Qarabağ qazisinin oğlundan generala: Bərdə DYP zabiti “qan uddurur”

20-05-2019, 07:53           
Qarabağ qazisinin oğlundan generala: Bərdə DYP zabiti “qan uddurur”
Bərdə Dövlət Yol Polis Xidməti əməkdaşları Qarabağ veteranının fəhlə işləyən oğlunu tora salıblar. Mərhum Möhsüm Əzizovun oğlu Şamxal Əzizov Azsiam.info-ya müraciətində bildirib ki, ona əsassız yerə 60 manat cərimə yazılıb. Onun sözlərinə görə, 03 BJ 572 dövlət nömrə nişanlı, “011” markalı “Jiquli” avtomobili sürür və bütün sənədlər qaydasındadır: “Guya sürətlə getmişəm və PPX əməkdaşı Rauf Şəmsəddinov bunu görərək rəhbərliyə raport yazıb. Ancaq nədənsə buna dair nə kamera çəkilişi, nə şahid var. Bunu “görən” də, yazan da polisdir. Belə çıxır ki, heç bir sübutum olmadan dostlarımız başıma yığıb deyə bilərəm ki, Bərdənin DYP rəisi Anar müəllim, yaxud daha böyük yüksək çinli rəis məndən 10 000 manat rüşvət istədi? Axı bir iddianı sübut etmək lazımdır. Hansı qanunla mənə raport yazılıb? Bu qədər də olmaz axı...” Ş.Əzizov sual edir ki, ondan Bərdə DYP əməkdaşlarının nələr etdiyini göstərmək üçün hər tində dayanıb çəkiliş aparmaq lazımdır: “Hörmətli Ramiz Zeynalov, sizin işçilərinizdən izahat, aydınlıq istəmirəm. Sadəcə, biləsiniz ki, Bərdədə bir DYP əməkdaşı var, adı Valehdir. Adam yetim uşaqla öcəşir. Əgər Valeh müəllim yaxud Anar müəllim öcəşmək üçün adam axtarırsa, axşamlar Bərdənin mərkəzinə çıxsınlar. Mən onlara maşınlar göstərim ki,100, 333, 888, 555, 999, 666 və sairə nömrəli maşınlar nələr edir. Nə yazıq ki, həmin maşınların sahiblərinə “ilişmək” Valehin çəkisinə uyğun deyil”.Qarabağ qazisinin övladı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovdan Bərdəyə komissiya göndərməsini xahiş edib: “Hörmətli Ramiz müəllim, xahiş edirəm yoxlama göndərin, gəlib Şamxal Əzizovun cinayətini sübut etsinlər.Əks təqdirdə Bərdə DYP yetkililəri və PPX əməkdaşı Rauf tərəfinizdən cəzalanmalıdır. Axı nəyə görə Valeh Qarabağ müharibəsində könüllü olaraq döyüşmüş kişinin oğlunu haqsız yerə incitməlidir? Mən spirtli içki içmirəm, avara deyiləm, bahalı maşınla avtoxuliqanlıq etmirəm, fəhlə işləyirəm. Bir köhnə “Jjiquli”m varımdır, onu da qəpik-qəpik yığıb almışam. DYP əməkdaşı Valeh isə deyir ki, heç nə yazma, mən də hörmət qoyaraq ən aşağı cəriməni yazım (60 manat), onu da tez ödə ki, 54 manat olsun. Axı günahım olmadığı halda niyə 60 manat ödəməliyəm?”Qeyd edək ki, Bərdə DYP rəisi Anar Cəlilovun və əməkdaşlarının fəaliyyətindən tez-tez şikayətlər olur. Mətbuatda onun barəsində saysız-hesabsız məlumatlar var. Mətbuat üzərindən araşdırmalarımıza görə bir müddət öncə Bərdə ziyalıları nazirliyə müraciətində tədbir görülməsini xahiş etmişdilər.Onların sözlərinə görə, Bərdə Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Anar Cəlilov bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Ziyalılar qeyd edirlər