Vidadi Isayev yüzlərlə bərdəlini mitinqə necə göndərir? - Xeyanet dosyesi

23-09-2019, 09:44           
Vidadi Isayev yüzlərlə bərdəlini mitinqə necə göndərir? - Xeyanet dosyesi
Hakimiyyətin yanvardan başladığı islahatların əsas anatomiyası əyalətlərdə sosial zülmə son qoymaq, yerli idarəetmədəki boşluqları, nöqsanları aradan qaldırmaq, vətəndaş etirazlarının dərinləşməsinin qarşısını almaq idi.
Çünki bölgələrdə olan haqsızlıqlar ərşə dirənmişdi, Prezident Administrasiyasına hər ay külli şikayətlər daxil olurdu, sosial uçurum getdikcə genişlənir, böhranın tappıltı səsləri eşidilirdi.
Dünyadakı bütün hökumətlər regionlardan ehtiyatlanırlar. Təcrübə göstərir ki, etirazlar həmişə yerlərdə baş qaldırır və yayılır.
Xüsusən Quba, İsmayıllı hadisələri hökuməti ayıq-sayıq olmağa səsləmişdi. Ona görə də yanvarda keçirilən mitinqə bölgələrdən gələnlərin çox olmasını təhlil edən texnoloqlar islahatlar paketinə bu bəndləri xüsusi olaraq əlavə etmişdilər: rayonlarda qayda-qanun yaratmaq lazımdır.
Amma görünən budur ki, bəzi bölgələrdə yerli idarəçilik mərkəzin tələbləri ilə ayaqlaşmır. Məsələn, Bərdə...
Anaxeber.info yazır ki, sözügedən bölgədə ənənəvi idarəçilik sistemi əhalini boğaza yığıb. Elə 19 yanvar mitinqinə də rayonlar arasında ən çox Bərdədən narazı vətəndaşlar təşruf buyurmuşdu.
O zaman prezidentliyə keçmiş namizəd Hafiz Hacyev də bildirmişdi ki, Milli Şuranın mitinqinə Bərdədən gələnlər üstünlük təşkil edib.
Əfsus ki, nə hakimiyyət bu məsələyə diqqət ayırdı, nə Bərdə rayon icra başçısı Vidadi İsayev özünə çəki-düzən verdi. Elə bu davamiyyətin nəticəsidir ki, Milli Şuranın təyin etdiyi növbəti 28 sentyabr mitinqinə də Bərdədə idarəçilikdən, ətalətdən, zülmdən, Vidadi İsayevin qanunsuz hərəkətlərindən cana doyanlar axın etməyə hazırlaşırlar.


Lakin vəziyyətin bu yerə gəlib çıxmasına səbəbkar Vidadi İsayevdir.
Başqa regionlarla müqayisədə Bərdədə bütün zümrələr haqsızlıqla üzləşirlər. İstərsə şəhid ailəsi, istərsə məcburi köçkün, istərsə sahibkarlar və sadə vətəndaşlar olsun...
İqtidarın üzərinə Bərdəni qaldıran, Milli Şura platformasında mitinqinə bərdəliləri getməyə sövq edən Vidadi İsayevin məqsədinin nə olduğu, iqtidara hansı zərbəni vurmağa çalışdığı, prezident İlham Əliyevin siyasətinin əleyhinə niyə getdiyi qaranlıq olar qalır.
Belə aydın olur ki, Vidadi İsayev dolayısı ilə Milli Şura ilə əlbirdir, onun mitinqinə dəstək verir və elə bir idarəçilik yaradır, elə bir zülm yaşadır ki, bərdəlilər mitinqlərə axın etməli, səslərini qaldırmalı olsunlar.
Gələn informasiyalara görə, Bərdədə çayxanalarda, ayrı-ayrı yerlərdə insanlar 28 sentyabr mitinqinə hazırlıqdan danışır, icazə veriləcəyi halda Bakıya üz tutmağı planlaşdırırlar. Hətta aksiyada Vidadi İsayev əleyhinə şüar yazılmış plakatlar qaldırılması da istisna edilmir.
İddialara görə, sosial şəbəkələrdə Bərdə fəalları çağırışlar etməyə başlayıblar.
“Bərdə 28 sentyabr mitinqinə hazırdır!!! Uğur olsun!” şüarı ilə statuslar paylaşılır, yerli camaat da “Tam doğru. Bərdədə əhali hakimiyyət orqanlarından daha çox narazıdır”- deyə bir-birinə dəstək verirlər.
Bu gedişatı, gizli prosesi hakimiyyət ideoloqları analiz etməlidir, Bərdədə təftiş aparmalıdır ki, niyə məhz ən çox Bərdədən mitinqə getməyə təşəbbüslər göstərilir.

