İnam Kərimovun "islahatları" kasıb təbəqəni mövsümü meyvələrdən məhrum etdi...

13-07-2019, 07:01           
İnam Kərimovun "islahatları" kasıb təbəqəni mövsümü meyvələrdən məhrum etdi...
Azərbaycanda mövsümi meyvə-tərəvəzin qiymətləri “od tutub yanır”. İlk dəfə pomidorin kilosu 2 manata, gilas 2-3, ərik 4-5 manatdan aşağı satılmır.

Bazarlarda qiymətlərin kəllə-çarxa qalxması orta və aztəminatlı təbəqəni bu məhsullardan dadmaqdan məhrum edib. Hökumət heç bir izah vermir.

Əldə etdiyi məlumata görə, bahalaşmanın əsas səbəbi monopoliya siyasətidir. Ölkədə ayrı-ayrı yüksək çinli məmurların inhisarında olan bu məhsullar idxalın ucbatından od qiymətinə satılır.

Yerli məhsullar da qeyri-ixtiyarı olaraq xaricdən gətirilən mallarla rəqabətdə bahalaşır, vətəndaşların mövsümi meyvə almağa imkanı çatmır.

Bu, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin heç bir aqrar, tarif proqramı olmadığını isbat etməkdədir. Sıfır hərəkətlənmə!

Hər iki nazirlik tərəfindən qiymətlərin tənzimlənməsi, məhsuldarlığın artırılması istiqamətində heç bir addım atılmayıb.

Kənd təsərrüfatı naziri İnam Kərimovun qiymətlərin dodaq uçuqladan olması ilə bağlı izahatını görmüsünüzmü? Sanki nazirlər yay tətilinə çıxıb.

***

Əslində necə olmalıydı; prezident İlham Əliyevin 2018-ci il aprel seçkilərindən sonra KTN-ə rəhbər təyin etdiyi İnam Kərimov özünü il yarım ərzində doğrultmalıydı.

O, innovativ aqrar siyasəti həyata keçirməklə real nəticələr təqdim etməliydi. Amma nə İsmət Abbasov, nə Heydər Əsədov dövründən fərqli bir fəaliyyət müşahidə olunmur.

Əksinə, İ.Kərimov yay mövsümündə meyvə-tərəvəzin ən baha olduğu zamanın naziri kimi tarixdə qaldı.İslahatçı nazirin dönəmində çox şükür, “islahat” sayəsində gilas, albalı, ərikdən də məhrum edildik.

Ən pisi nazirin heç bir şərh verməməsi, nazirliyin bahalaşma barədə susqunluğudur.

Antiinhisar Xidməti fəaliyyət göstərir, bazarlarda nəzarəti həyata keçirir, qiymətlərin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması funksiyaları bu qurumun üzərindədir.

Amma hələlik bu qurumun həyata keçirdiyi heç bir əməli tədbirlər nəzərə dəymir.

Bazarlarda dəhşətli bahalaşma var və buna cavabdeh olan iki nazirlik susursa, ictimaiyyət, media sualı kimə verməlidir – ekologiya nazirinə yoxsa hava proqnozları bürosuna?

***

Əriyin bir kiloqramının qiyməti 5-7 manat, gilasın ən yeməli növü olan “öküzürəyi” nin qiyməti 5-8 manat, albalının bir kiloqramı 4-5 manat, çiyələyin isə qiyməti 3-4 manat…

Bazarlarda və marketlərdə mövsüm meyvələrinin qiyməti ilə nəinki qışa tədarük görmək, heç doyunca alıb yemək də olmur. Mövsüm meyvələrinin iyun ayının sonunda bu qiymətə satılması həyətində meyvə ağacı olmayan paytaxt əhalisini demək olar ki, bu meyvələrə tamarzı qoyub.

Meyvələrin bu həddə olması əhalini də narazı salır. Çünki sözügedən mövsüm meyvələrinin əsas yeyilmə dövrü indidir, bir müddət sonra gilas və əriyin yığımı bitəcək.

Lakin qiymətlər insanların kifayət qədər bəhrələnməsinə imkan vermir. Qışlıq konservlərin bağlanması üçün isə ümumiyyətlə bu qiymətlər sərfəli deyil.

Ötənilki rəqəmlərə baxsaq, 360 min ton gilas, 269 min ton ərik, 249 min ton alça, albalı cəmi 102 ton olub. Ötənilki göstəricilər belə çox da yüksək deyil. Bu il daha da az olacaq.

Azərbaycanda 2 formada monopoliya mövcuddur. Onlardan birincisi kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ilə bağlı xarici ticarətdə tətbiq edilən monopoliyadır.

Bu inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinə məsul olan şirkətlərin sayının azalmasına, yəni ixracla məşğul olan şirkətlərin qeyri-rəsmi siyahılarının tətbiqinə gətirib çıxarıb.

Sirr deyil ki, bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən zaman qeyri-rəsmi icazələrin alınmalıdır. Ölkəyə idxal olunan məhsullar az sayda əllərdə idarə edildiyindən bazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə gətirib çıxarıb.

O baxımdan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı birinci inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsində tətbiq edilən əngəllərdir.

Digər inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara daxil olması zamanı yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul istehsalçıları məhsullarını paytaxtın istehlak bazarlarında birbaşa satmaq imkanına malik deyillər.

Onlar istehsal etdikləri məhsulları aşağı qiymətə bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil verirlər.Nəticədə həmin məhsullar inhisarçılar tərəfindən daha yüksək qiymətə alıcılara təklif edilir.
Teref.az
mənbə:Reportyor.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.