, Qazaxıstan istehsalı olan armaturlardan açıq havaya çıxıb nəm çəkən kimi dərhal pas atan yerli sex armaturlarına qədər. Amma alıcı gözə dəyimir. “Havaları görmürsüz? Belə soyuqda tikinti aparan kimdi? Ona görə gələn yoxdur”-obyektin qarovulçusu deyir.

“MiQ” qırıcısını doğrayıb İrana satan taksi sürücüsü: “Əridəndə zavod partladı...”

Redaksiyaya geri dönəndə mövzumuzdan artıq məlumatlı olan taksi sürücüsü maraqlı əhvalat danışır. Məlum olur ki, sürücü özü 90-cı illərin əvvəllərində metal tullantıları yığıb İrana satmaqla dolanırmış. Hətta Kürdəmirdəki aerodromdan Qarabağ döyüşlərində vurulmuş “MiQ” qırıcısının qalıqlarını rus zabitindən “bir-iki şüşə arağa” alıb, doğrayıb və İrana satıb. Və həmin materialları əridəndə partlayış baş verib.

“90-cı illərin əvvəlləri idi, Elçibəyin vaxtı. Kürdəmir aerodromundan qalxan “MiQ” qırıcısını Qarabağda vurmuşdular, amma pilot çox peşəkar idi, alov alan təyyarəni geri qaytarıb aerodroma endirə bilmişdi. Təyyarə təbii ki, yararsız hala düşmüşdü, rus zabitinə bir-iki araq verib aldım. Doğrayıb İrana satdım. Və İranda həmin qalıqları metaləritmə zavodunda əridəndə partlayış baş vermişdi, zavod partlamışdı. Mən təyyarəni doğrayanda gördüm ki, bu nəsə təhlükəli materialdır, kəsəndə ətrafa qəlpələr saçır”-55-60 yaşlı sürücü danışır.

Bu əhvalat Bakı və ətraflarına səpələnmiş çoxsaylı kustar metaləritmə sexləri baxımından ibrətamizdir. Axı onlar əllərinə nə keçsə kustar sobalara atıb əridir və dəfələrlə belə sexlərdə baş verən partlayışlar fəhlə ölümlərinə səbəb olub...

Reportyor qrupu
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.