Əyalətlər arasında Bərdə daha çox seçilir.
Bu da vətəndaşların üzləşdiyi özbaşınalıqların, Vidadi İsayevin camaatın problemlərinə biganəliyinin nəticəsidir.
Elə müxtəlif vaxtlarda edilən müraciətlər, mətbuatda gördüyümüz faktlar da təsdiqləyir ki, Vidadi İsayev Romanı yandıran imperator Neron kimi, Bərdəni yandırmağa yönəlik siyasət yürüdür. Bu gedişat pis sonluq vəd edir və iqtidarın başına ağrı olacaq prosesi dayandırmaq, Bərdədə ciddi addımlar atmaq, vətəndaşların problemlərini həll etmək, Vidadi İsayevin postuna praqmatik bir kadr təyin etmək zamanıdır. Əks halda müxalifətin mitinqlərinə Bərdədən gedənlərin sayı çoxalacaq.
Anaxeber.info yazır ki, bir müddət əvvəl Bərdə ziyalılarının həyəcan təbili çalması, prezidentə imzalı məktub ünvanlaması da vəziyyətin dramatikliyini, ciddiliyini ifadə edirdi.
Ziyalıların bəyanatında deyilirdi ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib. Hətta ziyalılar onun həbsini tələb edir.
Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb.
Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib.
Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi, qadın dünyasını dəyişdi”.
Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. Yəni, söhbət təkcə maddi çətinlik, işsizlik, torpaqların satılması, sahibkarın incidilməsində deyil, həm də Bərdənin icra başçısının məhz mənəvi sütunları dağıtmasında, insanların heysiyyatına toxunmasındadır. Axı Gəncə nümunəsi var...
Bərdənin “Günəş” ləqəbli hökmdarı olan Vidadi İsayevin rayonu zülmətə çevirməsi real faktlarda öz əksini tapır.
Gəlin baxaq:
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi “Amil-Tərtər” MMC-yə bərk inventarlar üçün 13997, yumşaq inventarlara 8710 manat ayırıb.
Bərdə Rayon İcra Hakimiyyəti “Şahbulaq Ltd” MMC cari təmir işləri 9000.00, dəftərxana və təsərrüfat malları 8290.00 manat peşkəş edib. Yəni, heç bir iş görülmədən MMC-lərin əli ilə büdcə pullarını mənimsəmək faktları yetərincədir, siyahı uzundur, müvafiq orqanlara təqdim edə bilərik.
Məsələn, “İNPEKS.N” MMC-nin heç də sıradan bir şirkət olmadığı aydınlaşır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Qısa bir araşdırma apararkən bəlli olur ki, “İNPEKS.N” MMC qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxtəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur
Amma nə “İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat var.
Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir. Amma şirkət Vidadi İsayevin günəşidir, ayıdır, bütün işləri onunla həyata keçirib.
Anaxeber.info yazır ki, şəhid xanımı Yasəmən İsmayılovanı dəfələrlə qəbuluna getməsinə baxmayaraq, qapıdan qovan, polislə təhdid edən, şəhid Dilqəmin qardaşının evini başına uçurdan, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istəyən də Vidadi İsayev olub.
Bu da yetmədi, Vidadi İsayev Şəhidlər Xiyabanını satışa çıxardı, 20 Yanvar günü isə parka gedərək əlində iki qərənfillə guya bu tarixi yad etdi.
Axı prezident də, bütün rəsmilər və xalq da Şəhidlər Xiyabanına gedərək onlara ehtiram olaraq baş əyir, əklil qoyur. Park isə istirahət yeridir, parkda 20 Yanvar günü keçirilmir.
Bu da azmış kimi, Laçının Şam kəndindən məcburi köçkün, SSRİ Ali Sovetinin 7-ci və 8-ci çağırışlarında deputat olmuş, 3 oğlunu Qarabağ uğrunda itirmiş, “Sosialist əməyi” qəhrəmanı, prezident təqaüdçüsü Şərqiyyə Vəliyevadan Bərdə Rayon İcra Hakimiyyəti rüşvət istəmişdi.
Köçkünü, şəhidi saymayan icra başçısı məktəb direktoruna nəyə görəsə mağaza tikdirir. Mediada iddialar səslənir ki, Bərdə İH başçısı rayondakı xanım məktəb direktorlarından birinin şəxsi həyatına müdaxilələr edib.
İcra başçısının ucbatından fəaliyyət göstərə bilməyən xanım direktor bir müddət əvvəl Heydər Əliyev Fonduna məktub yazaraq narazılıq edib.
Məktubda işləyə bilmədiyini, V.İsayevin onun ailəsi ilə yaşamağa imkan vermədiyini yazdığı iddiaları yer aldığı deyilir.
Hətta həmin vaxt Gəncənin icra başçısı Elmar Vəliyevin vasitəsi ilə təzyiq edərək xanım direktoru işdən çıxardır. Vurğulanır ki, indi V.İsayev həmin xanıma Bərdədə ikimərtəbəli mağaza tikib.
Faktlar, müraciətlər göz qabağındadır. Növbə aidiyyatı orqanlar tərəfindən Bərdədəki vəziyyətin araşdırılmasına çatıb...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.