Onun üçün nə mizan var, nə tərəzi... - Əvəzində ondan narazılıq VAR...

29-10-2015, 11:23           
Onun üçün nə mizan var, nə tərəzi... - Əvəzində ondan narazılıq VAR...
Çingiz Sultanov: "Onun bir məqsədi var, o da icra başçısının göstərişi ilə mülkümü əlimdən almaqdır" Müvafiq sənədlər obyektin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yox, Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğunu təsdiqləyir Ötən saylarımızın birində nəzərinizə çatdırdığımız kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun himayəsinə arxalanan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədov əlində olan imkanlardan yararlanaraq Qaradağ rayon, Lökbatan qəsəbə sakini Çingiz Zahid oğlu Sultanovun mülkiyyətində olan obyekti balansına daxil etməyə çalışır.

Dünən mövzu ilə bağlı daha ətraflı məlumat vermək məqsədi ilə yenidən redaksiyamıza üz tutan Çingiz Sultanov birmənalı şəkildə qeyd etdi ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri rayon icra hakimiyyətinin başçısının göstərişi ilə ona məxsus olan əmlakı əlindən almaq niyyətindədir: "Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənə verilmiş çıxarışı ləğv etmək istəyirlər. Onların əlində heç bir sənəd-sübut olmadığı halda məni məhkəməyə veriblər.

Hazırda iş İnzibati-İqtisad məhkəməsinin icraatındadır. Onlar məhz məhkəmə yolu ilə əlimdə olan qanuni sənədləri ləğv etdirmək niyyətindədirlər. Deyirlər ki, guya texniki qüsur olduğuna görə əmlak sizin balansınıza keçib. Halbuki ortada heç bir qüsurdan-filan söhbət belə gedə bilməz. Həmin mülk - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binası müvafiq prosedur qaydadan sonra mənim mülkiyyətimə verilib. Əlimdə bunu təsdiq edən lazımi sənədlər mövcuddur. Ancaq qarşı tərəf buna əhəmiyyət vermədən nə yolla olursa-olsun əmlakımı əlindən almağa çalışır. Qeyd edim ki, onlar balansdan balansa tam rəsmi surətdə təhvil veriblər. Odur ki, burada müəmmalı, qüsurlu heç nə yoxdur. Həmin obyekt Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yox, məhz Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olub və mən də müvafiq sənədlər əsasında həmin obyektin qanuni mülkiyyətçisi olmuşam. İndi isə icra başçısının göstərişini yerinə yetirən Rasim Əhmədov mülkiyyətçi, sahibkar kimi mənim hüquqlarımı tapdamağa çalışır. Onun bir məqsədi var ki, o da mülkümü əlimdən almaqdır". Məlumat üçün bildirək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 0726801 nömrəli çıxarış da təsdiqləyir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binası məhz Çingiz Sultanovun mülkiyyətindədir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport da sözügedən qeyri-yaşayış binasının Çingiz Sultanova məxsusluğunu qəti şəkildə təsdiqləyir. Hələ bu, harasıdır. Rasim Əhmədov 19.12.2014-cü il tarixdə Çingiz Sultanova ünvanladığı məktubda adıçəkilən qeyri-yaşayış binasının Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yox, məhz Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğunu qeyd edib. Çingiz Sultanov isə iddia edir ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri "Nəyin bahasına olursa-olsun həmin obyekt mənim olmalıdır", deyərək sözügedən əmlakı ondan almağa çalışır. Qeyd edək ki, şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədlərdən belə aydın olur ki, 31 mart 2015-ci il tarixdə keçirilmiş 10/02 nömrəli hərrac protokoluna əsasən Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasının hərracı üzrə qalib kimi məhz Çingiz Sultanovu elan edib. Həmin hərrac protokoluna nəzər yetirdikdə aydın şəkildə görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi Kiçik Dövlət Müəssisələrinin (obyektlərinin) Özəlləşdirilməsi üzrə Hərrac Komissiyası 27 fevral 2015-ci il tarixli sərəncamı əsas götürərək Çingiz Sultanovun sözügedən hərracın qalibi olduğu qənaətinə gəlib. Onu da nəzərinizə çatdıraq ki, həmin hərrac protokolu adıçəkilən komissiyanın sədri Samir Koroğlu oğlu Rəhimov, eyni zamanda komissiya üzvləri Ağası Ağasəddin oğlu Lətifov, Famil Saab oğlu Kərimov, Elçin Rafiq oğlu Nəsibov, Səbuhi Sabir oğlu Hüseynov, İlqar Mustafa oğlu Allahverdiyev və Çingiz Zahid oğlu Sultanov tərəfindən imzalanıb. Bundan başqa, şikayətçinin təqdim etdiyi sənədlərdən, daha dəqiq desək, kassa mədaxil ordeninin qəbzlərindən o da məlum olur ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasının xidmət haqqı kimi uzun müddət Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə müvafiq qaydada rüsum ödəyib. Bütün bunlar bir daha, sözügedən obyektin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yox, məhz Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğunu təsdiqləyir. Bu səbəbdən də heç kim məhkəmə, qanunlara hörmət və riayət edən heç bir hakim Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun himayəsinə arxalanan Rasim Əhmədovun sözünə aldanıb Çingiz Sultanova məxsus olan obyekti onun əlindən almaz və ala da bilməz! Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.