Səhiyyəmizin bəlası:“Onkoloji şiş”ə çevrilən Kəmaləddin Qafarov Binəqədi seçicilərindən nə istəyir?! - Araşdırma

27-01-2020, 11:37           
Səhiyyəmizin bəlası:“Onkoloji şiş”ə çevrilən Kəmaləddin Qafarov Binəqədi seçicilərindən nə istəyir?! - Araşdırma
Teref.az yazır ki, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, özünü buraxmış Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, “AzəriMed” şirkətinin sahibi Kəmaləddin Qafarov 9 saylı Binəqədi II seçki dairəsindən YAP-ın namizədi kimi yenidən deputat olmaq eşqinə düşüb. Seçib-seçilmək hər bir vətəndaşın konstitusion hüququdur. O cümlədən, K.Qafarov da bu hüquqdan yararlana bilər. Amma Milli Məclisə deputat seçilmək istəyən şəxsin ən azından seçiciləri arasında nüfuzu olmalıdır. K.Qafarovun isə seçildiyi dairədə nəinki nüfuzu yoxdur, hətta onu tanımırlar belə. Adıçəkilən seçki dairəsini əhatə edən ərazilərdə apardığımız qısa sorğular nəticəsində aydın oldu ki, K.Qafarov adlı deputatın varlığından əhalinin xəbəri yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə “susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir. Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Rayon ictimaiyyəti K.Qafarov adlı deputatın varlığından belə xəbərsiz olsalar da, siyasi cəhətdən aktiv insanlar bu şəxsin qaranlıq fəaliyyətindən xəbərdardırlar. Millət vəkilliyinə iddialı olan bu adamın insani keyfiyyətlərinin nədən ibarət olmasını anlamaq üçün onun direktor müavini olduğu Milli Onkologiya Mərkəzinin mövcud vəziyyətinə baxmaq kifayət edir. K.Qafarov sözün həqiqi mənasında millətin vəkili olmaq niyyətindədirsə, Onkologiya Mərkəzində ölümlə üz-üzə qalan insanların hansı məşəqqətlərə məruz qaldığını görməli və susmamalı idi. Rəhbərlik etdiyi mərkəzi “morq”a çevirən və xəstələrin canı üzərindən milyonlara sahiblənən birisindən haqq-ədalət, mərhəmət gözləmək olarmı?
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda, ilk müraciət etdikləri zaman müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
Bundan başqa:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.
Respublikamızı cənginə alan onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin başlarına yuxarıda göstərilən formada oyun açılması hansı məntiqə, qanuna və əxlaqa sığır? Orada baş verənlərdən K.Qafarovun xəbəri yoxdurmu? Ölüm ayağında olan insanların yaxınlarını müxtəlif vasitələrlə son qəpiyinə qədər soyan müəssisənin rəhbər postunda çalışan birisi öz seçicilərinin qarşısına hansı üzlə çıxmaq niyyətindədir?

Kəmaləddin Qafarov hansı pulların hesabına oliqarxa çevrilib?!...

Yuxarıda qeyd etmişik ki, K.Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb.
Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir.
Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır.
2018-ci ildə MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb.
“Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur.
Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
“Azeri Med” MMC (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.
Bu faktlar üzə çıxandan sonra ictimaiyyət nümayəndələri haqlı olaraq, K.Qafarova aşağıdakı formada müraciət etdilər: “Sənin kifayət qədər imkanın var ki, ölkənin saysız-hesabsız digər iqtisadi, biznes sahələrinə girişib bundan da xeyli çox, asan, hazır gəlir əldə edəsən. Amma, axı 43 milyon onkoloji xərçəng xəstələri üçün ayrılmış puldur, dünyanın ən müdhiş qan-qadalı xəstəliyinə tutulmuş, bədbəxt insanların vəsaitidir!”

Deputat sarıdan bəxti gətirməyən Binəqədi...

Binəqədi rayonunun deputat sarıdan heç vaxt bəxti gətirməyib. Bu günə qədər seçilən deputatların heç biri seçicilərin rəğbətini qazana bilməyərək, əksinə, ictimai qınaq obyektinə çevriliblər. Dələduzluğu ilə respublikada ad çıxaran Rəfael Cəbrayılov isə Binəqədi deputatlarının tarixinə son möhürünü vurdu. Milli Məclis buraxılandan sonra Binəqədi sakinləri ümid edirdilər ki, nəhayət yeni namizədlə yeni gələcəyə doğru gedəcəklər. Keçmişi və bu günü ləkəli olan K.Qafarovun yenidən meydana çıxması isə seçiciləri əməlli başlı narahat etməyə başlayıb. Seçicilərlə görüşümüz zamanı K.Qafarova deyiləsi sözlərin, müraciətlərin çoxluğu daha geniş məqalələrin ortaya çıxması zərurətini yaratdı. Gələn yazılarımızda seçicilərin yenidən deputat olmaq istəyən K.Qafarov barəsində söylədikləri fikirlərə geniş yer ayıracağıq.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir.
Ardı var...
Araşdırma qrupu
mənbə:/diaspor.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.