Şirəliyevin vətəndaşa paltarını satdıran qanqren səhiyyə-rüşvət metastaz verir…

20-05-2019, 08:45           
Şirəliyevin vətəndaşa paltarını satdıran qanqren səhiyyə-rüşvət metastaz verir…
Leninin məşhur bir sözü var – kapitalistlər asılacağı ipi də bizə satmağa hazırdır. Azərbaycan səhiyyəsinə başa bəla nazir Oqtay Şirəliyevin rüşvətə bulaşmış işçiləri qazanmaqdan ötəri çarəsiz, pulsuz insanlara axırıncı paltarlarını da satdırırlar.

Jurnalist Teymur Kərimlinin onkoloji xəstə olan anasını müalicə etdirə bilməməsinə görə Səhiyyə Nazirliyinin qarşısında keçirdiyi orijinal aksiyası, əynindəki geyimlərini çıxarıb yerə ataraq satdığını hayqırması, O.Şirəliyevin ölkə xəstəxanalarını, Milli Onkoloji Mərkəzi nə günə saldığının misli görünməmiş nümunəsiydi.

Jurnalist təxminən 20 dəqiqə yüksək səslə ittihamlar səsləndirsə də, nazirlikdən heç kim onunla maraqlanmadı. Əgər jurnalistin səsinə səs verilmirsə, dilsiz-ağızsız sadə vətəndaşların başına hansı müdibətlər gətirildiyini təsəvvür etmək olmaz.

Reportyor.info xəbər verir ki, bu aksiyanın fonunda nazirliyin son 3 ayda respublika üzrə 5 milyon 455 min 745 nəfərin pulsuz müayinə olunduğunu açıqlaması ikrah hissi doğurmaya, gülüş yaratmaya bilməzdi.

Çünki T.Kərimli ağır xəstə olan anasını pulsuz müalicə etdirə bilmir, işlənmiş paltarlarını satışa çıxarır, nazirlik insan taleyinə susqunluq nümayiş etdirir, əvəzində pulsuz müayinədən danışırlar.

Bu mənzərə təkcə Şirəliyevin, MOM rəhbərliyinin fəaliyyətindəki gerçəkliyi ifadə etmirdi, bütövlükdə səhiyyə sisteminin xalqın ən güvənsiz, etibarsızolmasını, qanqrena verdiyini göstərirdi. Son 3 ayda 5 milyondan çox insanın pulsuz müalicə olunduğunu deməyi, belə qırmızı yalan danışmağı necə bacarırlar?

Axı kor-kor, gör-gör ki, dövlət xəstəxanalarında həkim səhlənkarlığı, ana-uşaq ölümü, rüşvətxorluq, soyğunçuluq adiləşib. Hətta O.Şirəliyev də, nazirliyin rəsmiləri də öz səhiyyəmizə etibar eləmirlər, müalicə üçün Avropaya, İsrailə, ABŞ-a üz tuturlar.

Sadə vətəndaşlar isə axın-axın İrana, Türkiyəyə şəfa axtarmağa gedirlər. Ölkənin özəl klinikalarına gəlincə, supermarket xidməti göstərirlər. Azərbaycan səhiyyəsi heç vaxt indiki qədər acınacaqlı olmamışdı.

Tibbi terminlə desək, Şirəliyevin fəaliyyəti metastaz verib, qanqrenadır, komaya düşüb, reanimasiya şəraitindən çıxa bilmir. Yeganə yolu köklü kadr islahatından keçir – kəsib atmaq!

Reportyor.info xatırladır ki, ötən il Mingəçevirdə baş verən enerji böhranı ilə bağlı xəstəxanaların əksəriyyəti qaranlığa qərq olmuşdu, çoxunda generator olmamışdı, kuvezə yerləşdirilən körpələrin taleyi təhlükə altına düşmüşdü.

O zaman bu hadisə barədə müşavirə keçirən prezident İlham Əliyev nazir O.Şirəliyevə iradlarını bildirmişdi. Bu faktın özü göstərirdi ki, böhran enerjidən qabaq səhiyyədə dərinləşib.

Bu fakt sübut etdirdi ki, xərçəng jurnalistin anasının orqanizmindən əvvəl, rüşvət şəklində səhiyyənin bütün orqanlarına yayılıb, çiçəklənib.

Bu fakt onu da isbatlayırdı ki, prezidentin apardığı kadr islahatlarında yola salınan Artur Rasi-zadə, Hacıbala Abutalıbov və s. kimi Oqtay Şirəliyevin də vaxtı çoxdan yetişib. Axı gəncləşən, operativləşən, müasir texnologiyalarla ayaqlaşan Nazirlər Kabinetində səhiyyədən bixəbər bir qocaman nazirə nə ehtiyac var?

Əminliklə demək olar ki, etiraf etməsələr də, nazirlikdəki rəsmilər, müavinlər, sıravi işçilər öz aralarında vəziyyətin ağırlığını dərk edirlər, dəyişikliyin qaçılmaz olduğunu bilirlər.

Prezident öz çıxışında bildirmişdi ki, struktur köhnəlib. Lakin Səhiyyə Nazirliyi təkcə köhnəlməyib, həm də insult keçirmiş vəziyyətdədir, idarəetmə tam iflic olub. Bu sistemə Vüsal Hüseynov, İnam Kərimov məmurlar nazir gətirilməlidir.

Hakimiyyət ideoloqları səhiyyədə həyəcanlı vəziyyətin olduğunu görməlidirlər. İndi ən yüngül xəstəliyə belə düzgün diaqnoz qoyulmadığına görə insanlar yaxın ölkələrin xəstəxanalarına qaçırlar. Bu, xəcalət çəkməli mənzərədir.

Ona görə də ABŞ Dövlət Departamenti Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırış etmişdi. Gürcüstanın “Nyu Hospital” klinikasının direktoru Nika Okriaşvili də Azərbaycan səhiyyəsini ifşa etmişdi.

Sitat: “Azərbaycanın Gəncə adlı şəhəri var. Bir avtovağzalı var. O avtovağzalda sürücülərin hamısı əməkdaşlarımdır. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər.

Taksi sürücüləri artıq o qədər xəstə gətiriblər ki, professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır, mənə mesajla göndərirlər”.

Ağdamda təcili tibbi yardım maşının sahədən yığılmış pambığı daşıması, Bakıda həkimin səhvən xəstənin sağlam ayağını kəsməsi, əməliyyat stolunda səhlənkarlıqdan ölüm halları Şirəliyevin səhiyyə sisteminin rüşvəti arı şirəsi kimi çəkdiyini deməyə əsas verir.

Tez-tez eşidirik ki, prezidnetin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib.

Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Azərbaycanda təhsil sistemi bərbad olduğuna görə, Tibb Universiteti də bu vəziyyətdən öz payını alır.

Madam ki, ölkənin sağlamlığı təhdid altındadırsa, “səhiyyə terroru” ilə üzbəüz qalmışıqsa, uşaqlarımız, gələcəyimizlə bağlı zəmanət yoxdursa, qan təmizlənməlidir…

Gülay

REPORTYOR.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.