150 minlik futbol cinayəti! - Bizləri kim aldadır?

19-01-2020, 08:48           
150 minlik futbol cinayəti! - Bizləri kim aldadır?
Bakıya sirk gəlmişdi. Rusiyanın ən məşhur sirklərindən biri olan "Nikulin sirki"nin paytaxtımızda nümayiş etdirdiyi nömrələrdən birində kloun yekə şar topu çiləyirdi, hətta o topu çiləyə-çiləyə səhnəni dövrə vururdu və sayırdı. Kloun 200 rəqəmini səsləndirib topu tribunalara vurdu.

Azərbaycanda 150 mindən çox futbolçu qeydiyyatdan keçib. Hər dəfə AFFA bunu bəh-bəhlə bəyan edir.

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda isə səviyyə və inkişaf bir yana qalsın, uşaq komandaları yetərsay olmadığına görə meydana çıxa bilmirlər. Federasiyasının açıqladığı rəqəmlərə inansaq, hazırda hər komandada yüzlərlə futbol oynayan uşaq olmalıdı. Belədə komandalar niyə meydana çıxarmağa uşaq tapmır?

Necə olur ki, 150 min "futbolçu" arasından 8 komandalı "Bakı birinciliyi"nə, milli komandalara oyunçu gəlmir. Gəlmirsə, hara gedir? Ya gələ bilmirsə, futbol oynayanların sayıyla bağlı yalanın ictimaiyyətə açıqlanması hansı məntiqə sığır? Bunun adı futbol cinayəti, bu idman növünün genefondunun məhv edilməsidir.

Elxan Məmmədov AFFA-ya baş katib təyin olunduqdan sonra qollarını çırmalayaraq Respublika Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, istedadlı gənclərin üzə çıxarılması, onlara lazımi şəraitin yaradılması, təbliğatın genişləndirilməsi və uşaq futbolunun dirçəldilməsi çərçivəsində böyük pullar xərcləyərək müxtəlif layihələr həyata keçirməyə başladı. "Top festivalları"nda çıxış edən Elxan Məmmədov bu cür layihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri istedadlı gənclərin aşkarlanması və onlara AFFA tərəfindən lazımi qayğının göstərilməsi olduğunu vurğulayırdı. Hətta belə festivallardan birini qalibi olan Rəhman Şabanov assosiasiyanın hesabına Ukraynanın "Arsenal" klubunun uşaq komandasında yollanmışdı və yüksək məbləğli təqaüd alırdı(Sonu necə olduğu məlumdur - A.Ə) Həmin layihələrə yüzlərlə, bəzən minlərlə uşaq qatılırdı, hətta çoxlarını inandırmışdılar ki, onlar futbolçu olacaqlar. Eynən, Berlindəki Azərbaycan futbol məktəbindəki uşaqlar kimi.

Bəs, bu 150 min rəqəmi hardan çıxıb? Hər halda, belə bir statistika mövcuddur və federasiyanın rəsmi saytında yerləşdirilib. İşini "möhkəm tutan" AFFA, baş katib Elxan Məmmədovun göstərişi ilə həmin festivallara əylənməyə, vaxtını keçirməyə gələn uşaqları qeydiyyata alaraq, böyük yalanın bünövrəsini qoyub. Bəli, məhz bu şəkildə. Əynində cins şalvar, ayağında çəkmə ilə festivala gələn futbolumuzun "gələcəkləri" qeydiyyata alınaraq, o dövrdən bizlərə futbolçu kimi sırınmağa başlayıb.

Top festivalı əyləncəsindən doyduqdan sonra rayonlara açılmağı və orda olan "istedadları" üzə çıxarmağı qarşısına məqsəd qoyan Elxan Məmmədov, bunun gözünə UEFA və FİFA-nın uşaq futbolu ilə bağlı bir neçə layihəsini də qataraq, ölkəmizin hər yerində futbolçu "tapdı".

Qusarda, Qaxda, Beyləqanda, Gədəbəydə formaları dizlərinə qədər düşən uşaqlar 1-2 günlük layihələrdə iştirak edərək hədiyyələr qazandılar, "futbolçu" oldular. Əllərində şəxsiyyət vəsiqələri ilə yarışa qatılan və 1 saat top dalınca qaçan məktəbli balalar, özləri də bilmədən 150 min nəfərdən birinə çevrildilər. Hələ bu uşaqların arasında bilirsiz nə qədər qız balalarımız var?! Ölkəmizdə varlığı ilə yoxluğu bilinməyən qadın futbolunda çalışanların bundan sadəcə xəbərləri yoxdur. Onlar baş katibin "gördüyü işləri" heçə endirməklə böyük günaha batırlar.

Görəsən AFFA-nın bazasında futbolçu kimi qeydiyyatdan keçən 100 mininci Adil Bayramov indi hardadı? Ömründə 1 saat stadionda top qovub "futbolçu" olan Adil indi hansı komandamızın şərəfini qoruyur?

Bütün yuxarıda sadalananlar böyük bir cinayətin tərkib hissəsidi. Və bu cinayət əməlinin altına qol qoyaraq Azərbaycan futbolunu quyunun dibinə atanlar bir gün bu əməllərinə görə cavab verməli olacaqlar.

Araz Əhmədov
icmal/az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.