Lənkəran 9 nömrəli məktəbin direktoru repressiyalara başladı- Məktəb narkomanların və ilanların məskəninə çevrilib

18-05-2019, 16:40           
Lənkəran 9 nömrəli məktəbin direktoru repressiyalara başladı- Məktəb narkomanların və ilanların məskəninə çevrilib
Valideyn şikayəti əsasında məktəb haqqında verdiyimiz məlumat direktor Bəxtiyar İbayevin kefini təlx edib. Şair-direktor repressiya maşınını dərhal işə salaraq məktub müəllifinin kimin valideyni olduğu müəyyən etmək üçün istintaqa başlayıb. Müəllimlər sinifdə uşaqları dindirməklə məşğuldurlar. Məqsəd yazan valideyni tapıb, onun uşağından qisas almaqdır.

Direktorun göstərişi ilə müəllimlər və odun, məktəb təmiri pullarının təşkilində fəal olan valideynlər sosial şəbəkəyə hücum çəkib söyüş və qarğışlar ünvanlayaraq, həqiqəti gizlətmək istəyirlər. Yazılan şərhlərdə müəllimlərin işlətdikləri söyüşlər, təhqirlər bir daha məktəbin hansı vəziyyətdə olmasını göstərmiş oldu. Həmçinin direktor məktəblilərə hədələyib ki, kimin valideyni sosial şəbəkədə şərh yazmasa onun aqibəti pis olaq. Valideynlər də bütün işlərini və gerçəyi bir qırağa qoyub direktoru sudan quru çıxarmağa çalışırlar. Məktəbdə qurbağalardan yazmışdıq. Onların görən şair-direktor Hikmət Ziyanın “Sudan quru çıxan qurbağa” təmsilini reallaşdırmaq istəyir.

Biz isə öz tərəfimizdən bildiririk ki, direktorun küçə söyüşü kampaniyasına əhəmiyyət verməyərək müvafiq qurumların yazı ilə bağlı mövqeyini dərc etməyə hazırıq.



Həmçinin axırıncı dərsdə, dərsdən sonra və axşam məktəbdə baş verənlərlə bağlı görüntülər tərəfimizdən çəkilib. Orada bir çox mətləblər açılır. Bu yazı əsasında Təhsil nazirliyinin cavabını da sizə çatdıracağıq. Həmin görüntülər və digər əldə olunan yeni materiallar “El bizim, sirr bizim” tok-şousunda yaxın günlərdə müzakirə olunacaq.




Məktəbin direktoru məktəbliləri öz şeirlərini əzbərlətdirərək tədbirlər də təşkil edir və özü haqqında film də çəkdirib. Bu məlumat məktəbin feysbuk səhifəsindən götürülüb:

"02 may 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Bəxtiyar Əliyarın yaradıcılıq gecəsi keçirildi.Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən "Bəxtiyarlı ömür" video-çarxı nümayiş edildi. Həm şagirdlər, həm də müəllimlər B.Əliyar poeziyasından nümunələr səsləndirdilər. Sonra məktəbin direktor müavini E.Məmmədova, AYB Lənkəran Zona Bölməsinin sədr müavini A.Cavad,şəhər 7 nömrəli məktəbin direktoru Ü.Əliyeva, şair Ziyafət,Sütəmurdov kənd tam orta məktəbin müəllimi G.İbrahimova və b.çıxış etdilər.Tədbirin sonunda şair B.Əliyar tədbir iştirakçılarına minnətdarlığını bildirdi.Gözəl görüntülər və xatirə şəkilləri tədbiri daha da yaddaqalan etdi".



17.05.2019 11:59

Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb şagirdlər üçün dəhşətli və dözülməz yerdir. Narkomanların və ilanların məskəninə çevrilmiş qəzalı vəzyyətdə olan məktəb təhsilə əsl ləkədir.

Redaksiyanın telefonuna aşağıdakı məzmunda məktub daxil oldu:

"Hörmətli Elçin Əlibəyli, mən sizi Lənkəran şəhərindən narahat edirəm.

Biz hamımız bir xalqın,bir millətin nümayəndələriyik.

Amma nədənsə çox vaxt bir-birimizə olan biganəliyimiz insanlıq borcumuzu, vətəndaşlıq haqlarımızı bizə unutdurur.

