Hesablama Palatasının Abşerondakı biabırçılığın heç də hamısını hesaba almayıb – Amma yenə də başçının başı ağrıyacaq

9-04-2015, 11:07           
Hesablama Palatasının Abşerondakı biabırçılığın heç də hamısını hesaba almayıb – Amma yenə də başçının başı ağrıyacaq
Məlum olduğu kimi, bir sıra dövlət qurumlarının və məmurların qara kabusuna çevrilmiş Hesablama Palatası Abşeron rayon təhsil idarəsində də ciddi nöqsanların olmasını təsdiqləyən faktları təqdim etdi.

Faktlarda deyilirdi ki, Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair aparılan audit nəticəsində məlum olub ki, şöbə tərəfindən xərc maddələri üzrə proqnoz göstəriciləri hazırlanarkən bir sıra hallarda müvafiq normativ-hüquqi aktların bəzi tələbləri gözlənilməyərək müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb.

Hesabata əsasən, ayrı-ayrı təşkilatların xərc maddələri üzrə real tələbatları düzgün nəzərə alınmayıb, zərurət olmadığı halda xərc smetalarında dürüstləşmələr aparılıb, lakin xərc edilməyib, bəzi hallarda Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatı dəyişdirilib.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tələblərinə düzgün əməl edilməyərək evdə fərdi təhsilə cəlb olunan uşaqların valideynlərinə uşaqların xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün yol pulu müavinəti, həmçinin evdə fərdi təhsilə cəlb olunan uşaqlara görə dərs deyən müəllimlərin əmək haqqına 50% əlavə edilərək, Uşaq Gənclər İdman Məktəbi üzrə 3 qrup və Texniki Yaradıcılıq Mərkəzi üzrə 2 qrup fəaliyyət göstərmədiyi halda faktiki keçirilməyən dərsdənkənar məşğələlərə (fakültativ və maraq dərnəklərinə) görə müəllimlərə, digər müəllimlər tərəfindən dərslər əvəz edilmədiyi halda həmin müəllimlərə artıq əmək haqqı, respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin təşkili və keçirilməsinə ayrılan xərclərin normalarının tələblərinin bəzi hallarda gözlənilməməsi nəticəsində artıq ezamiyyə xərci, məşqçi müəllimlərə və məktəbin rəhbər işçilərinin vəzifə maaşlarına 15% əlavə nəzərdə tutulduğu halda, həmin əlavə ümumi aylıq əmək haqqının məbləğinə hesablanıb və ödənilib.

Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə əməl olunmayaraq orta məktəblərdə müvafiq laboratoriya avadanlıqları olmadığı halda 4 laborant ştatı saxlanılıb və müvafiq ödənişlər aparılıb, rayon ümumtəhsil məktəbləri kabinet sistemi ilə fəaliyyət göstərmədiyi halda, eləcə də müasir tədris avadanlığı və didaktik materiallarla təmin olunmadığı halda kabinə müdirliyinə görə əlavə əmək haqqı, şagirdlərin sayının az komplektləşdirilməsi nəticəsində Saray, Ceyranbatan, Novxanı və Görədil qəsəbələrində yerləşən orta məktəblərdə audit dövrü ərzində ümumilikdə 10 sinif komplekti artıq saxlanılaraq vəsait ödənilib, həmçinin istifadə olunmasına dair müvafiq təsdiqedici sənədlər olmadan dəftərxana ləvazimatları və təsərrüfat malları uçotdan silinib.

Abşeron rayon Təhsil Şöbəsi tərəfindən təqdim edilən məlumatlarda məktəbdənkar müəssisələr üzrə 5 qrupun fəaliyyətinin dayandırıldığı, kabinə müdirliyinə görə əlavə haqqın ödənilməsinin tam dayandırıldığı qeyd olunub. Eyni zamanda, 12 nəfərə qarşı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 baş mühasibə, 1 aparıcı məsləhətçiyə, 5 məktəb direktoruna töhmət verilib, 5 məktəb direktoruna isə xəbərdarlıq edilib.

DİA.AZ xatırladır ki, əslində hələ keçən ilin noyabr ayının 24-də Hesablama Palatası Abşeron rayon təhsil şöbəsində müvafiq yoxlamaların həyata keçirilməsi ilə bağlı qərarını elan etmişdi. Və aydın olur ki, Hesablama Palatası çox ciddi faktları açıqlayıb. Amma burada yetərincə qaranlıq məqamlar da var.

Bu barədə dia.az-ı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Abşeron rayon təhsil şöbəsində aşkara çıxarılan faktların heç də hamısı Hesablama Palatasının hesabatında əks olunmayıb. Rayondakı qaynaqdan sızan informasiyaya görə, konkret olaraq yerli təhsil idarəsinin rəhbərliyinə Abşeron rayon icra hakimiyyətinin başçısı tərəfindən Hesablama Palatasının müfəttişlərinin «razı salınması» ilə bağlı göstəriş verilib.

Mənbənin söylədikləri: «Amma görünəni odur ki, müfəttişlər tam razı salınmayıb və ortaya nöqsanlar da çıxarılıb. Bu isə təbii ki, icra başçısının özü üçün də birbaşa olaraq mənfi haldır».

Mənbə iddia edir ki, artıq HP-nin faktları ilə əlaqədar yerli təhsil idarəsinin rəhbərliyində dəyişiklik qərarı verən Təhsil Nazirliyinin bu addımı yeganə cəza tədbiri olmayacaq. Dia.az-a daxil olan məlumata görə, eyni zamanda Abşeron RİH başçısı Zakir Fərəcovun özünün də HP zərbəsindən nəsibi var: «Təbii ki, uzun müddətdir, bir sıra qüvvələr Fərəcovu devirməyə çalışır. İndi ələ gözəl fürsət düşüb və mütləq dəyərləndiriləcək. Çünki yerli TŞ-nin nümayəndələri aşkar şəkildə izahat veriblər ki, bəs Zakir Fərəxovun tləb etdiyi aylıq haqqın ödənilməsi üçün onlar ad müxtəlif maxinasiyalara getmək zorundadırlar».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.