Tanınmış yazar:"Qazaxda başçı özünü ölkə başçısı sayır, şəninə mədhiyyə şeerləri yazdırıb, oxutdurur.."

18-03-2019, 15:11           
Tanınmış yazar:"Qazaxda başçı özünü ölkə başçısı sayır, şəninə mədhiyyə şeerləri yazdırıb, oxutdurur.."
Tanınmış yazar,ilahiyyatçı Tural İrfan bu günlərdə "Kamikadze 1" kitabının Qazaxda təqdimatının keçirilməsi üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət ünvanlayıb. Rayon İcra Hakimiyyətindən Tural İrfanı rayona dəvət etsələr də sonradan hansısa səbəbdən İcra Başçısının müavinləri, Gülayə Həsənova və Gündüz Abışov yazıçının icra başçısıyla görüşməsinə süni əngəllər yaradılıb.Bu barədə yazıçı Analoq.az-a ünvanladığı şikayət məktubunda daha ətraflı qeyd edib.Analoq.az həmin məktubu olduğu kimi təqdim edir:

Qazax rayonunun erməni işğalında olan 7 kəndində törədilmiş qırğınlar, vandallıqlar və 1990 - cı ildə Bağanıs Ayrım kəndində baş vermiş soyqırım haqqında 6 il ərzində araşdırma, tədqiqat apararaq sənədli roman yazdım. Romanda müasir ədəbi prinsiplərə uyğun olaraq bütün reallıqlar, ermənilərin tarix boyu xalqımıza qarşı müxtəlif zamanlarda və coğrafiyalarda törətmiş olduqları mənfur olaylar obrazlı şəkildə işıqlandırılıb. Tarixi faktlar, şahid ifadələri, real hadisələr əsərin süjet xəttini təşkil edir. Əsəri bir çox imkanlı, yerli şəxslərə müraciət etsəm də, heç bir maddi dəstək olmadığından çətinliklə məhdud sayda nəşr etməyə nail oldum. Qazax əhalisinin, xüsusən indiki gənc nəslin, gələcək nəslin də bu hadisələri, işğalda olan kəndləri və tarixini unutmaması, yadda saxlaması üçün kitabın ilk təqdimatını Qazax şəhərində keçirməyi nəzərdə tutaraq rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun adına ərizə yazdım. Bir müddətdən sonra özünü Rəşad müəllim kimi təqdim edən bir şəxs mənə telefon edərək bildirdi ki, İcra başçısı sizi çağırır və mart ayının 4 də saat 15:30 da sizi rəsmi qəbul edəcək. Mən o şəxsə bildirdim ki, mən Bakı şəhərində yaşayıram və başçıdan da qəbul xahiş etməmişəm, məqsədim kitabın təqdimatı üçün şərait yaradılmasını xahiş etməkdir. İşim və maddi imkanımla bağlı uzaq bir rayona adi qəbuldan ötrü gəlməyim nə dərəcədə vacibdir? Rəşad adlı şəxs bildirdi ki, siz gəlin, başçı sizi dəvət edir.

Mən mart ayının 3 də axşam qatarla Qazax şəhərinə yola düşdüm. Səhər saatlarında rayona yetişərək qəbulu gözləməyə başladım. Rəşad müəllimə zəng vurdum ki, gəlmişəm. O mənə bu dəfə də bildirdi ki, saat 16:00 da burada, yəni RİH də olun. Mən həmin saatda getdim. Gördüm 30dan çox müxtəlif kəndlərdən gəlmiş vətəndaşlar da gözləyir.

Bizi bir salona yığdılar və tövsiyyə etdilər ki, gözləyək. Saat 20:00 a qədər müxtəlif bəhanələrlə məni gözlətdilər. Gözləyən vətəndaşların əksəriyyəti bezərək gileylənə-gileylənə çıxıb getdilər. Çünki uzaq kəndlərdən gələnlərin gecə saatlarında kəndə qayıtmaları əzab-əziyyət olur. İcra hakimiyyətinin məsul işçilərindən bircə nəfər məni qəbul edib dinləmədi və başçı da qəbul etmədi. Halbuki, Bakıdan məni özü çağırıb gətirmişdi.

