Göyçayda toqquşan üç baş: oliqarx qardaşı, başçı “qoçu”su və…

19-01-2020, 18:59           
Göyçayda toqquşan üç baş: oliqarx qardaşı, başçı “qoçu”su və…
89 saylı Göyçay-Ağdaş seçki dairəsi maraqlı seçki mübarizəsi yaşanacaq yerlərdən biridir. Reportyor.info xəbər verir ki, bu dairədə əsas namizədlərdən biri Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat Şöbəsi müdirinin müavini Məzahir Əfəndiyevdir.

Digər namizəd göyçaylı oliqarx Fərhad Əhmədovun qardaşı, “AzNar” QSC-nin baş direktoru Teymur Əhmədovdur.

YAP-ın bu dairədən namizədi isə adı müxtəlif qalmaqallarda çəkilən, Göyçayın icra başçısı Mehdi Səlimzadənin adamı, İH-də şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Rəşad Şükürovdur.

Məzahir Əfəndiyev əslən Ağdaş rayonundandır. Deyilənə görə Ağdaşın keçmiş deputatı bankir Çingiz Əsədullayevin seçki kampaniyasının fəallarından biri olub. Ç.Əsədullayev isə MTN şefi olmuş Eldar Mahmudovun yaxın adamı olub, “AG Bank”ı şərik işlədiblər.

MTN ləğv edilən kimi Əsədullayevin mandatı əlindən alındı və Ağdaşda təkrar seçkidə başçı müavini Cavid Osmanov deputat edildi. İndisə E.Mahmudovun şərikinin seçki kampaniyasını aparmış M.Əfəndiyev deputatlığa iddialıdır.

İcra başçısının namizədi sayılan Rəşad Şükürova gəlincə, adı rayonda müxtəlif özbaşınalıqlarda hallanıb. Bir müddət öncə R.Şükürov başına dəstə toplayaraq “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına hücum çəkmişdi.

Rəşad Şükürov nəinki kənd bələdiyyələrinin və icra nümayəndələrinin, yerli sahibkarların da “torbasını tikmək”lə məşğuldur. Həm də özü yerli sahibkarlardan sayılır.

Ona məxsuz rayonun Potu və Hüngütlü kənd ərazisində hektarlarla torpaq sahəsi, fermer təsərrüfatı, bir neçə ticarət obyektləri və mebel sexi var. O öz vəzifəsindən istifadə edərək rayon tikinti monopoliyasını əlinə keçirib.

Media üzərindən xəbər veririk ki, onun icazəsi olmadan məhşur tikinti şirkətlərinin gündəlik satılan mallarından bir neçəsi, xüsusən də sementin rayonda satışı qeyri-mümkündür.

Kim istəsə bu işlə məşğul olsun şərlənərək müflis olur. Onun bu hərəkətləri təkcə bununla bitmir. Şükürova məxsuz Potu kənd ərazisində hər tərəfi hündür divarlarla əhatə olunan ora nəinki, vergi işçisi, heç quş da düşə bilməz.

Nəhayət, oliqarx, göyçaylı iş adamı Fərhad Əhmədovun qardaşı Teymur Əhmədov dairənin üçüncü əsas namizədidir. Yeri gəlmişkən, F.Əhmədovla icra başçısı M.Səlimzadə az qala düşmən kimidirlər.

İndi iş adamının “AzNar”a direktorluq edən qardaşı T.Əhmədov başçının adamı və M.Əfəndiyevlə eyni dairədə kəllə-kəlləyə gələcək.

Adı “Forbes” jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur. Hazırda Rusiyanın ən zəngin adamlarından biridir.

Vaxtilə Bakıdan Rusiyaya gedəndə isə cibində cəmi 48 rubl pulu olub. Adı xeyriyyəçiliklə yanaşı, qalmaqallı olayların əsas fiqurantı kimi də tez-tez mətbuatın gündəminə gəlir.

Biznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı – 41 yaşlı Tatyana Əhmədova onu qoyub qaçıb. Ardından Tatyana Əhmədova Fərhad Əhmədova qarşı iddia qaldırıb, onun varidatının yarısına sahiblənmək üçün məhkəməyə üz tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.