Prezidentə və seçiciyə lazım olmayan biznesmen deputatların – Siyahısı

24-04-2019, 09:39           
Prezidentə və seçiciyə lazım olmayan biznesmen deputatların – Siyahısı
Spiker Oqtay Əsədovun mayın 13-də rəsmi Bakının Avropa İttifaqı ilə saziş imzalayacağını açıqlamasını Xarici İşlər Nazirliyinin təkzib eləməsi Milli Məclisin başından ayağına qədər yenilənməsi zərurətini növbəti dəfə aktuallaşdırdı.

Parlamentin artıq fərqli spikerə və yeni tərkibə ehtiyacı olduğu son iclasdakı müzakirələrlə bir daha təsdiqləndi.

Böyük çoxluğu iqtidaryönlü deputatlardan təşəkkül tapmış hazırkı MM heç də hakim komandanın son siyasi kursuna adekvat deyil.

Prezident İlham Əliyevi dəstəkləyən indiki parlamentarilər əslində, bu dəstəyi quru sözlə ifadə edirlər.

YAP-çı və müstəqil namizəd olmuş bir sıra deputatların çoxunun biznesmen olduğunu nəzərə alsaq, onların əksəriyyətinin quru sözlə dəstəyinə də rast gəlmirik.

Azərbaycan hakimiyyətinə qarşı olan xarici kampaniyalara, Avropada yerləşən müxalifətçilərin çıxışlarına, hədyanlarına biznesmen kimi tanınan deputatların hansı biri canfəşanlıq edərək cavab verib? – Heç biri…

Reportyor.info-nun media üzərindən araşdırması zamanı aydın oldu ki, 2015-ci ildən bəri parlamentin aktiv deputatları istisna olmaqla, əksəriyyəti hökumətin, prezidentin əleyhinə müxtəlif dairələrin apardığı qara piar kampaniyasına, xarici təzyiqlərə qarşı hər hansı fəaliyyət göstərməyiblər.

Bu günlərdə jurnalist Eynulla Fətullayev də onlardan bir neçəsinin adlarını facebook səhifəsində yaymışdı.

Məsələn, un biznesi ilə məşğul olan Tahir Süleymanovun sonuncu dəfə nə vaxt çıxış etdiyini ictimaiyyət xatırlamır.

Xaçmazlı seçicilərin adını belə bilmədiyi Eldəniz Səlimov adlı şəxs isə sən demə 4 ildir deputat işləyirmiş. Onun parlamentdə bir təklifini, rəyini eşidən olmayıb. Spiker özü belə onu tanımır.

Qərəzli beynəlxalq təşkilatların hesabatlarına, tənqidlərinə bir dəfə də olsun deputat Kamaləddin Qafarovun reaksiyasını görməmişik. Onun da başı dərman biznesinə qarışıb.

Eyni sözləri Malik Həsənov haqda söyləmək olar. Komitə sədri Kərəm Həsənovun qardaşı olan M.Həsənov nə efirə çıxır, nə Azərbaycanda, regionda baş verən hadisələrə münasibət bildirir.

Çünki onun üçün istərsə Çexiyada, istərsə Dubaydakı biznesi daha vacibdir, nəinki prezident və ailəsinə təhqirlər yağdıran ağzıgöyçəklərə lazımi cavab verməsi…

Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində bahalı malikanələrə sahiblənmiş deputatın bu pulları hardan əldə etdiyi sirr deyil – təbii ki, millət vəkilinə qanunla qadağan edilmiş biznesdən…

Bəs, özünü reklam edən, Məşhəd ziyarətinə adam göndərməklə piarı ilə məşğul olan deputat Ağalar Vəliyevə nə deyirsiniz?

Onun Azərbaycana qarşı bəzi qüvvələrin təzyiqi, Qarabağ məsələsi, cəmiyyəti narahat edən problemlər, prezidentin islahatları barədə bir deputat kimi müsahibə yaxud açıqlamasını oxumusunuzmu? – Mümkün deyil.

A.Vəliyevin “Azəraqrartikinti” ASC sədri kimi nəhəng biznes imperiyası, “Kristal Abşeron” tikinti firması ilə bağlı gərgin iş qrafiki imkan vermir ki, deputatlıqla məşğul olsun, parlamentin iclaslarına qatılsın.

Araşdırmalarımız zamanı ortaya çıxan digər fakt deputat İmamverdi İsmayılov barədə oldu. O da biznesmen həmkarlarından geri qalmayaraq, “ağzına su alıb oturub”, illərdir ki, “lal” deputat olaraq şəxsi qazancını mandat hesabına qorumaqdadır. Spiker Oqtay Əsədov da İ.İsmayılovun parlamentin iclaslarında iştirakını hiss etməyib.

Deputatın Sumqayıt şəhərindəki xeyli obyekti – restoranı, şadlıq evi, internet-klubları və dükanları var. Həmçinin onun yaxın qohumları Sumqayıtda tikinti materiallarının geniş biznesi ilə məşguldurlar.

İmamverdi İsmayılovun Şamaxı rayonunda xeyli qoyun sürüsü, fermer təsərrüfatı, həmçinin İmişlidə çınqıl karxanası, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evləri var.

999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov İmamverdi İsmayılovun oğludur.

Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi başını möhkəm ağratmışdı.

Biznesmenlərin siyahını eninə və uzununa çox uzatmaq olar: İqbal Məmmədov, Nəriman Əliyev, Əsabil Qasımov, Hacı Salayev, Rüstəm Xəlilov, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Mahir Aslanov, Azər Kərimli, Bəxtiyar Əliyev və s.

Bu deputatlara hökumət lazım deyil, onlara mandat lazımdır ki, bizneslərinin toxunulmazlığını təmin eləsinlər.

O halda sual yaranır ki, bu deputatlar hakimiyyətin, prezidentin nəyinə lazımdır? Belə Milli Məclis üzvlərinin nə seçiciyə, nə dövlətə, nə ölkənin inkişafında xidmətləri var.

Bundan əlavə, danışığını bilməyən, əhalini qıcıqlandıran, insanların heysiyyatına toxunan çıxışlarla yadda qalan deputatlar da məhz bu çağırış seçkidə oldu.

Hakimiyyətə kifayət qədər başağrısı yaratmış həmin mandat sahiblərinin səhvlərini iqtidar düzəltməli oldu.

Demək, prezidentin islahatlarının növbəti dalğası gözlənilən növbədənkənar parlament seçkiləri ilə müşayiət olunmalıdır. Ölkə bu parlamentdən qurtulmağın zamanı olduğu qənaətindədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.