Rəşad müəllimə yaxınlaşaraq nə etməli olduğumu soruşdum. O bildirdi ki, mənlik bir iş yoxdur, sizi başçı çağırıb, indi də qəbul etmir. Guya hansısa kənddə kütləvi oğurluq olub, onunla bağlı müşavirə keçirir. Mən sual etdim ki, axı oğurluq hadisələrini araşdıran hüquq mühafizə orqanları var, onu başçı niyə araşdırır? Cavab verdilər ki, səbəbi bizə də aydın deyil. Xülasə məni gecə saatlarına kimi ac-susuz gözlətdilər. Sonra da bildirdilər ki, gedə bilərsiniz. Mən gecə qalmağa yer olmadığına, maddi dururmumun da məhdud olduğuna görə Ağstafa şəhərinə gələrək qatar bileti almaq istədim. Artıq ləngidildiyimdən qatara bilet də olmadı. Geri qayıdarkən mənə özünü icra başçısının müavini kimi təqdim edən Gündüz Abışov adlı şəxs zəng edərək təhqir etməyə başladı. Hiss etdim ki, sərxoşdur. Əvvəlcə məni sorğu-sual etdi, mən gəliş səbəbimi bildirdikdən sonra məni aşağılamağa başıadı ki, sən kimsən başçı səni qəbul etsin, qəbul etməyib yaxşı edib qəbul etməyib, get nə bilirsən əlindən gələni et... Və telefonu söndürdü.

Bir qədər sonra mən başçının köməkçisi Əmin müəllim adlı şəxslə əlaqə saxladım ki, axı mənə edilən bu hörmətsizliyin səbəbi nədir? O mənə bildirdi ki, başçının işi olub, ona görə də əhalini 5 saata yaxın gözlətməli olub. Mən bildirdim ki, axı mən qəbul xahiş etməmişəm, məni Bakıdan çağırıb gətirib, indi də geri qaytarırsınız. Bu hansı etikaya, hansı qanunvericiliyə siğır? O mənə bildirdi ki, gözləyim başçıyala danışıb mənə xəbər deyəcək. Mən bir neçə saat da gözlədim, ondan bir xəbər çıxmadığını görüb özüm zəmg vurdum, lakin Əmin müəllim telefonlara cavab vermirdi artıq...

Mənə məlum oldu ki, icra başçısı əhalini həmişə gecələr qəbul edir. Adətən gecə saat 22 ə qədər hətta görüş olduğunu deyən şahidlər oldu. Səbəbi isə məlum deyil.

Mən əlacsız vəziyyətdə (Bakıdan gələrkən də dostumdan borc almışdım) ac-susuz, yorğun, soyuq havada yolda Bakıya qayıtmaq üçün nəqliyyat axtarmağa başladım. Nəhayət gecə saat 24 radələrində Gürcüstandan Bakıya gələn avtobusla Bakıya qayıda bildim.

Məktubuma isə 2 aya yaxındır nə hə nə də yix cavabı verilmir. Bakıya gəldikdən sonra mən Rəşad müəllimlə əlaqə saxladım, heç olmasa ərizəmə cavab vermələrini xahiş etdim. O bildirdi ki, ərizəm müavin Gülayə müəllimədədir. Və mən onunla əlaqə saxlamalıyam. Çətinliklə onun əlaqə telefonunun nömrəsini taparaq bir neçə gün zəng vurdum. Nəhayət günlərin bir günü zəngimə cavab verdi. Başıma gətirilənləri nəql edərək səbəbini soruşdum. Bildirdi ki, sizi qəbul etməməkdə əsl səbəbi o da bilmir. Cavab isə veriləcəkdir.

Həmçinin qeyd etdi ki, siz gərək gecə saatlarına qədər gözləyəydiniz. Mən bildirdim ki, axı məni Bakıdan çağıranda ayın 4 də saat 15:30 da qəbulda olmağım deyilib,lakin siz məni 5 saat gözlədib qəbul etməyibsiniz, hələ deyirsiniz ki, yenə də gözləməliydiniz. Axı iş vaxtı saat 18 də bitir, gecə saatlarında qəbulmu olar? O mənə heç bir cavab verməyərək dəstəyi asdı.

