Yanvardan sonra xalqı iqtidara qarşı qaldıran ilk məmur – Yasamal çalxalanır…

23-05-2019, 12:34           
Yanvardan sonra xalqı iqtidara qarşı qaldıran ilk məmur – Yasamal çalxalanır…
Yanvardan ölkədə başlanan dərin islahatlar, prezidentin xalqla təmasları, son olaraq Sabunçuda bir marketə daxil olması yeni bir siyasi kursun götürüldüyünü deməyə əsas verir.

Müşahidəçilər də qeyd edirlər ki, iqtidar uğurlu bir konsepsiya ilə çıxış edir və dövlət başçısının əhalinin içərisində olması, İçərişəhərdə onlarla çay içməsi, Şamaxıda Saray ana ilə görüşü, Fəvvarələr meydanında insanlarla söhbətləşməsi, ictimai rəyin nəzərə alınması, camaatın problemlərinə diqqət göstərilməsi cəmiyyətdəki müəyyən gərginliyi aradan qaldırıb, millətin hakimiyyətə olan inamını bərpa etməyə başlayıb.

Odur ki, yanvardan bəri ciddi bir hərəkətlənmə müşahidə olunurdu, yerlərdən o qədər də etirazlar gəlmirdi, vətəndaşlar aksiyalar keçirmirdilər. Lakin islahatlar prosesinin sürətləndiyi bu 5 ay ərzində ilk dəfədir ki, məmur özbaşınalığı vətəndaşları ayağa qalxmağa vadar edib.

Reportyor.info xəbər verir ki, söhbət “Sovetski”də yaşayan vətəndaşların Yasamal rayon icra başçısı Əziz Əzizov tərəfindən məhkəməyə verilməsindən, onların barəsində sifarişlə ədalətsiz qətnamə çıxarılmasından, mülklərinə dəyər-dəyməz qiymətinə kompensasiya təklif edib evlərindən çıxarılmaqla hökumətin üzərinə qaldırılmasından gedir.

Yasamalın icra başçısı yanvardan bu yana ilk məmurdur ki, prezidentin islahatlarına zidd addım ataraq əhalini hakimiyyətin üstünə körükləyir.

İndiyə qədər heç bir bölgədən, məmur və ya icra başçısı tərəfindən belə siyasi təxribat olmamışdı. Sakinlərin sözlərinə görə, Ə.Əzizov onları 1 saylı İnzibati İqtisad Məhkəməsinə verib və hakimlər sifarişlə qətnamə çıxarıblar ki, mülk sahibləri evlərini tərk eləsinlər.

Ədliyyə naziri Fikrət Məmmədova müraciət edən “Sovetski” camaatı deyir ki, bu qətnamələr məhkəmələrin müstəqil olmadığını, icra başçısın boyun əydiyini sübut edir.

Belə ki, “Azər ekspert” MMC adlı şirkət vətəndaşlara 300-1500 manat arasında qiymətləndirmə aparıb.

Əgər firmanın maraqları varsa və sövlət əhəmiyyətli layihə deyilsə, o zaman sakinlərin tələb etdiyi məbləğlə hesablaşmalıdır. Sakinlər bildirirlər ki, onların evlərinin yox, torpağın qiyməti nəzərə alınmalıdır.

Hazırkı bazar qiymətlərinə uyğun olaraq təzminat verilməlidir. Onların dediyinə görə, ərazidə ən aşağı qiymət 3152 manatdır.

Sakinlər onu da bildirirlər ki, Yasamalın icra başçısı Əziz Əzizov rayonun Şəfayət Mehdiyev küçəsində yol tikintisi ilə bağlı iaşə obyektlərini sökdürür və sahibkarlara deyir ki, “elə bilirsiniz prezident pul ayırıb?Bütün bu işlərə öz cibimdən xərcləyirəm”.

Sakinlər deyirlər ki, axı Əziz Əzizov kimdir ki, öz cibindən maliyyə ayırsın?! Onların sözlərinə görə, ev var 300 min hesab açılıb, amma sahibinə cəmi 58 min manat verilib. Bu da ciddi maxinasiyadan xəbər verir.

