Həqiqi qazilər cəbhəyə üz tutur, saxta “qazi”lər isə dövlətin mülkünü zəbt edir FOTO

23-09-2020, 12:37           
Həqiqi qazilər cəbhəyə üz tutur,
Azərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir, ehtiram göstərilir. Məsələn Qarabağ müharibəsi qaziləri, şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən tam qayğı ilə əhatə olunub, əhali arasında da bu şəxslərə böyük hörmət göstərilir. Lakin bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışırlar. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək qanunsuz əməllərinə göz yumulmasını tələb edirlər.

“Report”un məlumatına görə, düşmənlə təmas xəttindən həyəcanlı xəbərlərin gəldiyi bu günlərdə gerçək döyüşçülər, həqiqi veteranlar cəbhəyə üz tutur, ordumuzun, əsgərlərimizin yanında olmağa çalışır, onlarla çiyin-çiyinə vuruşmağa can atırlar. Lakin bəzi saxtakarlar isə müharibə veteranı adından istifadə edib Bakıda xalqın torpağını zəbt edib, özünə biznes qurmaq haqqında planlar cızır.

Qarabağ, Vətən, Torpaq, Bayraq, Şəhid, Qazi kimi hər bir Azərbaycanlı üçün müqəddəs hesab olunan məfhumlardan istifadə edib özünə “biznes” quranlardan biri də Məmmədov Bəxtiyar Lətif oğludur. Milli qəhrəman, ikinci qrup əlil olduğunu deyən Bəxtiyar Məmmədov özünü qanunların fövqündə xüsusi imtiyazlı şəxs hesab edir. Maklerliklə məşğul olan Bəxtiyar Məmmədov qanunsuz tikinti işlərinə də pul müqabilində havadarlıq edir.


Məsələn Sadiqov Tofiq Orucəli oğlu Biləcəri qəsəbəsində 500 mm-lik Şirvan-Böyükşor neft kəmərinin 10 metrliyində 4 sot boş torpaq sahəsini zəbt edib. O Biləcəri Bələdiyyəsindən aldığı saxta sənədləri əsas gətirərək burada ev tikmək istəyir. Lakin qanunvericiliyə əsasən neft kəmərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Elə buna görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Tofiq Sadiqova zəbt etdiyi ərazidə tikinti işlərinin aparılmasına icazə vermir. Bundan sonra Tofiq Sadiqov Bəxtiyar Məmmədova müraciət edib. Bəxtiyar Məmmədov isə “Qarabağ qazisi” adından istifadə etməklə hay-küy salaraq, qalmaqal yaradaraq tikintini başa çatdıracağını deyib, bunun müqabilində isə Tofiq Sadiqovdan 4 min manat pul alıb.



Mühafizəçilər tərəfindən sentyabrın 19-da zəbt olunan torpaq sahəsində təməlqoyma işlərinin aparıldığı aşkarlanıb. Özünü tikintinin sahibi kimi təqdim edən Bəxtiyar Məmmədov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

“Mən bu torpaq uğrunda can qoymuşam, erməni generalın başını gətirmiş adamam, kimsə gəlib buradan bir dənə daş götürərsə, and olsun Allaha, onun qollarını qıraram” – deyə mühafizəçiləri və polis əməkdaşlarını təhdid edib.

Əslində, torpaq uğrunda həqiqətən can qoyan oğullar yeri gəldi-gəlmədi bu kəlməni dilinə gətirməz. Kim ki, müharibə veteranıyam deyib yaxasını cırırsa, buna görə nəsə tələb edirsə, həmin insanların səmimiyyətinə şübhə ilə yanaşmaq lazımdır. Ehtimalımız özünü doğrultdu, az qala hər sözünün əvvəlində “torpaq uğrunda can qoymuşam” deyən Bəxtiyar Məmmədovun müharibə veteranı adından istifadə edən saxtakar olduğu ortaya çıxdı. Müharibə vaxtı 15-16 yaşı olan Bəxtiyarın döyüşlərdə iştirak etməsi heç də inandırıcı görünmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumat da bunu təsdiq etdi. Belə ki, “Sosial ödənişlər” alt sistemində Bəxtiyar Məmmədovla bağlı heç bir məlumatın olmadığı bildirildi. Halbuki o həqiqi müharibə veteranı olsaydı, 80 manat təqaüd alardı və onun adı mütləq sistemə daxil edilərdi.



Bəxtiyar Məmmədov öz çirkin əməllərinə anasını da alət edib. Belə ki, o “toxunulmaz” şəxs imicini gücləndirmək üçün qardaşının müharibədə şəhid olduğunu bildirir, bunun təsdiqi kimi də anası üçün düzəltdirdiyi saxta vəsiqəni təqdim edir. Lakin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən bu vəsiqənin saxta olduğu, onun seriya nömrəsinin başqa bir şəhid ailəsinə məxsus olduğu bildirilib.



Bəxtiyar Məmmədov müharibə veteranı adından başqa, müxtəlif qeyri-hökumət təşkilatlarının üzvü olmasından da istifadə edir. O özünün ictimai fəal obrazını yaratmaqla qanunsuz əməllərinin üstünü örtməyə çalışır. Əslində isə o ictimai fəal yox, cinayətkardır. Araşdırmamız zamanı məlum oldu ki, o 2019-cu ildə xeyli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq əməlinə görə həbs olunub. Onun hazırda komendaturada qeydiyyatda olduğu təxmin edilir, şərti məhkumluq müddəti isə 2021-ci ilin fevral ayında bitir.



Görünən odur ki, Bəxtiyar Məmmədov uzun müddətdir planlı şəkildə saxta vəsiqələr, qanunsuz sənədlər düzəldərək insanları, dövlət orqanlarının əməkdaşlarını aldatmağa çalışır. O törətdiyi bir cinayət əməlinə görə cəzası bitməmiş başqa cinayətlər törədir. Bütün bunlar onu deməyə əsas verir ki, Bəxtiyar Məmmədovun azadlıqda qalması cəmiyyət üçün böyük təhlükə mənbəyidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.