Qubadlı 27 ildir işğalda, başçısı 19 ildir kresloda – İsaqovdan faktlar…

24-09-2020, 00:02           
Qubadlı 27 ildir işğalda, başçısı 19 ildir kresloda – İsaqovdan faktlar…
Gəncənin iki rayonu – Kəpəz və Nizaminin ləğv olunması yerli idarəetmə strukturlarında əsaslı dəyişiklikləri labüd edir. Bu prosesi başlanğıc da saymaq olar və icra hakimiyyətlərinin ləğvi əyalətlərdə idaretmədə effektivliyi artıra bilər.

İqtisadçıların fikrincə, ilk növbədə işğal edilmiş rayonlarımızın İH strukturlarını demontaj etməkdən başlamaq lazımdır. Çünki işğalda olan bölgələrimizin İH-lərinin fəaliyyəti büdcəyə izafi xərc, məmurlara korrupsiya mənbəyi olmaqdan başqa işə yaramır.

Hətta elə rayonlar var ki, icra başçısı 20 ildən yuxarıdır vəzifədədir və heç bir iş görmür, müxtəlif tender firmalarının hesabına pul silir, təhsil, maliyyə, səhiyyə şöbələrində yığımla güzəranını yaxşılaşdırır.

Reportyor.info yazır ki, onlardan biri 27 ildir işğalda olan Qubadlıdır. Bu rayona 2001-ci ildən Malik İsaqov rəhbərlik edir.

19 ildir ki, icra başçısı olan M.İsaqovun indiyə qədər hər hansı fəaliyyətini, Qubadlı rayonuna aid bir işini, köçkünlərin problemlərinin həlli istiqamətində təşəbbüsünü, yardımını görən olubmu?

Hətta oxucuların əksəriyyəti təsdiqləyər ki, Malik İsaqov adlı icra başçısının adını ilk dəfə eşidirlər. Rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Məlumdur ki, qubadlılı məcburi köçkünlər əsasən Sumqayıtda məskunlaşıblar.

O deməkdir ki, onların istər sosial məsələləri, işlə təmin olunması, kommunal və başqa məsələləri elə Sumqayıt sakinləri kimi eyni coğrafi məkanda, ərazidədir. O halda Qubadlı İH-nə nə ehtiyac var? M.İsaqov 19 ildir nəylə məşğuldur?

Əgər İH rəhbərinin tikintiyə sərəncam vermək və s. səlahiyyətləri yoxdursa, icra başçısının o kresloda 19 il iş-gücü nədən ibarət olub?! Qəribədir, 19 ildə əksər icra başçıları dəyişib, yerdəyişmələr aparılıb. Amma deyəsən, M.İsaqov Qubadlıya ömürlük başçı təyin olunub.

İH-nin rəsmi saytına da nəzər yetirməklə fəaliyyətsizliyin şahidi ola bilərsiniz. Qubadlı İH elektron səhifədə başçı müavinləri və köməkçi nömrələri yazılsa da, ad-soyadları qeyd olunmayıb. Saytda bir neçə siyasi materiallar, Türkiyə, Rusiya və Qarabağla bağlı məqalələr yerləşdirilib, koronavirusla bağlı görülən işlərdən bəhs olunub.



Qeyd edilir ki, Qubadlı rayonundakı bu ünvanlarda dezinfeksiya işləri aparılıb. Amma bunları İH-nin öz adına çıxarması absurddur. Çünki sözügedən ünvanlar Sumqayıta aiddir: Sumqayıt şəhəri 47-ci məhəllədə (183 ailənin məskunlaşdığı) 11,12,13,14 saylı binalarda, Sumqayıt şəhər 9 mkr (201 ailənin məskunlaşdığı) 29, 30, 31 saylı binalarda və 11 mkr ərzaisində yerləşən 2 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri 4-cü məhəllədə (201 ailənin məskunlaşdığı) yerləşən 1 və 2 saylı, 3 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində (130 ailənin məskunlaşdığı) SU-13 idarə binasında, dəmir beton zavodunun idarə binası, Ağac Emalı Zavodunun idarə binası, Köhnə Taksi matornunun idarə binası, taksi matornunun qarajında, Sumqayıt şəhəri 12 mkr (450 ailənin məskunlaşdığı) 1, 2, 3, 4, 5, 6 saylı binalarda sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Məsələ burasındadır ki, hökumət İH-lərin ləğvini həyata keçirməyə başlasa, belə işləri köçkünlərin daimi yaşadığı Sumqayıtın epidemioloji mərkəzi onsuz da icra edəcək. Amma M.İsaqov elə təqdim edir ki, İH tərəfindən köçkünlər yaşayan ərazilərdə sanitar-dezinfeksiya işləri həyata keçirilib.

Onu da deyək ki, mediada gedən iddialara görə, M.İsaqovun Sumqayıt və Bakıda obyektləri var və həmin müəssisələr yaxınları tərəfindən idarə olunur. Hətta Bayılda tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. Bütün bu məqamlarla bağlı Qubadlı İH-nin mövqeyini işıqlandırmağa hazırıq.

7News.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.