Y.Yusifovun məhv etdiyi GDU - Fəlakətin addım səsləri eşidilir. Cənab Prezident, GDU-nu bu çetenin əsarətindən xilas edin!

9-10-2019, 07:47           
Y.Yusifovun məhv etdiyi GDU - Fəlakətin addım səsləri eşidilir. Cənab Prezident, GDU-nu bu çetenin əsarətindən xilas edin!
“...professor-müəllim,eləcə də tədris-köməkçi heyəti başına görəsən haranın külünü tökəcəklər?”

XXI əsrdə- dövlətin hər il elmin inkişafına milyonlarla pul xərclədiyi, əcnəbilərin Aya, Marsa ayaq döydüyü bir zamanda Azərbaycan alimlərinin başlarına tökməyə kül axtardıqları məkan Gəncə Dövlət Universitetidir. Bu sətirlər GDU-nin professor-müəllim heyətinin Rubrika.az saytına ünvanladıqları müraciətin (əslində ona “müsibətnamə” demək daha uyğun olardı) mətnindən götürülüb. 2014-cü ildən Yusif Yusifovun az qala bazarkom kimi idarə etdiyi bu təhsil ocağında yaşananları deməyə söz acizdir. Belə məqamda ədiblər demişkən bir sazda lazımdır ki, aşıq “Yusif və Züleyxa” dastanının yeni boylarını qulluğunuza ərz eləsin.

Düz 5 ildir ki, Azərbaycan mediası, az-çox təhsillə bağlılığı olan hər kəs həyəcan təbili çalır,haray qoparır ki, Y.Yusifov GDU-ni fəlakətə sürükləyir, burada şıdırğı alver gedir, millətin gələcəyi məhv olunur. Amma, çifayda-deyildikcə elə bil Y.Yusifovun Təhsil nazirliyinin yanında hörməti bir az da artır. Bir universiteti pulkəsən maşına döndərən birisinin nazirliyin gözündə az qala “həzrəti Yusif” mərtəbəsinə nədən qalxdığını bilməsək də onun cahanşümal əməllərindən az-çox xəbərimiz var. Bir-ikisini deyək bəlkə Təhsil nazirimiz də oxuyub feyziyab oldu. Deməli Y.Yusifov GDU-da tamamilə ibtidai icma-qəbilə-tayfa qayda qanunlarını tətbiq edib. Daha çox tayfa başçısı funksiyasını yerinə yetirən patriarx öz ətrafına hər sözünə “ləbbeyk” deyən şəxsləri ( təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, Şahin, Elçin və s) toplayaraq istədiyi qərarları qəbul edir. Y.Yusifovun hərbi kommunizm siyasətinə əsasən laborant,baş laborant,laboratoriya müdiri,kabinə müdiri,preperator,metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Göründüyü kimi hamıya bir gözlə baxan Yusifov elə hamıya da eyni maaşı verir. Amma siz heç də onu xəsis birisi kimi qəbul etməyin. Təsəvvür edin ki, o GDU-nin girişində biri 270 min manata turniket quraşdırtırıb. Hələ 5 ədədinin də quraşdırılması nəzərdə tutulan turniketlərə ümumilikdə 1 milyon 350 min manat xərclənəcək. 250 manat maaş alan əməkdaşın 270 min manatlıq turniketdən keçməsinin yaratdığı eyforioyanı təsəvvür edirsinizmi? Bəlkə cənab nazir bu dahiyanə kəşfə, 270 min manatlıq turniket oyunbazlığına bir açıqlama versin.

Yaxud başqa bir fakta nəzər salaq. Prezident İlham Əliyevin fərmanı ilə GDU-nin 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon vəsait ayrılıb.Bu binalar sökülmədən, sadəcə təmir olunur.Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar,lakin rektor bu məqsədlə universitetin büdcəsindən əlavə olaraq 750000 manat vəsait ayrılacağını bildirir. Maraqlıdır, görəsən bu qədər vəsaitə dünyanın harasında kosmetik təmir aparıla bilər? Bu qədər vəsait Yusifov-Həsənov cütlüyünün korrupsiya piramidasının dolanbac labirintlərində yoxa çıxarılır,havaya sovrulur, mənimsənilir. Bəlkə cənab nazir bunlara da bir az diqqət yetirsin!

GDU-də müxtəlif adlar altında pul toplanılması adi hal alıb. Hər il olduğu kimi bu il də F.Həsənovun rəhbərliyi ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığılıb. 8 fakültə və 2 şöbənin olduğunu nəzərə alsaq,bu məbləğ 20000 manat vəsait edir. Bəs buna nə cavab veriləcək görəsən?
Y.Yusifovun “əməl dəftəri”ni vərəqləsək hələ çox eybəcərliklər üzə çıxara bilərik. Amma nədənsə bütün bunları Təhsil nazirliyi görməzdən gəlir, görmür. Görünür C.Bayramovun da bu çetenin əməllərinə “dur” demək gücü yoxdur. O zaman cənab Prezidentin, hörmətli Mehriban xanımın diqqətinə ümid etmək lazımdır. Azərbaycan elminin, təhsilinin böyük himayəçiləri, GDU-də əsl korrupsiya,rüşvət fəlakəti yaşanır. Bir qrupun bazar qanunları üzərindən formalaşdırdığı idarəçilik böyük bir elm ocağını uçuruma yuvarlayır. Tezliklə sizin müdaxiləniz olmazsa burada təhsil adına hansı rüsvayçılıqların baş verəcəyini təxmin etmək mümkünsüzdür. GDU-ni bu çetenin əsarətindən xilas edin!

P.S. Sosial şəbəkələrdə GDU adına trolluq edən əxlaqsız,küçə səviyyəli xüsusi bir qrup fəaliyyət göstərir. Onlar Y.Yusifov haqqında tənqidi fikir səsləndirənlərə qarşı heç bir əxlaqa sığmayan, ən alçaq küçə söyüşləri ilə mirzəlik edirlər,hətta bu biqeyrətlər, namussuzlar, şərəfsizlər bu və ya digər şəkildə bu işdə onlara dəstək olanlar da özlərini kişi hesab edirlərsə dovşan kimi gizlənmədən ortaya çıxsınlar. Çətin ki... Düzdür Y.Yusifov və GDU-nin digər rəhbərləri bunlardan xəbərsiz olduqlarını söyləyirlər. Biz də hər halda alim adlandırılan bu şəxslərə inanmaq istəyirik. Biz heç kəsi nahaqdan ittiham edə bilmərik. Bizim sözümüz bu işin arxasında gizlənən namussuzlara aiddir. Saytımıza qarşı kanalizasiya bənzərli ağızlarına gələni yazanlara demək istəyirik ki,öz ailə tərbiyənizi və ailə yaşam tərzinizi sosial şəbəkələrə daşımayın. Necə deyərlər, kişinin arxasınca da gərək elə kişi danışsın!

Nicat Mahmudov
Rubrika.Azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.