Masallı İcra hakimindən dəhşətli sözlər: "işıq pulunu ödəyə bilmirsənsə, get özünü öldür...."

22-06-2015, 12:19           
Masallı İcra hakimindən dəhşətli sözlər: "işıq pulunu ödəyə bilmirsənsə, get özünü öldür...."
Bir neçə gün öncə muxalifet.az saytında "Vaqonda yaşayan Masallı sakininin harayı” sərlövhəli yazı dərc etmişdik. Xatırladaq ki, həmin yazı Masallı rayon Əhmədli kənd sakini Vəliyeva Humay Vəli qızı tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu əsasında hazırlanmışdı.

Müəllif Masallıda baş alıb gedən qanunsuzluqlardan şikayət edirdi: "Masallı rayonunda özbaşınalıq baş alıb gedir. Əmək və Əhalinin Sosial Müdafiəsu Fonundu tərəfindən 8 inəyi olan, Rusiya şəhərində yaşayan şəxsə 200 manat ünvanlı sosial yardım təyin olunur. Çünki maddi maraq var, 50/50-yə razılaşırlar. İmkanı olmayan şəxsi isə süründürərək 60 manat ünvanlı sosial yardım yazırlar. Bəzi imkansız ailələr isə bir ildən yuxarıdır ki, növbə gözləyirlər. Belə faktlar çoxdur. Şikayət olunsa da, baxan yoxdur”.

Vaqonda yaşadığını deyən Humay Vəliyeva yazır ki, 2012-ci ildə işıq sayğacı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb: "Həmən vaxtda Masallı rayon işıq idarəsinə və polis bölməsinə yazılı müraciət etdim. Masallı Rayon işıq idarəsinin həmən vaxtdan 2015-ci ilin mart ayına kimi sayğac qoymaq imkanı olmamışdır. 2015-ci ilin mart ayında vaqonuma sayğac gətirib qoyublar. Aprel ayının əvvəlində 250 manat cərimə yazaraq işıq xəttimi kəsiblər. Artıq 3 illdir ki, 2 azyaşlı uşağımla şam ışığında vaqonda yaşayıram”.

Şikayətçi bildirir ki, məlum məsələ ilə bağlı icra başçısının qəbulunda olub: "Masallı rayon İcra Hakimiyyətinin qəbulunda olmuşam. Mənə deyiblər ki, get başına çarə qıl. Sayğacım olduğu vaxtlarda hər ay 1 manat, 2 manat, ən çoxu 3 manat pul yazıb. Masallı rayon işıq idrəsinin maddi marağı yox idisə, nə üçün indiyə kimi sayğac qoymamışdır?! 10 dəqiqənin içində isə 250 manat cərimə yazır”.

Humay Vəliyeva deyir ki, ayda cəmi 60 manat sosial yardım aldığı halda 250 manatlıq cəriməni ödəmək imkanı yoxdur: "Mən 60 manat ünvalı sosial yardım alıram. 2 azyaşlı övladım var. 60 manat pulla övladlarımı saxlayım, ya işıq idarəsinin kef üstündən yazdığı 250 manat cəriməni ödəyim?! İndi deyin görüm Masallı rayonunun sahibi varmı? Mənim şikayətimə baxan olacaq, ya mən vətəndaşlıqdan imtina edim? Xahiş edirəm mənə yol göstərin, 3 ildir körpə uşaqlarımla işıqsız otururam”.

Qeyd edək ki, saytımızda işıq üzü görən bu məqalədən sonra Humay Vəliyeva İşıq İdarəsinin müdiri Allahverdi İsmayılovun qəbulunda olub: "Mənə bildirdi ki, get, canın çıxsın yazılan cəriməni ödə. Ödəməsən işığın yanmayacaq, işıqsız da otura bilərsən, məni narahat etmə! Vəziyətimin çətin olduğunu desəm də, məni dinləməyi belə lazim bilmədi”.

Şikayətçi yazır ki, daha sonra qarşılaşdığı problemlə bağlı rayon İcra Hakimiyyətində olub: "İcra başçısı mənə dedi ki, işıq pulunu ödəyə bilmirsənsə, get özünü öldür, dovlət uşaqlarına sahib çıxacaq. Bəs, görəsən, bu dövlət sağlığımda mənə köməklik göstərmirsə, öləndən sonra övladlarıma necə sahib çıxacaq?!”

Onu da qey edək ki, Cənub Regional Enerji Təchizatı və satışı idarəsi tərəfindən 17 iyun 2015-ci il tarixdə şikayətçiyə cavab məktubu gəlib. Ona bildirilib: "12.02.2015 il tarixdə Masallı EŞ-nin əməkdaşları tərəfindən yaşayış evinizə baxış keçirilən zaman evinizdə quraşdırılmış sayğacın işləmədiyi müəyyən edilmiş və buna görə də Elektrik Enerjisindən istifadə qaydalarının pozulması haqqında 129.6 manat məbləğində 015543 nömrəli akt tərtib edilmişdir. Dövriyyəniz təhlil olunarkən son 34 ay ərzində istifadə olunmuş elektrik enerjisinə görə heç bir ödəniş etmədiyiniz aydın olunmuşdur”.

Bu baxımdan vətəndaş sual edir: "12.02.2015-ci il tarixdə mənim evimdə sayğac olub ki, onun işləmədiyini müəyyən etsinlər?!”.

Şikayətçi bir daha xatırladır ki, onun yaşadığı vaqona qoyulmuş sayğac 2012-ci ildə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb:

"Mənim həmin tarixdə həm işıq idarəsində, həm də polis bölməsində ərizəm var. Necə olur ki, İşıq idarəsi mənim vaqonumda sayğac olmaya-olmaya mənə rəsmi məktub göndərir ki, sayğacım işləmədiyi halda mənə cərimə yazilib. Mən ərizəmdə qeyd etmişdim ki, mənim 3 ildir işığım yanmır. İşıq yanmadığı halda görəsən işıq idarəsinə pulu nəyə görə ödəməliydim?!

İşıq idarəsinin rəhbəri Allahverdi İsmayılov bununla təsdiq edir ki, Masallı rayonunda yalan və böhtan ayaq tutub yeriyir. Rəhbərlər sübut etməyə çalışırlar ki, fakt öz faktlığında qalsa da, qatığa qara desək, demək qaradır. Mənim vaqonumda sayğac olmadığı halda yazıblar ki, "sayğacım işləmədiyi üçün mənə cərimə yazılıb”. Olmayan sayğac necə işləyəcəkdi?!”

Humay Vəliyeva deyir ki, onun yaşadığı vaqona 2015-ci ilin mart ayının əvvəlində yeni sayğac qoyulub: "2015-ci ilin mart ayının axırında 250 manat borc göndərilərək elektrik enerjisi verilməsi dayandırılıb. Qısası, körpə azyaşlı uşaqlarımın işıq görməsinin sevincini 1 ay yaşamadıq. İndi siz deyin, mən haqsızam? İşıq idarəsi 3 ildir sayğac qoymursa, onun günahı məndədir, yoxsa işıq idarəsində?!”.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.