Pirallahı İcra Hakimiyyətində nə baş verir - NARAZILIQ

23-03-2019, 20:37           
Pirallahı İcra Hakimiyyətində nə baş verir - NARAZILIQ
"Pirallahı RİH-də baş verən özbaşınalıqlar, Pirallahı qəsəbəsindəki qanunsuz tikililər barədə dövlət başçısına və mətbuata müraciət edəcəyəm"

"Təzadlar"a Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 24 B ünvanında yaşayan İkinci qrup müharibə veteranı Şamilov Şirinbala Ənsəf oğlunun Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanova ünvanlı şikayət ərizəsi daxil olub.

Qeyd edək ki, Ş.Şamilov Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynovdan şikayətçidir.

Şikayət ərizəsində deyilir:

"Hörmətli Vasif müəllim!

Sizin rəhbərlik etdiyiniz Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bu il mart ayının əvvəllərində mənə bildirdi ki, Əmrəli adlı şəxs və digər 12 nəfər qanunsuz tikinti aparmağım barədə şikayət ərizəsi ilə ona müraciət ediblər. Mən şikayət ərizəsi ilə tanış olmaq istədim. Lakin Samir Hüseynov şikayət ərizəsinin onda olmadığını bildirdi. Dedi ki, şikayət ərizəsi başqa şəxsdədir.

Növbəti dəfə S.Hüseynovla telefon danışığımda da o, şikayət ərizəsini mənə göstərməkdən imtina etdi.

Hörmətli Vasif müəllim!

Hesab edirəm ki, 2-ci dərəcə dövlət qulluqçusu Samir Hüseynovun bu hərəkəti tutduğu vəzifəsindən sui-istifadədən başqa bir şey deyil.

Deyəsən, Prezident cənab İlham Əliyevin dəfələrlə dövlət strukturlarının fəaliyyətində dönüş yaradılması, məmurla vətəndaş arasında səmimiyyət yaradılması barədəki göstəriş və xəbərdarlıqları Pirallahı Rayon İcra Hakimiyyətinə hələ gəlib çatmayıb.

Ancaq bu o demək deyil ki, məmura hansısa vəzifə tapşırılanda, o, vətəndaşlarla istədiyi kimi rəftar edə bilər. Bu, əslində Azərbaycan Respublikasının qanunlarına hörmətsizlikdir.

Hörmətli Vasif müəllim!

Unutmayaq ki, tutulan vəzifələrdən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. O ki qaldı qanunsuz tikililərə, Pirallahı rayonundakı beşmərtəbəli yaşayış binalarının qarşısına diqqət yetirsəniz, oradakı mənzərədən hər şey aydın olacaq, daha ekspertiza keçirilməsinə ehtiyac qalmayacaq.

Hörmətli Vasif müəllim!

Əgər Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynov sözügedən şikayət ərizəsi ilə məni tanış etməsə, Pirallahı RİH-də baş verən özbaşınalıqlar, Pirallahı qəsəbəsindəki qanunsuz tikililər barədə dövlət başçısına və mətbuata müraciət edəcəyəm".

***

Məsələyə Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynovun mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Şöbə müdiri şikayətin əsassız olduğunu bildirsə də, əsassızlığın nədən ibarət olduğunu göstərmədi. Lakin S.Hüseynov bayramdan sonra Ş.Şamilovun onun barəsində olan şikayət ərizəsi ilə tanış ediləcəyini əminliklə bildirdi.

Onu da qeyd edək ki, martın 19-da redaksiyamıza gələn Ş.Şamilov üzləşdiyi problem və digər məsələlərlə bağlı əməkdaşımıza geniş müsahibə verib. Ş.Şamilovun müsahibəsini "Təzadlar" qəzetinin yaxın günlərdəki saylarında oxuya biləcəksiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.