Mən bir problem barədə sizinlə bölüşmək istəyirəm. Bu problem Lənkəran şəhərindəki 9 saylı məktəb haqındadır

Daha səbrimiz tükənib. Əgər görsəniz təəccübdən donub qalarsınız. İnkişaf etməkdə olan Azərbaycanda belə bir məktəbin olması sözün əsil mənasında utanc vericidir. Bir çox yerlərə müraciət etdik, ARB kanalı çəkiliş də hazırlayıb efirə verdi, amma heç bir faydası olmadı. Bildiyimizə görə möhtərəm Cənab Prezidentimiz lazımi vəsait də ayırıb ki, məktəb yenidən tikilsin, neçə ildir ki gözləməkdən gözümüzün kökü saralıb.

Bilmirik ki, ayrılan pullar kimlərin cibinə axır. Qızım (N) oğlum isə (N) (qeyd: uşaqlar təqib olunmasın deyə sinfi yazmırıq-red) sinifdə oxuyur onlar 1ci sinfə gedəndən deyirlər ki, məktəb tikilir, hələ heç nə ortalıqda yoxdur

Məktəbin istilik sistemi yoxdur, odun pulu yığmaq valideynləri bezdirib daha. Sinif otaqlarının dəlmə deşiklərindən ilan, qurbağa çıxır, məktəbin ayaq yolusu narkomanların məskənidir, məktəbin hasarı yoxdur, bir sözlə mal qara məktəbin həyətində məskən salıb. Sinif otaqları tamam yararsız vəziyyətdədir. Hər dəfə ilin əvvəlində valideynlərdən pul yığıb sinif otaqlarını təmir edirlər.Yazıq valideynlər bilmir ki, nəyin dərdini çəksinlər.

Bir sözlə başdan ayağa problemdir. İndi özünüz fikirləşin 21 əsrdə, inkişafda olan Azərbaycanın təhsilinə, gələcəyinə qarşı biganəlik deyil, bəs nədir? Sizdən artıq dərəcədə xahiş edirəm bu problemi işıqlandırasınız. Ümidim sizə gəlir, çarəsiz qaldım, sizə çox inanıram. Əgər mümkün olarsa siz bizə kömək edin sizə çox güvənirəm. Böyük ümidlə bu sözləri sizə yazdım. Sizdən cavab gözləyirəm".

Dərhal tərəfimizdən məktuba reaksiya verildi və məktəbdə olduq. Direktor Bəxtiyar İbayev məktəbin qapalı müəssisə olduğunu deyərək və burada çəkiliş aparılmasına icazə verilmədi. AYB üzvü şair-direktor bizə gözəllikdən danışmağı təklif etdi. Kandardan içəri buraxmasa da, xahiş edib heç olmasa narkoman yuvasına çevrilmiş tualetə baxmaq istədik. Dəhşətli mənzərə elə burada açıldı. 20-30-cu illərin nimdaş binası, şüşəsiz pəncərələr və antisanitariya, olduqca eybəcər halda olan tualet insanı dəhşətə gətirdi. Heç bir söz bu iyrəncliyi ifadə edə bilməz. Tualet kibrit çöpləri ilə dolu idi. Direktor isə dedi ki, şprisə indiyədək rast gəlməyib. Dərs vaxtı burada narkoman olmasa da, dərsdən sonra çox hadisə ola bilər. Ona görə qızları qorumaq üçün onları lap girəcəkdə göz önündə olan tualetlə təmin etmişik. Qızların namusuna sataşma ehtimalı olduğunu danmayan direktor, oğlanların belə bir problemləri olmadığını dedi. Görəsən direktor bilmir ki, məktəbli oğlanlar narkotiki elə onu çəkənlərdən öyrənirlər və bu daha böyük təhlükədir?

Odun və təmir pulunun da yığılmasını direktor təsdiq etdi. Bunun valideyn komitəsi tərəfindən icra, məbləğ xəbərsiz olduğunu desə də, adambaşına nə qədər pul düşür sualına kalkulyatordan daha sürətli hesablayıb, bölüb dedi. İlan, qurbağalarla da ayıq mübarizə apararaq, məktəbin dərmanlandığını dedi.

Sonda portuqal dilindən Braziliya ədəbiyyatından tərcümələr etdiyini deyən Bəxtiyar İbayev şikayətdə yazılanları söhbət boyunca təsdiq etdi.

Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb nə Lənkərana, nə təhsilimizə yaraşmayan durumdadır. Müvafiq qurumların yazı ilə bağlı mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.