Hacıbala Abutalıbovun hansı qohumu “qanunsuz bazar”dan xərac toplayır? – İDDİA - Rəsulzadə qəsəbəsindəki “qaçqınlar bazarı”ndan reportaj - FOTOFAKT

24-01-2019, 00:49           
Hacıbala Abutalıbovun hansı qohumu “qanunsuz bazar”dan xərac toplayır? – İDDİA - Rəsulzadə qəsəbəsindəki “qaçqınlar bazarı”ndan reportaj - FOTOFAKT
Binəqədi rayonu Rəzulzadə qəsəbəsində uzun müddətdir ki, fəaliyyətdə olan, qanunsuz və yöndəmsiz formada inşa olunmuş bazar fəaliyyət göstərir. Bura bazar yox, küçə ticarəti adı vermək daha uyğundur, sadəcə olaraq yerli camaat buranı “qaçqınlar bazarı” adlandırır. Bu əraziyə daxil olan hər kəs özünü 90-cı illərin əvvəllərində hiss edir. Taxtadan və plastik materiallardan inşa olunmuş, sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt etmiş “bazar”da antisanitariya baş alıb gedir.



Maraqlı orasıdır ki, sözügedən “bazar”da kənd təsərrüfatı məhsulları ilə bərabər qida məhsullarının satışı da həyata keçirilir. Ət, pendir, yağ, şor, qatıq, süd, kustar üsulla hazırlanmış və heç bir gigiyenik sertifikatı olmayan müxtəlif növ turşular gigiyenik normalara cavab verməyən şəraitdə alıcılara təqdim olunur. Respublikada abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı , vətəndaşlarımızın qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində islahatların həyata keçirildiyi bir vaxtda bu ”bazar”ın fəaliyyətdə olması təəccüblü görünür.



Ərazidə yaşayan sakinlərlə apardığımız sorğular zamanı məlum oldu ki, dəfələrlə edilən şikayətlərə heç kim əhəmiyyət verməyib, əksinə, həmin ərazilərdə küçə ticarəti genişlənməkdə davam edir. Sakinlər qeyd edirlər ki, isti havalarda buralarda vəziyyət daha dözülməz olur. Səs-küydən, üfunət iyindən evlərimizdə otura bilmirik. Diqqətimizi çəkən məqamlardan biri də ondan ibarətdir ki, bu “bazar” Rayon Polis İdarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin Binəqədi rayon şöbəsinin, Rəsulzadə Bələdiyyəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin bir addımlığında yerləşir. Nədənsə bu qurumların rəhbərləri qanunsuz küçə ticarətinə göz yumurlar.


Apardığımız araşdırmalar zamanı adıçəkilən “bazar”ın kimə məxsus olması barəsində müəmmalı informasiyalar əldə edə bildik. Deyilənlərə görə “bazar”ın bir qisminə baş nazirin müavini, Bakı şəhərinin keçmiş meri Hacıbala Abutalıbovun qohumu nəzarət edir. Adı və vəzifəsi bəlli olmayan bu şəxs ara-sıra “bazar”a baş çəkir. Hər ayın sonunda özünü H.Abutalıbovun qohumunun sürücüsü kimi təqdim edən şəxs “bazar”a təşrif buyuraraq satıcılardan müxtəlif məbləğlərdə vəsaitlər toplayır, alınan pulların müqabilində isə satıcılara heç bir qəbz verilmir. Araşdırmalarımızın sonunda belə nəticəyə gəldik ki, bu ərazi hansısa işbazların qanunsuz gəlir mənbəyinə çevrilib. Gün ərzində burada qazanılan pullardan nə dövlət büdcəmiz, nə də Binəqədi rayonu heç nə əldə etmir. Heç kim vətəndaşlarımızın ticarətlə məşğul olaraq ailələrinə çörəkpulu aparmasına problem yaratmaq fikrində deyil. Gün ərzində bazardan əldə edilən qanunsuz gəlirlər hesabına müasir standartlara cavab verən və sakinlərin rahatlığını təmin edən ticarət köşkləri yaradıla bilərdi. Lakin rastlaşdığımız mənzərə onu deməyə əsas verir ki, kimlərsə yuxarıda sadaladığımız şəraitin yaradılmasında maraqlı deyillər.



Nəzərə alsaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinə yeni təyin olunmuş icra başçısı Elxan Allahverdiyev, keçmiş sələfi Xaləddin İskəndərovdan fərqli olaraq rayonun təmizliyinə və abadlığına xüsusi diqqət ayırır, onda bu problemin də yaxın zamanlarda həll ediləcəyinə ümid etmək olar. Görəsən, hələ də vəzifələrində çalışan Rəsulzadə Bələdiyyəsinin sədri və icra nümayəndəsi bu barədə Rayon İcra Hakimiyyətinə məlumat veriblərmi? Çünki, satıcılardan aldığımız məlumata görə Bələdiyyə və İcra nümayəndəsinin adamları aradabir həmin ərazilərdə görünürlər. Görəsən onların “qanunsuz bazar”a baş çəkmələrinin səbəbi nədir?
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir...
stimulxeber.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.