Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi "skype"la idarə edirmiş

23-02-2019, 12:51           
Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi "skype"la idarə edirmiş
Gəncə şəhərində fəaliyyət göstərən 10 saylı orta məktəbin bir qrup müəllimi sözügedən təhsil müəssisəsinin direktoru Arzu Əliyevanın qanunsuz əməlləri ilə bağlı təhsil naziri Ceyhun Bayramova müraciət ediblər.
Dia.az xəbər verir ki, şikayətçilər həmin müraciətin surətini Demokrat.az-a da göndəriblər.
Müraciətdə Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən bəhs olunur.
Şikayətçilər qeyd edir ki, əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın həyat yoldaşı Qəzənfər Əliyev hazırda Samux rayon İcra Hakimiyyəti başçısının müavinidir.
Şikaətçilərin sözlərinə görə, direktor Arzu Əliyeva həyat yoldaşının vəzifəsinə arxalanaraq məktəbdə "fironluq" edir.
Təhsil naziri Ceyhun Bayramovun adına yazılmış həmin müraciəti təqdim edirik: "Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır.
Biz, Gəncə şəhərindəki 10 saylı məktəbin müəllimləri Gəncə şəhəri 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən danışmaq istəyirik.
Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən, eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olunub.
Direktor təyin olunan gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. O, həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir. Deyir ki, gedin kimə istiyirsiz şikayət edin. Özünün qadın olmasına baxmayaraq, dərs zamanı şagirdlərin göz önündə anası və atası yaşında olan müəllimlərin üzərinə qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.
Məktəbdə rüşvət ayaq tutub yeriyir. Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından, hər birindən 5 min manat rüşvət alaraq həmin qrupları onlara verib. Həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar. Əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır, sonra həmin vəsait Arzu Əliyevaya çatır. Arzu Əliyeva direktor vəzifəsinə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb. Onun əvəzinə 6 000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib. Bufetdə şagirdlərə xidmət göstərən Təranə adlı xadimə ümumiyyətlə işə gəlmir. Lakin onun maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbdə dalandar vəzifəsinə isə adı heç kimə məlum olmayan bir şəxsi təyin edib. Bu şəxs ümumiyyətlə işə gəlməyə-gəlməyə, onun adına olan maaş kartı da Arzu Əliyevadadır.
Binanın mühafizəsində növbətçi ştatında 2 nəfər işçi var, lakin bu şəxslər də heç vaxt işə gəlməyiblər. Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir. Həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.
Arzu Əliyeva həftələrlə gəlmədiyi məktəbin otaqlarının hər bir yerinə kamera qoydurub, məktəbi telefon və "skype" vasitəsilə idarə edir.
Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir. Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı, həm də onun həyat yoldaşını şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu. Lakin onlar Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən naməlum səbəblərdən öz işinə qaytarıldı. Elmar Vəliyevin icra başçısı olduğu illərdə isə Arzu Əliyeva qol-qanad açıb. Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub. Arzu Əliyeva hər dəfə müəllimlərlə söhbət zamanı bizi sizə yaxın münasibətdə olması ilə hədələyir.
Cənab nazir Ceyhun Bayramov, xahiş edirik ki, onun bu özbaşınalıqlarının, heç bir pedaqoji etikaya sığmayan hərəkətlərinin qarşısını almaq üçün lazımı tədbirlər görəsiniz.
Hörmətlə,
Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi".

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə 10 saylı məktəbin direktoru Arzu Əliyevanın olduğu iddia edilən və valdieynlə əlbəyaxa çıxmasını əks etdirən görüntülər yayılıb.
Sözügedən iddialar və yayılan görüntülərlə bağlı Arzu Əliyevanın həyat yoldaşı, Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev də münasibət bildirib.
O, həmin görüntülərdəki qadının onun həyat yoldaşı olmadığını söyləyib: "Bəli, həyat yoldaşım Gəncədəki 10 nömrəli məktəbin direktorudur. Mən Samuxda yaşayıram, o, Gəncədədir. Nə fikir bildirəcəyəm ki? Fikri o videonu sizə göndərən adamdan soruşun. Kimsə bir şey deyəndə aydınlaşdırmalıdır. Məktəbdən öyrənin də, məndən niyə soruşursunuz? Niyə mənim adım hallanmalıdır ki? Heç o məktəbdə də oxumamışam ki, kimsə adımı hallandırsın. Mənim adım tarixində heç harda hallanmayıb. Elə oğlan deyiləm ki, adım hardasa hallansın.
O videodakı mənim həyat yoldaşım deyil. Biz dövlət nümayəndəsiyik, ürəyi dövlətlə döyünən adamlarıq. Əgər mənim səhvim varsa və o səhvi kimsə hardasa deyirsə, ona nə deyə bilərəm? Mən belə şeylərlə maraqlanmıram. O vaxt maraqlanaram ki, kimsə internetə dövlətin əleyhinə nəsə qoymuş olsun. Siz o videonu çəkən adamdan soruşun ki, hansı əsasla orada filankəsin olduğunu iddia edirsiz?".шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.