Ən ağrılısı da odur ki, mən RİH də olarkən bildirdm ki, ola bilər başçının mühüm daha vacib işləri çıxıb, özü qəbul edə bilmir, heç olmasa digər bir səlahiyyətli şəxs yoxdurmu məni qəbul etsin və dinləsin? Bildirdilər ki, guya hamısı telefonlarını söndürərək çoxsaatlı müşavirəyə giriblər...

Xülasə... Ən əsası çıxardığım nəticə budur: Ölkə başçısının tapşırıqlarından Qazax RİH heç bir nəticə çıxarmayıb. Vətəndaşı Bakı şəhərindən çağırıb, uzaq və ucqar bir rayonda pələsəng edərək qəbuldan imtina edib. Sonra da maraqlanmaq əvəzinə əksinə onu təhqir etdirib.

Yazdığı əsərə, işğalda olan kındlərə,onun əhalisinə biganə yanaşıb. Diqqətsizlik göstərib. Ancaq dövlətin ayırdığı pulla görülən işlərin icrasında özünün reklamı ilə məşğuldur. Əslən Qazaxdan olan yaradıcı insanların yazıb-yaratdığı əsərlər, xalq naminə, yerli əhalinin tarixi naminə qələm əhlinin gördüyü işlər bu cür biganəlik və qərəzlə kölgədə qoyulur və hörmətsizlik edilir. Rayonda bir neçə idarə, müəssisə sahibinin iddiası var ki, başçı onları məcbur edir ki, başlarının üstündən ölkə rəhbərinin deyil, məhz özünün şəkillərini assınlar. Hətta şəkillərini ramkalara saldıraraq həmin şəxslərə təqdim də ediblər. Mən buna inanmaq istəmirdim, lakin Qazax rayonunda kəndlərin birində görüş zamanı bir məktəbliyə mədhiyyə şeiri dedizdimə səhnəsinə şahid olduqdan sonra inandım. Səhnədə uşaq icra başçısının qarşısında dayanaraq ona həsr edilmiş şeir deyir və onu tərif edir.

Adətən belə şeirlər ulu öndərə, ölkə başçısına həsr edilir. Çünki ölkənin inkişafını həyata keçirən, dövləti idarə edən məhz ölkə başçısıdır. Hər halda icra başçısı elə təşkil edə bilərdi ki, ilk şeiri ölkə rəhbərinə həsr edilsin. Lakin görünür özünəvurğunluq buna imkan verməyib. Ən əsası isə ölkə başçısının ayırdığı vəsait hesabına rayonda görülən işləri mətbuatda hər addımda işıqlandıraraq öz adı ilə bağlamaq, rayonda və ölkədə ancaq özünürekamla məşğul olmaq, əsas planda dövlət rəhbərini deyil, məhz özünü qabağa vermək nə dərəcədə doğrudur?

Axı bütün bu işlər cənab Prezidentin səyləri nəticəsində həyata keçirilir. Cənab prezident mədəniyyət xadimlərini qəbul edərək problemlərini dinləyib həll etdiyi halda cənab Rəcəb Babaşov da Azərbaycan Yazıçılar, jurnalistlər, aşıqlar birliklərinin üzvü, iki qəzet redaktoru, 8 kitab müəllifi, prezident təqaüdçüsü olan bir yazarın Qazax rayonu haqqında yazdığı, illərlə əziyyət çəkərək ərsəyə gətirdiyi, tariximizin əks olunduğu bir mədəniyyət nümunəsini belə biganəliklə, hörmətsizliklə qarşılaması ölkə başçısının bir başa atdığı addımlara ziddir. Nəinki rayonda belə bir əsərin təqdimatını keçirmək, heç normal şəkildə qəbul edərək müəllifi dinləmək belə istəməyən bir başçı hətta onu imkansız bir vəziyyətdə olğuğu halda aldadaraq ucqar rayona çağırıb hörmətsizlik etdirirsə bu mədəniyyətə,yazıçıya, şairə, ədəbiyyata, vətəndaşa təhqirdir.

Ölkənin dəyərli ziyalıları və görkəmli alimlərinin də müsbət rəyləri əsasında çap olunmuş bu əsərə qarşı Qazax rayon İH nin bu hörmətsizliyi ölkə başçımızın tarixə, faciələrimizə, milli dəyərlərimizə verdiyi yüksək dəyərə hörmətsilikdir.

Teref .az bu məsələylə əlaqədər qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.