Xətai rayonunda Heydər Parkı məhv edilir - Fotolar

17-08-2019, 03:29           
Xətai rayonunda Heydər Parkı məhv edilir - Fotolar
Bakının Xətai rayonunda yerləşən Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının xeyli hissəsi hasara alınıb, yaşıllıq ərazisi təhlükə altındadır.

AzFakt.com xəbər verir ki, bu barədə məlumatı Feysbukda "Ekofakt” səhifəsi palyaşıb.

Məlumatda bildirilib ki, uzun müddət öncə sözügedən ərazi hasara alınaraq yaşayış binasının tikilməsi məqsədilə xeyli yaşıllıq məhv edilmiş və binanın bünövrəsi qazılaraq yerə beton tökülmüşdü. Lakin sakinlərin etirazı nəticəsində işlər dayandırılmışdı.

Artıq bir neçə gündür ki, parkın hasara alınmış hissəsi iki dəfə genişləndirilib.

Sakinlərin sözlərinə görə, ərazinin hansı məqsədlə hasara alınması barədə heç bir məlumatları yoxdur. Bununla əlaqədar dəfələrlə aidiyyatı qurumlara etdikləri müraciətlər də nəticə verməyib.

Hasara alınmış ərazidə xeyli yaşıllıq olmasına baxmayaraq baxımsızlıq və susuzluq ucbatından ağaclar məhv olmaq üzrədir.

Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Axar.az-a açıqlamasında bildirib ki, hasara alınan ərazidə ASAN Xidmət mərkəzi tikiləcək:

"Olduqca əhəmiyyətli və dövlət dəstəyi ilə tikiləcək olan ASAN Xidmət mərkəzinin tikintisi zamanı hər hansı neqativ addım atıla bilərmi? Heç bir yaşıllıq məhv edilməyəcək və edilə də bilməz. Tikinti ərazisinə düşən ağaclar köçürülə bilər. Ancaq tikintiyə mane olmayan bütün yaşıllıqlar qorunacaq. Dövlət özü yaşıllıq salır, yaşıllıqları qorumaq üçün tədbirlər görür. Ola bilərmi ki, heç Bakının ən gözəl parklarından birinin yaşıllıqları qırılsın?

Ərazidə yüksək səviyyəli iş aparılacaq. Aparılan işlər, həmçinin ekoloji vəziyyət həm Prezident İlham Əliyevin, həm də vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Burada heç bir qanunsuzluq baş verə bilməz. Xətai Rayon İcra Hakimiyyəti də imkan verməz ki, parkda hansısa neqativ iş görülsün”.























Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.