Prezidentin bəyanatını qulaqardına vuran kimlərdir? - Zərdab

28-10-2015, 14:14           
Prezidentin bəyanatını qulaqardına vuran kimlərdir? - Zərdab
Prezident İlham Əliyevin son müşavirədə etdiyi çıxışı Zərdabın icra başçısı qulaqardına vurub. Lütfəli Babayev rayonda hələ də sahibkarlara divan tutmaqda, onları incitməkdə davam edir.

TİA.AZ-a verilən xəbərə görə, rayonu rəhbəri ölkə başçısının son fərmanını, sahibkarlarla bağlı tapşırıqlarını eşitməzdən gəlir. L.Babayevdən narazı olan iş adamlarının yaxın günlərdə Bakıya yürüş edəcəyi və Prezident Administrasiyasından kömək istəyəcəyi gözlənilir.
Gədəbəyin sahibkarları kimi zərdablı iş adamları da analoji addımı atmağa hazırlaşırlar. Onların sözlərinə görə, rayonun icra başçısı “haqq” qoyur, verməyəni sıxışdırır, xərac yığdırır, kənd və şəhər icra nümayəndələri vəzifə borcunu yerinə yetirmək əvəzinə sahibkarlardan pul yığmaq işini görürlər.
Bu da öz növbəsində ciddi narazılıq doğurub. İcra başçısının rayonda üsyan yetişdirdiyini deyən sahibkarlar tək ümid yeri kimi Prezidentə baxırlar.
TİA.AZ-ın əldə etdiyi xəbərdə deyilir ki, icra başçısının pulu hansı məqsədlə yığdığı onlara məlum deyil.
Zardablı iş adamları deyirlər ki, istənilən məbləği vermək gücümüz yoxdur: “Lütfəli Babayevin bu pulları özü üçün istədiyini yaxşı bilirik. Zərdab da elə böyük və varlı rayon deyil ki, hər ay istənilən pulu vermək gücümüz olsun.
Aylıq qazancımız öz təlabatımızı ancaq ödəyir. Lakin icra başçısı üçün bu maraqlı deyil. Davamlı olaraq adamları bizə xəbər göndərirlər ki, təcili olaraq pulları yığıb onlara verək”.

Zərdabın icra başçısı Lütfəli Babayev sahibkar Fəqan Nəsibovun da 65 min dollar pulunu mənimsəyib. Hətta buna görə iş adamı “Koroğlu” körpüsündə intihara qalxmışdı.
Oğlunun özbaşınalıqlarından bəhs edən sahibkarlar deyirlər ki, prezident dəfələrlə vəzifəli şəxslərə xəbərdarlıq edib. Amma Zərdabın rəhəri nəticə çıxarmayıb.
Sakinlər bildirir ki, icra hakimiyyətinin başçısı Lütfəli Babayev rayon ərazisindəki obyektlərə əlavə rusum tətbiq edib.

Sakinlər redaksiyamıza yazırlar:

“Lütfəli Babayev adından müavini Allahverdi Səfərov və rayonun baş memarı Şahid rayon mərkəzində və digər ərazilərdəki obyekt sahiblərinə xəbərdarlıq edir. Əslində xəbərdarlıqlarının mahiyyəti aydındır. Hər bir sahibkardan vergidən əlavə rüsum yığılır."

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində “sahibkarları soyurlar, boğurlar, incidirlər”,- deyə sərt çıxış edib.
Prezident yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini vurğulayıb. Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini deyən dövlət başçısı qeyd edib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onlardan pul tələb edirlər.

“Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir”.

Dövlət başçısının bu çıxışından sonra əməli addımlar göründü ki, bu da bütövlükdə cəmiyyət tərəfindən dəstək qazandı. Sahibkarların işinə müdaxilə edən Milli Təhlükəsizlik Nazirliyinin şefi işdən azad edildi.
MTN və vergilərdən sonra növbə yerli icra başçılarına çatıb. Və heç kəsə sirr deyil ki, sahibkarların işinə əngəl törədən böyük qüvvələr həm də yerli icra hakimiyyəti orqanlarıdır. Az qala icra başçıları özlərini əyalət padşahı kimi aparır, sahibkarlarla istədikləri kimi davranırlar.

Yerlərdə külli miqdarda mənimsəmə əməliyyatları həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandası durur. İcra hakimiyyətlərində demək olar ki, heç kimin problemi həll olunmur.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.