ki, hələ o vaxtdan, yəni A.Cəlilovun Şuşa polisində işlədiyi dövrdən Bərdədə kommersiya obyektlərinin olması haqda məlumatlı idilər. Həmin iaşə obyektlərinə DYP rəisinin atası nəzarət edirdi. Bu müəssisələr arasında A.Cəlilova böyük gəlir gətirən sahələrdən biri aqlay sexidir. Bərdədəki aqlay sexinə A.Cəlilov özü nəzarət etməkdədir. Son dövrlər Bərdədə avtoxuliqanlıq, özbaşınalıq, sənədsiz avtomobil idarə etmək hallar artıb. Hətta maşınların konstruksiyasına dəyişiklik etmək dəbə minib. Bu isə öz növbəsində A.Cəlilova gəlir gətirir. Avtomobillərin arxa və ön hissələrini qaldırmaq dəbi biznesə çevrilib və rəisi "görən”lər konstruksiyaya dəyişiklik edə bilirlər. Halbuki, Bərdə DYP rəisinin vəzifəsi son dövrlər ödənilməyən cərimələr, radarlarla əlaqədar reydlər keçirmək olmalıdır. Amma respublikanın əksər bölgələrində keçirilən reydlər Bərdədən yan keçir. A.Cəlilov MMX cərimələrini ödəməyən sürücüləri "yola verir”. DYP rəisinə ödənilən "cərimə” ilə dövlətə ödəniləcək cərimədən müvəqqəti xilas olan sürücülər arxayınlaşırlar.A.Cəlilovun dövlətin büdcəsinə ziyan vurması azmış kimi, Bərdədə bu arxayınlıq yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olub. Bərdə ziyalıları DİN rəhbərinə müraciətdə qeyd edirlər ki, sabiq rəis Cəmil Mirzəyevin vəzifəyə qayıtmasının xiffətini çəkirlər. Onların sözlərinə görə, keçmiş DYP rəisinin dönəmində Bərdədə nəqliyyatın idarəçiliyi, qanunlar və yol polis əməkdaşlarının fəaliyyəti yerli camaatı narahat etmirdi. Hazırda maddi imkanı aşağı olan sürücülər müxtəlif bəhanələrlə yollarda saxlanır, ilişdirilir, cərimələr tətbiq olunur. Ziyalılar müraciətin sonunda xahiş edirlər ki, cənab nazir Bərdə DYP-dəki vəziyyəti nəzarətinə götürsün və nazirlikdən xüsusi qrup göndərilsin, araşdırma aparılsın.Bərdədə DYP əməkdaşları tərəfindən sürücülərin yeri gəldi-gəlmədi saxlanması, sənədlərinin əlindən alınması, avtomobillərin cərimə meydançasına aparılması adi hala çevrilib. Hər gün Bərdədə “reyd”ə çıxan yol polis əməkdaşları maşınları dayanma-durma hərəkətini pozma, sağdan ötmə əməliyyatı etmə və s. bəhanələrlərlə saxlayırlar.Nazirə müraciət edən sürücülər bildirirlər ki, Bərdə Bakı kimi böyük şəhər deyil: “Bərdədə bu cür yol hərəkət qaydaları sürücülər tərəfindən nadir hallarda pozulur. Ancaq DYP əməkdaşları günümüzü qara ediblər”. Sürücülər deyirlər ki, onların DYP bölməsinə çağrılaraq “cərimə”lənməsi üçün yeni metodlar ixtira olunub: “Çağırıb deyirlər ki, dünən içkili maşın idarə etmisən, görən olub, bizə məlumat veriblər. Yəni, kiminsə məlumatı əsasında bir gün sonra “paxmel” sürücünü çağırıb “cərimələmək” analoqsuz qanundur. Bu kimi qanunsuz, ağlasığmaz özbaşınalıqlar Anar Cəlilov DYP rəisi təyin olunduqdan sonra başlayıb. Bərdə də açıq-aşkar narazı sürücü "ordusu yetişməkdədir”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.