Əslində Bakı icra hakimiyyətinin rəhbəri Eldar Əzizov “Sovetski” ilə bağlı xüsusi plan hazırlandığını açıqlamışdı və bu da sakinlərdə ümd yaratmışdı.

Lakin Yasamalın icra başçısının anti-prezident fəaliyyəti əhalini yenidən qızışdırıb, etirazları alovlandırıb. Belə demək mümkünsə, Ə.Əzizov islahatlar dönəmində çox ciddi siyasi xətaya yol vermiş olub.

Ümumiyyətlə, Əziz Əzizovun viran qoyduğu, heç bir inkişafa nail olmadığı Cəlilabaddan Bakının Yasamal rayonuna gətirilməsi ayrıca olaraq maraq doğurur.

Paytaxtın strateji rayonlarından birinə təyin olunan kadr ən azı Şamaxıya rəhbər qoyulan Tahir Məmmədov kimi gənc, reputasiyası təmiz biri olmalıydı. Yəni, prezidentin kadr siyasəti də məhz bu müstəvidə fokuslanıb.

Lakin kimlərsə Ə.Əzizovun olmayan imicini göylərə qaldırıb və prezidentə elə təqdim edib ki, bu təyinat gerçəkləşib. Nəticəsi isə göz qabağındadır – Yasamal çalxalanır…

Yadınızdadırsa, bundan əvvəl Yasamalın icra başçısı İbrahim Mehdiyevin vəzifədən gediişinə nə səbəb olmuşdu. O, Hacı Cavad məscidini özbaşına sökdüyü və inanclı zümrəni ayağa qaldırdığına görə həm əhalinin, həm prezientin qəzəbinə tuş gəldi, işindən kənarlaşdırıldı.

Nədənsə, “gözü çıxmış qardaşdan” dərs götürməyən Ə.Əzizov eyni ssenarini təkrarlayır. O da əhalini qızışdırır, sahibkarları incidir, qanunsuz məhkəmə qətnamələri çıxardır və s. ilaxır – üstəgəl, islahatlar dövründə.

Ə.Əzizov anlamalıdır ki, Yasamal həssas bölgədir, İ.Mehdiyev bir xətanın ucbatından vəzifəsini itirdi, ona görə insanları sakitləşdirmək lazımdır.

Axı prezident deməyib ki, vətəndaşın plana düşən mülkü sökülərkən onu narazı qoymaq, qəpik-quruş verib küçələrə atmaq lazımdır.

Prezident əvvəldən bəyan edib ki, icra başçıları camaatla işləməlidir, ona şikayət gəlməməlidir və bu fəaliyyətin əksini edənlər işindən azad ediləcək.

Əksər müşahidəçilərin fikrincə, yerli icra strukturlarında kadr islahatları dayanmamalı, daha da genişləndirilməlidir.

Məsələ burasındadır ki, yerli icra hakimiyyətləri əhali ilə siyasi hakimiyyət arasında əsas bağlantı rolunu oynayırlar. Onlar yalnız siyasi iqtidarın yerlərdəki nümayəndəsi deyil, həm də onunla əhali arasında vasitəçi, əsas körpüdür.

Təsadüfi deyil ki, onların fəaliyyətindəki qüsurlar, kobud davranışları əhalidə bütövlükdə hakimiyyətə qarşı narazılığın yaranmasına səbəb olur.

Azərbaycanda geniş yayılmış mənfi tendensiyalardan biri yerli icra hakimiyyəti başçılarının özlərini “kiçik padşah” kimi aparmalarıdır. Bir çox hallarda bu davranış yerli əhalinin maraqlarının kobud şəkildə tapdanması, insanların təzyiq və təqiblərə məruz qoyulmasına qədər gedib çıxır.

Eyni zamanda yerli icra strukturlarının fəaliyyəti əksər hallarda regionlarda sahibkarlığın inkişafına ciddi əngəl yaradır, biznesin fəaliyyətini tormozlayan amilə çevrilir.

Bütün bunlardan çıxış edən əksər ekspertlər yerli icra hakimiyyətlərində kəskin kadr islahatlarının aparılmasını zəruri hesab edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.