Sahil Babayevin işçiləri narazılıq yaradır... - GİLEY

11-05-2019, 12:47           
Sahil Babayevin işçiləri narazılıq yaradır... - GİLEY
"20 ildir ailə qurmuşam. 3 uşağım var. Ən böyük oğlum yenicə hərbi xidmətə gedib. Yoldaşım əvvəl sürücü işləyirdi. 2015-ci ildə gecə yatarkən insult keçirdi və işləmə qabiliyyətini itirdi. Vəziyyətimiz ağırdır, dolana bilmirik. Bir də onun müalicəsi, iynə-dərmanı var, çatdırmırıq. Əlillik dərəcəsi də verilmir ki, barı dərmanını-iynəsini qarşılasın. Qalmışıq pis vəziyyətdə".

Cəbrayıl rayonun Şahvəlli kəndindən köçkün olan, hazırda Sabunçu rayonun, şəhər sossesi, ev 8 də yaşayan Mahizər Mustafayeva belə deyir. O, KİV vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinə, Ombudsmana, Qaçqıların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə müraciət edir. Bildirir ki, 4 ildir yataq xəstəsi olan həyat yoldaşı Əsgər Əhmədova Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əsassız olaraq əlillik dərəcəsinin təyin olunmamasından imtina edilib. M.Mustafayeva onun işinə yenidən baxılmasına göstəriş verilməsini xahiş edir.

"Yoldaşım bir neçə dəfə Sabunçu rayonundalı 3 saylı Şəhər Xəstəxanasında müalicə olunub. Xəstəlik diaqnozu "baş –beyin sol yarımkürəsində işemik infark”dır. 4 ildir ki, yoldaşım ağır yataq xəstəsidir, danışa bilmir, iflicdir, ağrıdan gecə-gündüz yata bilmir, qışqırır. Son dəfə 2018-ci ilin sonunda həmin xəstəxanada müalicə alan zaman bildirdilər ki, xəstəyə ən bahalı iynə-dərman tətbiq edilib. Bundan artıq müalicə mümkün deyil və əhəmiyyəti yoxdur. Axırda da bildirdilər ki, "xəstə hər an ölə bilər, evə aparın". Biz də kor-peşman evə gətirdik. İndi də nə iynəsini, nə dərmanını ala bilirik. Çox pis durumdayıq".

M. Mustafayeva deyir ki, vəziyyəti son dərəcə ağır olan xəstəyə əlillik dərəcəsi verilməsi üçün Səhiyyə Nazirliyinə də müraciət ediblər. 2018-ci ilin sonu nazirlik xəstənin vəziyyəti barədə 088 N-li TQS forması yazıb Tibbi Sosial Ekspert Komissiyasına göndərib:

"TSEK xəstəni yoxladı. 2019-cu ilin yanvarında sonuncu müayinəyə dair məlumatında bildirib ki, əlillik dərəcəsi verilməsinə imtina edilib. Səbəb kimi də müalicəyə ehtiyacın olması göstərilib. İxtisaslaşmış stasionar müayinə və müalicə təyin olunub. Amma o da bildirilib ki, xəstənin kənar şəxsin qulluğuna ehtiyacı var. Axırda da bizə dedilər ki, xəstəni Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında 6 ay müalicə etdirin, sonra biz ona əlillik dərəcəsi verək. Məcburiyyətdən 4 ilin iflic olmuş xəstəsini xərəkdə Maştağaya apardıq".

Mahizər Mustafayeva deyir ki, burada onlara xəstə burada tək qalmalıdır və 6 ay müalicə almalıdır deyilib. Ailənin ağır vəziyyətdə olan xəstəni burada saxlamağa ürəyi gəlməyib:

"Əli-qolu işləməyən, danışmayan, kəskin ağrılardan əziyyət çəkən xəstəmizin halına acıdıq. Çətin vəziyyətdə olan adam əqli problemləri olanların içərisində köməksiz vəziyyətdə necə yaşaya bilər? Müalicədən imtina edib, xəstəni evimizə gətirdik. Amma onun vəziyyəti günü-gündən pisləşir".

Ailənin iqtisadi durumu yaxşı deyil. M. Mustafayeva deyir ki, məcburi köçkün kimi 5 nəfərlik ailələrinə dövlətin verdiyi çörək pulu ilə dolanırlar. Bundan başqa gəlir yerləri yoxdur:

"İki uşaq məktəblidir. Böyük oğlum yenicə hərbi xidmətə gedib. Mən də ağır xəstəyə baxıram, işləyə bilmirəm. Çox çıxılmaz və çarəsiz durumdayıq. Nə edəcəyimizi bilmirik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.