"Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib"

25-01-2020, 06:53           
"Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib"
Hamı qidalanır, biri çox, o biri az yeyir, biri hər gün kürü ilə, başqası şorla səhər süfrəsi açır, birinin evində hər gün bozbaş bişir, plov dəmlənir, dolma hazırlanır, o birisi yavan çörəklə baş aldadır, birisi yeyib-içməyə, pul xərcləməyə restoran, o birisi borclarını ödəməyə imkan axtarır. Yəni hərə birtəhər dolanır, amma onların çox az hissəsi normal yaşayır və inkişaf edir. Çünki, insanın inkişafı keyfiyyətli təhsil və səhiyyə sisteminin əlçatanlığından asılıdır. Təhsil gələcəyə, səhiyyə isə sağlamlığa bağlı olduğundan hamımız bu iki sahədə gedən proseslərin iştirakçısı oluruq.

Mənim qənaətimə görə, son illər xüsusilə ali təhsil sahəsində (bir neçə Universitetin timsalında) keyfiyyət dəyişiklikləri müşahidə edilsə də səhiyyə sahəsində demək olar ki, hər gün geriyə gedirik. Bu özünü aşağıdakı istiqamətlərdə gösrtərir.

Biricinsi, dövlətin səhiyyəyə ayırdığı vəsaitlə yanaşı, əhalinin sağlamlığına yönəltdiyi xərclər də durmadan artır.
İkincisi, tibb xidmətlərinin bahalığı bir tərəfdən ictimai səhiyyəyə əlçatanlığın azalmasına, digər tərəfdən də onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Üçüncüsü, pis idarəçilik və səhiyyədə kommersiyalaşma ucbatından bütövlükdə tibb müəssisələrinə, ayrıca götürdükdə isə işgüzar həkimlərə etimad azalır, milli səhiyyə sistemi nüfuzunu itirir. Belə vəziyyətdə maddi vəziyyətindən asılı olaraq imkanı çatanlar müayinə, müalicə və əməliyyat üçün İrana, Rusiyaya Gürcüstana, Türkiyəyə, Almaniyaya, ABŞ-a və digər ölkələrə üz tuturlar.

Bütün bunlar illərlə davam edir. Nə 70 illik ömrünün son 15 ilində bu vəzifəni daşıyan səhiyyə naziri, nə də axır vaxtlar islahatlardan danışanlar səhiyyəyə toxunmur. Son zamanlar icbari tibbi sığortadan da yeni xəbər yoxdur. Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib.

İllərlə dəyişməyən Azərbaycan səhiyyəsi isə inhisarçı dərman şirkətləri ilə birlikdə girdablarına düşən kasıb insanlara yeni xəstəliklər, yeni dərdlər mübtəla edır. Allah bütün xəstələrə şəfa versin.

Qubad İbadoğlu, İqtisadçı alim












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.