Siraqəddin Cabbarov Saatlıda torpaq qoymayıb... - GİLEY

23-07-2019, 09:34           
Siraqəddin Cabbarov Saatlıda torpaq qoymayıb... - GİLEY
Saatlının Dəllər kəndindən şikayət var. Kənd sakinləri qrunt sularının əkin sahələrini basıb, tarlalarını yararsız hala gətirdiyini söyləyirlər. "Normal məhsul əldə edə bilmirik. Nəticədə əkdiklərimizin xərci borcunu ödəmir”, - kənd sakinlərindən Səringül Əmiraslanova belə deyir. Bildirir ki, hətta dolanmaq üçün Saatlı Rayon İcra Hakimiyyətindən başqa torpaq sahəsi də istəyiblər.

O da alınmayıb: "Vermədilər, çünki bələdiyyə nəinki normal torpaq saxlayıb, gənc vətəndaşların perspektiv inkişaf torpaqlarını da satıb, sovurub. Bizə isə nəinki əkin-biçin üçün normal torpaq, heç örüş sahəsi də qalmayıb. Bilmirik malımızı, heyvanımızı harada saxlayaq. Problem içindəyik, dərdimizi deməyə kimsəmiz yoxdur”.

Kənd sakinlərindən Kamal Rzayev deyir ki, işsizlik də bir ayrı dərddir. Kənddə iş yoxdur. Olsa, gedib işləyərlər, ancaq yoxdur, məcburdurlar əkinçilik, maldarlıqla məşğul olsunlar: "Əkib-becərməyə torpaq vermirlər. Nə də normal örüş sahəmiz yoxdur. Beləcə nə heyvan saxlaya, nə də əkin əkə bilirik. Bütün bu problemlərdən kitab yazmaq olar. Ancaq biz adicə bir şikayəti belə göndərməkdə acizik, açıb, oxuyurlar. Adımıza da "işverən” deyirlər. İstəyir bələdiyyə olsun, istəyir icra nümayəndəsi torpaqları özbaşına satıblar. Azmış kimi şikayət edənləri qınayırlar”.

Sakinlərdən Əzizağa Cahangirovun da torpağı qrunt sularının altında qalıb. Deyir, zəhmətlə, əziyyətlə əkir. Ancaq 5 ton yerinə, 600-700 kilo məhsul götürə bilir: "Məhsul adlı şey yoxdur. Yonca səpmişəm, yabanı otlar çıxıb. Dövlət pensiya verir, iynədən, dərmandan kəsib toxuma, gübrəyə verirəm. O da belə, batıb gedir. Mən bilmirəm, əkin əkim, kollektor qazım, yoxsa arx çəkim. Buna cavabdeh insanlar var axı. Bu işləri niyə kəndli görməlidir? Əlilliyi olan insanam, himayəmdə nə qədər insan var. Mən bilmirəm, öz işimi görüm, yoxsa dövlətin problemlərini həll edim. Mən istəməkdən, dövlət məndən kömək istəyir. Problem üstünə problem yaradırlar”.

DİA.AZ xatırladır ki, hazırda Saatlı RİH-ə Nazimİsmayılov rəhbərlik etsə də, kəndlilərin torpaqları məhz köhnə başçının - hazırda Sabirabad rayonuna rəhbərlik edən Siraqəddin Cabbarovun dövründə satılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.